Hüquqi şəxslərin mənfəət vergisi bəyannaməsi

posted in: Xəbər | 0
birbank biznes

Mənfəət vergisi bəyannaməsi üzrə müddətlər

Gəlir əldə edən hüquqi şəxslər vergi ilinin sonunda mənfəət vergisinin bəyannaməsi təqdim edir. Mənfəət vergisi ödəyicilərinin əhatəsi Vergi Məcəlləsinin IX fəslinin 103-cü maddəsi ilə müəyyən edilir. Məcəlləyə görə bunlar aşağıdakılardır:

  • rezident və qeyri-rezident müəssisələr;
  • sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları.

Fiziki şəxs olmayan istənilən xarici şəxsə qeyd edilən fəslin məqsədləri üçün müəssisə kimi baxıla bilər. Bu halda onlar da mənfəət vergisi bəyannaməsini təqdim etməlidir. Belə yanaşma onun 137-ci maddəyə uyğun birgə sahibkarlıq fəaliyyətinin obyekti olmadığını sübut etməyinə qədər davam edir.

Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Rezident müəssisələr, qeyri-rezidentlər və onların vergi agenti, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmamaqla mənfəət vergisinin bəyannaməsi təqdim edilər (VM, maddə 149.2).

Xüsusi notariuslar bəyannaməni hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməlidirlər.

Aşağıdakı hallarda 30 gün ərzində bəyannamə təqdim edilməlidir:

  • vergi ödəyicisinin Azərbaycan Respublikasına fəaliyyəti dayandırıldıqda;
  • vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə.

Bu zaman hesabat dövrü vergi ilinin əvvəlindən fəaliyyətin dayandırıldığı yaxud xitam verildiyi günə qədər olan dövr sayılır.

Hüquqi şəxs yaxud qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edilən zaman vergi orqanına müvafiq qaydada məlumat verilir və qeydiyyat orqanına ləğvetmə balansını təqdim edir. Balansın təqdim edildiyi tarixdən 30 gün müddətində mənfəət vergisi bəyannaməsi verilir.

Mənfəət vergisinin bəyannaməsi necə hazırlanır?

Mühasibat uçotunu aparmaq sahibkarlıq subyektləri üçün kassa yaxud hesablama metodundan istifadə edə bilər. Mənfəət vergisi bəyannaməsini hazırlamaq üçün vergi ödəyicisi tətbiq etdiyi metodu seçməlidir. Bəyannamə elektron, yaxud kağız daşıyıcıda hazırlanaraq təqdim edilir. Kağız daşıyıcıda vergi hesabatlarının formasını və onların doldurulma  qaydasını buradan yükləmək olar.

Elektron daşıyıcıda hesabatlar BTP-də (Bəyannamə Tərtibat Proqramı) hazırlanır və real vaxt rejimində (onlayn), İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) (İVİ) daxil olunmaqla təqdim olunur. İVİ-dən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə etmək olar.

BTP-də hesabatın tərtibinə başlamaq üçün “Fayl” bölməsinin “Yeni” alt menyusu vasitəsi ilə açılan pəncərədə “Mənfəət vergisinin bəyannaməsi” sətrini seçmək və “Qəbul” düyməsini vuraq lazımdır.

Hesabat aşağıdakı bölmələrdən ibarətdir:

  • “Ümumi məlumatlar”;
  • “Mənfəət vergisinin hesablanması”;
  • “Əlavələr”.

“Ümumi məlumatlar” bölməsindəki sahələrə uyğun məlumatlar daxil edildikdən sonra “Mənfəət vergisinin hesablanması” bölməsinə keçid etmək lazımdır. Əgər bəyan ediləcək məlumat yoxdursa “Ümumi məlumatlar” bölməsində “Bəyan ediləcək məlumatlar yoxdur” sahəsi işarələnir. Bu halda hesabatın hazırlanması bitmiş hesab oluna bilər.

“Mənfəət vergisinin hesablanması” bölməsinə aşağıdakı hissələr adidir:

  • Gəlirlər;
  • Xərclər;
  • Hesabat dövrü üçün verginin hesablanması.

“Əlavələr” bölməsində kapital və öhdəliklər, xaricdəki bank hesabları, ümidsiz borclar (əgər varsa), obyektlər, güzəşt və azadolmalar haqqında məlumatlar daxil edilməlidir.

Hesabatın tərtib edilməsi üçün yuxarıda qeyd edilən bütün məlumatlar əlçatan olmalıdır. Bəyannamə elektron formada hazır olduqdan sonra onu qeyd edərək paketləyirik. Paketlənmiş hesabat İVİ-dən onlayn formada təqdim edilir.

Mənfəət vergisinin bəyannaməsinin hazırlanması haqqında Dövlət Vergi Xidmətinin hazırladığı Mənfəət vergisi bəyannaməsinin doldurulma qaydası (video-təlimat)”dan daha geniş məlumat almaq mümkündür.

Cari vergi arayışının hazırlanması

Hesabat dövrü üçün illik mənfəət vergisinin bəyannaməsini təqdim edən vergi ödəyiciləri rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli və cari vergi ili üçün arayışı vergi orqanlarına təqdim etməlidirlər.

Cari mənfəət vergisi üzrə arayış İVİ-də “Onlayn kargüzarlıq” bölməsinə daxil olmaqla hazırlanır və təqdim edilir. Bu aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

  1. “Yeni müraciət” düyməsi sıxılır;

Mənfəət vergisi üzrə cari arayışın hazırlanması

  1. “Müraciətin növü” xanasından “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış” bölməsi seçilir və “Qəbul” düyməsi vurulur;
  2. Ekranda iki səhifədən ibarət bölmə açılır.
  3. Birinci bölmədə vergi ödəyicisi haqqında bəzi məlumatlar avtomatik qeyd edilir, digər boş sahələrə isə uyğun məlumatları özümüz daxil edirik (uçot metodu, sahibkarlıq subyektinin meyarı, arayışın növü və sair);
  4. İkinci bölmədə vergi ödəyicisi cari vergi hesablanması ilə bağlı məlumatları daxil edir;
  5. “İrəli” düyməsi sıxılır, uyğun seçimlər edilərək arayış vergi orqanına göndərilir.

Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan mənfəət vergisi məbləğinə aid edilir.

Sonda qeyd edək ki, mənfəət vergisi bəyannaməsi, bir növ, sahibkarın fəaliyyətinin nəticəsinin göstəricisidir. Mənfəət vergisinin bəyannaməsinin tərtib edilməsi zamanı diqqətsizlik müəssissə üçün maliyyə itkiləri ilə nəticələnə bilər.


Print Friendly, PDF & Email