Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması

posted in: Xəbər | 0
birbank biznes

Vergi məqsədləri üçün gəlirdən çıxılmalar

Gəlir, onun əldə edilməsinə çəkilın xərclərin təsnif edilməsi məhsul, iş və xidmətlərin maya dəyərinə, bununla bağlı ehtiyatların müəyyən edilməsinə birbaşa təsir edir. Mühasibat uçotunun hesablar planının  202 saylı “İstehsalat məsrəfləri” hesabında qeydə alınan məlumatlar vergi və idarəetmə uçotu üçün əhəmiyyətlidir. Eyni zamanda vergi qanunvericiliyində müəyyən edilmiş gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması qaydalarını bilmək də vacibdir.

Mənfəət vergisi hesablanması zamanı gəlirdən çıxılan və çıxılmayan xərclərin müəyyən edilməsi Vergi Məcəlləsinin  X fəslinin uyğun maddələri ilə tənzimlənir.

Vergi uçotu  zamanı gəlirdən çıxılan xərclərin tərkibinin düzgün müəyyən edilməsi müvafiq normativ hüquqi aktlar əsasında müəyyən edilir.  Vergi məqsədləri üçün xərclərin təsnifatı, onların vergi uçotu, gəlirdən çıxılması və sair bu kimi hallarla bizim məqalələrdən geniş məlumat ala bilərsiniz.

Vergi Məcəlləsi gəlirdən xərclərin çıxılması zamanı bir sıra məhdudiyyətlər müəyyən edir.  Məsələn, təmir xərclərinin gəlirdən çıxılması  zamanı bəzi məhdudlaşdırıcı hədlər müəyyən edilib. Faizlər üzrə gəlirdən çıxılmalar  üzrə məhdudlaşdırılmalar VM-in 110-cu maddəsi ilə tənzimlənir. Belə məhdudiyyətlər aşağıdakı hallarda tətbiq edilir:

  • borclar xaricdən alındıqda;
  • əməliyyatlar qarşılıqlı asılı şəxslər arasında aparıldıqda.

Məcəllənin 109-cu maddəsi isə gəlirdən çıxılmayan xərclərin tərkibini müəyyən edir. Amma, bu maddə bəzi bir sıra ödənişləri əhatə etmir, həmin hallar VM-in 119-cu maddəsi ilə tənzimlənir.

Gəlirdən çıxılan məbləğlər necə məhdudlaşdırılır

Məcəllənin 119-cu maddəsi gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması şərtlərini şərh edir. Bu şərtlərə görə istər AR, istərsə də başqa dövlətin ərazisində ödənilən mənfəət yaxud gəlirdən hesablanmış hər-hansı vergi gəlirdən çıxılmır.

Bundan başqa qanunvericiliklə müəyyən edilən qaydalara uyğun hesablanan aşağıdakı məbləğlər gəlirdən çıxılan kimi xarakterizə edilmir:

  • faizlər;
  • maliyyə sanksiyaları;
  • inzibati cərimələr.

Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması zamanı aşağıdakılar istisnadır:

  • gəlirin əldə edilməsi ilə əlaqədar mülki hüquq müqavilələrə görə faiz və dəbbə pulu (cərimə);
  • icranın gecikdirildikdə dəyən zərərin əvəzi kimi ödənilmiş cərimələr;
  • digər analoji cərimələr.

Nümunə 1: Hüquqi şəxs 2020-ci il ərzində Azərbaycandakı fəaliyyətdən 10000, Rusiyadakı fəaliyyətdən 7500 manat mənfəət vergisi ödəmişdir. Həmin il Azərbaycanda əldə etdiyi gəlirləri 82000, bununla bağlı təsdiqedici sənədlərlə 43000 manat gəlirdən çıxılan xərcləri olmuşdur.

2020-ci il üçün mənfəət vergisi:  ( 82000 – 43000 ) * 20% = 7800

Nümunə 2: Fərdi sahibkar rezident şirkət ilə müqavilə bağlamış, həmin xidməti müqaviləyə görə dekabrın sonuna qədər 1 illik olan layihəni təhvil verməli idi. Lakin, razılaşdırılmış tarixə təhvil verə bilmədiyinə üçün cərimə hesablanmışdır. Həmin cərimə fərdi sahibkar tərəfindən gəlirdən çıxıla bilər.

Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması haqqında danışarkən ƏDV ilə bağlı bir məqamı qeyd edək. Düzdür, yuxarıda qeyd etdiyimiz maddədə ƏDV yazılmasa da, yeni başlayan mühasiblər bunu qarışdırdıqları üçün, bildirək ki, siz ƏDV ödəyicisisinizsə qarşı tərəfə ödədiyiniz ƏDV-ni gəlirdən çıxmır, sadəcə əvəzləşdirirsiniz. ƏDV ödəyicisi olmadıqda əvəzləşdirə bilmədiyiniz ƏDV-ni gəlirdən çıxmaq olar.


Print Friendly, PDF & Email