204 saylı “Hazır məhsul” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Ehtiyatlar üzrə uçot hesabları

Mövcud qanunvericiliyə görə istehsal prosesinin nəticəsi olaraq yaranan hazır məhsulların hərəkəti haqqında ümumiləşdirilmiş məbləğlər 204 saylı “Hazır məhsul” hesabı üzrə uçota alınır. Qeyd edilən uçot hesabı hesablar planının “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsinə (“Ehtiyatlar”) aiddir.

Beynəlxalq maliyyə hesabatı standartlarında ehtiyatların uçotu “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) ilə tənzimlənir.

204 saylı “Hazır məhsul” hesabı aktiv hesabdır. Hesab üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə nizamlanır. 20-ci maddə üzrə açıla bilən hesabların siyahısı aşağıda verilib (yuxarıda qeyd edilən Qaydaların 22.1 bəndi).

Qısamüddətli aktivlər, Ehtiyatlar maddəsinin 20-ci maddə üzrə açılan hesablar

204 saylı “Hazır məhsul” hesabı

Hazır məhsul, artıq adından göründüyü kimi, istehsal müəssisələrində satışa çıxarılmağı planlaşdırılan məhsulun son halıdır.

204 №-li “Hazır məhsul” hesabında mühasibat uçotu subyektinin istehsal prosesinin nəticəsi olaraq yaranan hazır məhsullarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

Bu hesab üzrə aşağıdakı subhesabları açmaq olar (qaydaların 22.15 bəndi):

Qısamüddətli aktivlər kimi hazır məhsulun üzrə 204 saylı hesaba qaydaların 22.15-cu maddəsi üzrə subhesablar açılır.

Hazır məhsul, material ehtiyatları, mallar, satış məqsədilə saxlanılan digər aktivlər, digər ehtiyatlar torpaq, tikili, avadanlıqlar kimi təsnifləşdirildikdə yuxarıda qeyd edilən qaydaların 22.43-cü bəndinı uyğun.

Hazır məhsulun, malların, satış məqsədilə saxlanılan digər aktivlərin satılması yaxud əvəzsiz verilməsi zamanı bağlı xərclər mühasibat uçotunda əks etdirildikdə onların dəyərinin azalmasına görə düzəlişlər (mövcud olduqda) həmin qaydaların 22.45-ci bənd əsasında nizamlanır.

İstehsal prosesi başa çatdıqda istehsalat məsrəfləri aktiv kimi tanınması 22.48-ci bəndə uyğun aparılır.

Hazır məhsul mühasibat uçotu subyektinin öz ehtiyaclarına görə material ehtiyatı kimi istifadə edildiyi halda həmin qaydaların 22.49-ci bəndi tətbiq olunur.

Bu hesab üzrə mühasibat yazılışlarına nümunələr aşağıda verilib.

Hazır məhsul satıldıqda

Nümunə 1: “A” MMC mətbəx mebellərinin istehsalı fəaliyyətilə məşğul olur. Mebellərin hazırlanması üçün lazım olan taxtanın təmin edilməsi məqsədilə digər bir şirkətlə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən sözügedən taxtalar onları alan şəxs tərəfindən daşınmalıdır. 96 000 manatlıq materialların daşınması zamanı 1200 manat xərc çəkilmişdir. İstehsal binasında işləyən işçilərə, yəni sözügedən mebellərin hazırlanmasında iştirak edən işçilərə hesablanmış əməkhaqqı 9500 manat, işəgötürən hesabına sosial tutulmalar 1850 manat olmuşdur. İstehsalatda istifadə olunan avadanlıqların amortizasiya xərcləri 4500 manat, digər xərclər isə (işıq, su və s.) 6000 manat təşkil etmişdir.

Alınmış bütün materiallar istifadə olunmuş, mebellərin hazırlanmasında çəkilən xərclər də aid edilərək 1 mebelin qiyməti 5068 AZN olaraq formalaşmışdır. Cəmi 25 ədəd hazırlanmış mebellərin hər birinin satış qiyməti 6300 AZN təyin edilmişdir. Onlardan 14-ü “B” MMC-ə satılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 96 000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 17 280.00
3 Daşınma xərci material ehtiyatlarına aid edildikdə 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1200.00
4 Alınan materiallar istifadə olunaraq istehsalat məsrəflərinə aid edildidkdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 201 – Material ehtiyatları 97 200.00
5 Əməkhaqqı hesablandıqda 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9500.00
6 İşəgötürən hesabına sosial sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (22%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9260.00
7 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (0.5%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 50.00
8 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  istehsalat məsrəflərinə aid edildikdə (2%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 190.00
9 İstifadə olunan avadanlıqların amortizasiya xərcləri istehsalat məsrəflərinə aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 4500.00
10 Digər xərclər istehsalat məsrəflərinə aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 6000.00
11 Hazır məhsul formalaşdıqda 204 – Hazır məhsul 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 126 700.00
12 Hazır məhsul xərcə silindikdə 701 – Satışın maya dəyəri üzrə xərclər 204 – Hazır məhsul 70 952.00
13 Hazır məhsulun satılması nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 88 200.00
14 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 15 876.00

 

Hazır məhsul əskik gəldikdə

Nümunə 2: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus 10 136 manat dəyərində olan 2 ədəd hazırlanmış mebelin əskik gəlməsi halı aşkarlanmışdır. Auditor əskik gəlmənin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin mebellər işçinin hesabına aid edilmiş, onun əməkhaqqıdan tutulmuşdur. “A” MMC üçün bu əməliyyat hazır məhsul təqdim edilməsi kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 204 – Hazır məhsul 1200.00
2 Məhsullar müəssisə işçisinin hesabına aid edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 1200.00
3 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 216.00
4 Təqsirkar şəxsin əməkhaqqından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 1416.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 216.00
6 Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 216.00

2-ci halda mebellərin əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil.

Alış tarixində ƏDV əvəzləşdirilməmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 204 – Hazır məhsul 1200.00
2 Əskik gələn məhsulların ƏDV-si silindikdə 731 – Sair əməliyyat xərcləri 241 – Əvəzləşdirilən ƏDV 216.00

Alış tarixində ƏDV əvəzləşdirilmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn məhsullar silindikdə 731 – Sair əməliyyat xərcləri 204 – Hazır məhsul 1200.00
2 Əskik gələn məhsulların əvəzləşdirilmiş ƏDV-si qədər büdcə qarşısında öhdəlik yarandıqda 731 – Sair əməliyyat xərcləri 521 – Vergi öhdəlikləri 216.00

Hazır məhsul haqqında daha ətraflı məlumat almaq üçün buraya keçid  ala bilərsiniz.

Lizinq əməliyyatları üzrə ƏDV-yə cəlbetmədə hansı dəyişikliklər olub?

Print Friendly, PDF & Email