Hamiləlik və doğuma görə müavinətin hesablanması necə aparılır?

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Müavinətlərin, o cümlədən, hamiləliyə və doğuma görə müavinətin hesablanması, təyin edilməsi  və ödənilməsi  AR Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edimiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” əsasında həyata keçirilir.

Müavinətin hesablanması zamanı nəzərə alınan qazanc

Gələcək anaya hamiləlik və doğuşdan sonrakı dövr üçün Əmək Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənən məzuniyyət verilir. Hamiləliyə və doğuma görə müavinətin hesablanması bu məzuniyyətin müddətinə uyğun aparılır. Yalnız işləyən qadınların almaq hüququ olduğu hamiləlik və doğuşa görə müavinət işçinin qazancı əsasında hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə əməkhaqqı, yəni:

  • aylıq tarif (vəzifə) maaşı;
  • maaşa əlavələr;
  • mükafatlar;
  • digər ödənclər başa düşülür.

Digər ödənclərə iş vaxtından artıq vaxtda görülən işə görə, gecə vaxtı və çoxnövbəli iş rejiminə görə, boşdayanmalara görə və sair ödəncləri nümunə göstərmək olar.

Hamiləlik və doğuşa görə müavinət müəyyən edilərkən məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər qazanc məbləğinə daxil edilmir (Əsasnamənin 28-ci maddəsi).

Hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alına bilər.

Bu zaman əməkhaqqı məbləği:

  • həmin malların işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə;
  • verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.

Hamiləlik və doğuşa görə müavinət ödənilən zaman nəzərə almaq lazımdır ki,  işçilərə verilən dövlət müavinətlərinə müəyyən güzəştlər nəzərdə tutulub.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı nəzərə almaq lazımdır ki, işçilərə verilən dövlət müavinətlərinə müəyyən güzəştlər nəzərdə tutulub.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması bir iş gününə düşən orta gündəlik qazanc əsasında hesablanır.

Orta gündəlik qazancın hesablanması

Analıq məzuniyyətinin hesablanması üçün bir iş gününə düşən orta gündəlik qazanc işçinin hamiləliyə və doğuma görə müavinət hüququnun yarandığı aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Bir gün üçün orta gündəlik qazanc =  Əvvəlki 12 ayın qazancı / Əvvəlki 12 ayda iş günlərin sayı

Əvvəlki 12 ayın qazancı hər bir ay üçün qazanılmış məbləğlərin adi cəmlənməsi kimi hesablanır.

Sığortaolunanın hamiləlik və doğuşa görə müavinət hüququ yarandığı andan əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmadıqda hamiləliyə və doğuma görə müavinətin hesablanması aşağıdakı kimi aparılır:

  1. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə minimum aylıq əməkhaqqının qüvvədə olan məbləği müəyyən edilir;
  2. Əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayı tapılır;
  3. Birinci mərhələnin nəticəsini ikinciyə bölməklə bir iş gününə düşən orta gündəlik qazanc hesablanır.

İş günlərinin sayı necə müəyyən olunur?

Əvvəlki 12 ayda iş günlərinin sayı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. İş günlərinin sayı Nazirlər Kabineti tərəfindən hər il üçün təsdiq edilən istehsalat təqviminə uyğun aylar üzrə iş günlərinin sayına əsasən müəyyən olunur.

Nümunə 1: İşçinin 12 aylıq qazancı 6000 manatdır. İstehsalat təqviminə əsasən 12 aylıq dövr üçün iş günlərin sayı 243 gündür.  İşçinin orta gündəlik qazancı =  6000  / 243  = 24,69 manat olacaq.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı istehsalat təqvimi ilə müəyyən edilən iş günlərinin sayı məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrlərə düşən aşağıdakı iş günləri qədər azaldılır:

  • əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
  • hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
  • uşaq 3 yaşına çatanadək ona qulluğa görə verilən məzuniyyət dövrü;
  • məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

Bir günə düşən orta gündəlik qazanc müəyyən edildikdən sonra hamiləlik və doğuşa görə müavinət hesablana bilər.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Yuxarıdakı qaydalarla hesablanmış orta gündəlik qazanc və Nazirlər Kabinetinin qeyd edilən 189 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun faiz nisbətləri əsasında orta gündəlik müavinət məbləği müəyyən edilir. Bu zaman nəzərə almaq lazımdır ki:

  • hamiləlik və doğuşa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajı lazımdır;
  • müavinətin aylıq maksimal həddi əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz;
  • faiz nisbəti əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən fərqli olaraq stajdan asılı olmayaraq 100 faiz dəyərində təyin olunur.

Orta gündəlik müavinət məbləğinin yuxarı həddi qaydalara uyğun müəyyən edilmiş aylıq maksimal məbləğin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Müavinətin ümumi məbləği = Gündəlik müavinət * Məzuniyyət dövründə iş günləri

Hamiləliyə və doğuma görə müavinət hesablanarkən ondan yalnız aşağıdakı ödənişlər tutula bilər:

  • aliment;
  • ailə başçısının şikəst olması;
  • ailə başçısının səhhətinin başqa cür korlanması;
  • ailə başçısının ölümünə səbəb olan zərərin ödənişi ilə bağlı məbləğ.

Tutulma məhkəmənin qərarı olduqda həyata keçirilir.

Hamiləlik və doğuşa görə müavinət hesablanması zamanı xüsusi hallar

İşçiyə hamiləliyə və doğuma görə məzuniyyətin təyini zamanı bəzi qeyri-standart hallarla rastlaşmaq olar. Bunlardan bəzilərinə baxaq:

  1. Hamiləliyə və doğuma görə məzuniyyət iş zamanı baş verib, müəssisə, sex, şöbə dayandığı vaxtda da davam edir. Bu zaman müavinət həmin peşə və ixtisas işçilərinə bu müddət üçün verilən qazancın miqdarından verilir və onun yuxarı həddi həmin işçinin ümumi qaydalar üzrə ala biləcəyi müavinət məbləği ilə məhdudlaşdırılır.

  2. Cəmiyyətdən təcrid edilmədən cəzaya məhkum edilmiş şəxslərin hamiləlik və doğuşa görə müavinət almaq hüququ yarandıqda, ona müavinət ümumi qaydalarla verilir. Göstərilən şəxslərə hamiləlik və doğuma görə müavinətin hesablanması məhkəmənin hökmü ilə təyin olunmuş məbləğ çıxılmaqla müəyyən edilən qazancdan hesablanır.

  3. Hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı tələb olunan sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla müəyyən olunur.

  1. Əgər hamiləlik süni yolla dayandırılsa, bu məqsədlə aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə düşən iş günlərinə görə verilir.

Qeyd edilən Əsasnamənin 117-ci maddəsinə görə, sığortaolunan ona təyin olunmuş hamiləlik və doğuşa görə müavinəti almadan vəfat edərsə, almadığı müavinət mərhumla birgə yaşayan ailə üzvünə verilir.

Hamiləliyə və doğuma görə müavinət

Print Friendly, PDF & Email