Gəlirdən çıxılan xərclər üzrə vergi uçotu

posted in: Xəbər | 0
birbank biznes

Vergi uçotuİlkin uçot sənədləri və gəlirdən çıxılan xərclər

Sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə nəticəsini qiymətləndirmək üçün onların mənfəətini bilmək lazımdır. Bildiyimiz kimi mənfəət gəlirlə, həmin gəlirlərin əldə edilməsinə çəkilən xərclərin fərqidir. Mənfəətin düzgün qiymətləndirilməsi xərclərin tərkibinin dəqiq analizindən, gəlirdən çıxılan xərclərin normativ hüquqi aktlara uyğun müəyyən olunmasından asılıdır. İstehsal və satışla əlaqədar olan yaxud müəssisə fəaliyyəti ilə bağlı olmayan xərclərin, habelə icbari ödənişlərin düzgün qiymətləndirilməsi təqdim ediləcək mal, iş, habelə xidmətlərin maya dəyərinin hesablanması (yaxud maya dəyərinin kalkulyasiyası)  üçün də zəruridir.

Gəlirdən çıxılan xərcləri düzgün təsnif etmək vergitutma bazasının hesablanması üçün də vacibdir. Vergitutma bazasının hesablanması üçün gəlirdən çıxılan xərclər üzrə uçotun düzgün aparılması zəruridir. Bildiyimiz kimi, vergi ödəyicisinin həyata keçirdiyi əsaslandırılmış, sənədlərlə təsdiqlənən məsrəflər müəyyən şərtlər çərçivəsində gəlirdən çıxıla bilər. İlkin uçotun əsasını təşkil edən bu sənədlər sahibkarlıq subyektlərində mühasibat uçotunun formalaşmasına xidmət edir.

İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən yaxud bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı yaxud elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

Məsələn, bank tərəfindən xidmətlərin göstərilməsi zamanı verilən qəbz yaxud digər ciddi hesabat blankı, onların əsasında ödənilmiş məbləğləri xərc kimi təsdiqləyən sənəd sayılır. Nəzarət-kassa aparatının çeki yaxud mədaxil qəbzi isə xərclərin təsdiqləyici  sənədi hesab edilmir.

Xərclərin uçotu hansı hallarda ayrılıqda aparılır

Vergi ödəyicisi vergi uçotu baxımından müxtəlif əməliyyatlar apara bilər, məsələn:

  • vergi tutulan;
  • vergidən azad olunan;
  • mənfəət(gəlir) vergisinə cəlb edilməyən;
  • qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar əməliyyatlar.

Əgər sahibkarlıq subyektlərində bu əməliyyatlardan ən azı ikisi mövcud olarsa, həmin əməliyyatlar üzrə gəlir və xərc uçotu ayrı-ayrılıqda aparılmalıdır.

Bu zaman həmin əməliyyatlar üzrə bölüşdürülməsi qeyri-mümkün olan xərclər üzrə  gəlirdən çıxılan məbləğ, vergiyə cəlb edilən gəlirlərin ümumi gəlirlərdə xüsusi çəkisinə görə müəyyənləşir.

Nümunə 2: “A” MMC kənd təsərrüfatı məhsulları istehsal edir və satır, habelə bu sahədə təlimlər keçirməklə məşğuldur. Müəssisənin hər iki fəaliyyətini eyni binada, bir elektrik sayğacı vasitəsi ilə həyata keçirir. Müəssisədə birinci fəaliyyətlə 10, ikinci fəaliyyətlə 3 işçi məşğul olur. Daha 2 əməkdaş hər iki fəaliyyətdə çalışır.

Belə olan təqdirdə elektrik enerjisi, 2 əməkdaşın əmək haqqı, habelə digər xərcləri yalnız xüsusi çəki tapılmaqla gəlirdən çıxıla bilər.

Xüsusi çəki yalnız o halda tapılır ki, xərclərin hansı hissəsinin vergi tutulan, hansı hissəsinin isə vergidən azad edilən yaxud mənfəət vergisinə cəlb olunan gəlirə görə çəkilməsinin müəyyən etmək mümkün deyil. Bu mümkün olarsa vergi tutulan əməliyyatlara görə çəkilmiş xərclər tam məbləğdə gəlirdən çıxıla bilər.

Ayrı və müştərək xərclər

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsaslanaraq vergitutuma məqsədləri üçün  gəlirin əldə edilməsi üçün çəkilən xərclər aşağıdakı 2 qrupa ayrıla bilərik:

  1. ayrıca çəkilmiş xərc;
  2. müştərək xərclər.

Birinci qrupa  aşağıdakı əməliyyatların birinə aid edilə bilən xərcləri  aid edə bilərik:
mənfəət vergisinə cəlb edilən;

  • mənfəət vergisinə cəlb edilməyən;
  • vergidən azad əməliyyatlar

Müştərək xərclər:

  • mənfəət vergisinə cəlb olunan;
  • vergidən azad;
  • ümumiyyətlə mənfəət vergisinə cəlb edilməyən əməliyyat çərçivəsində yarana bilir.

Belə xərclərə birdən artıq fəaliyyət üçün çəkilmiş əmək haqqı, onunla bağlı DSMF xərcləri, mühafizə, mühasibat, digər bu kimi xərcləri misal çəkmək olar. Belə xərclər mənfəət vergisi tutulan və tutulmayan əməliyyatlar üçün çəkildiyindən, yalnız xüsusi çəki tapılmaqla gəlirdən çıxıla bilər.

Xüsusi çəki mənfəət vergisi tutulan əməliyyatlardakı gəlirin, ümumi əməliyyatlardakı gəlirə bölünməsi yolu ilə tapılır.


Print Friendly, PDF & Email