Nağd alınmış mallara görə ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

Hansı halda vergi ödəyiciləri vergi ödəyicisi olmayan şəxslərdən malları nağd qaydada ala bilər? Nağd alınmış mallara görə ödəmə mənbəyində vergi tutulması necə aparılır?

Nağd alışa icazə verilən mallar

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu hüquqi və fiziki şəxslər arasında aparılan əməliyyatlar zamanı nağd puldan istifadə qaydalarını tənzimləyir. Belə əməliyyatlar həm də nağd pul kütləsinin nağdsız hesablaşma ilə əvəzləməklə bank sisteminin inkişafına təkan verir.

Yuxarıda qeyd edilən qanunun 3.5-ci maddəsi vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən bəzi malların nağd qaydada satın alınmasına icazə verir (vergi ödəyiciləri haqqında bizim vergitutma elementləri haqqında məqaləmizdən oxuya bilərsiniz). Bunlar aşağıdakılardır:

  • kənd təsərrüfatı məhsulları (istehsalçılardan alınan məhsullar istisna olmaqla);
  • əlvan və qara metal qırıntılarının qəbulu;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
  • xam dərinin tədarükü (alışı).

Təcrübədə vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən nağd alınmış mallara görə ödəmə mənbəyində vergi (ÖMV) tutulması ilə bağlı müəyyən suallar yaranır.

Biznes hesabi

Nağd alınmış mallara görə ödəmə mənbəyində vergi

Problemi iqtisadçı ekspert Anar Bayramov vergiler.az saytına nümunələr əsasında aşağıdakı kimi şərh edib.

Misal: Tutaq ki, “AA” MMC vergi uçotunda olmayan şəxslərdən 20.000 manat məbləğində mallar alıb. Bunun 12.000 manatlığı kənd təsərrüfatı mallarıdır. Kənd təsərrüfatı mallarının 5.000 manatı birbaşa kənd təsərrüfatı məhsulları istehsalçısından alınıb. 3.500 manatlıq mal şüşə məmulatı, 4.500 manatlıq mal isə metal qablardır.

Kənd təsərrüfatı istehsalçısı olmayan şəxsdən alınan mallara görə ödənilən 7.000 manatdan (12.000 – 5.000 = 7.000) ödəmə mənbəyində 2 faiz məbləğində, yəni 140 manat vergi tutulmalıdır: 7.000 x 2% = 140 manat.

Kənd təsərrüfatı məhsulu istehsalçısından alınan 5.000 manat məbləğində mal üzrə ödəmə mənbəyində vergi hesablanmır. Çünki Vergi Məcəlləsi kənd təsərrüfatı məhsulu istehsalçılarının gəlirlərini vergidən tam azad edir.

Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 3.500 manatlıq şüşə məmulatı üzrə ödəniş edildikdə ödəmə mənbəyində 70 manat vergi tutulur: 3.500 x 2% = 70 manat.

Şüşə məlumatları da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aiddir.

Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 4.500 manatlıq metal qabların alınması zamanı isə ödəmə mənbəyində hər hansı vergi tutulmur. Çünki metal qablar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısında yoxdur.

Onu da yadda saxlamaq lazımdır ki, vergi ödəyicisi qeyd edilən bütün malların alınması zamanı Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinin tələblərinə uyğun olaraq alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib etməlidir.

Diqqət etməli məqamlar

Ekspert Anar Bayramovun şərhindən göründüyü kimi, nağd alınmış mallara görə ödəmə mənbəyində vergi tutulması zamanı bəzi şərtlərə diqqət etmək lazımdır. Bunlar aşağıdakılardır:

  • nağd alınmış mallar “Nağdsız hesablaşmalar haqqında” AR qanununun 3.5-ci maddəsinə uyğun gəlirmi?;
  • mallar birbaşa kənd təsərrüfatı məhsulları istehsalçısından alınıbmı?

Bu şərtlərə diqqət etməklə həmin əməliyyatlar Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun vergiyə cəlb edilə bilər.

Fiziki şəxslərin əmlak icarəsindən yaranan vergi öhdəlikləri