Hüquqi şəxsin yaradılması və nizamnamə kapitalı

posted in: Xəbər | 0

Hüquqi şəxsin yaradılması yolları

Hüquqi şəxslər sərəncamla (fərmanla), müvafiq qurumun icazəsi ilə yaxud normativ-təqdimedici qaydada yaradıla bilərlər. Dövlət qurumlarının, dövlətin adından yaratdığı publik hüquqi şəxslər birinci varianta nümunə kimi göstərilə bilər. İctimai, kooperativ təşkilatlar müvafiq dövlət orqanından icazə almaqla yaradılır. Normativ-təqdimedici qaydada yaradılan hüquqi şəxslərin üçüncü şəxslərdən icazə almasına gərək yoxdur.

Əksər mühasiblər öz təcrübəsində daha çox üçüncü variantla rastlaşır. Bu variantda hüquqi şəxsin yaradılması üçün aşağıdakı addımlar atılır:

  1. onun təsisçilərinin yığıncağının keçirilməsi;
  2. təsis müqaviləsinin hazırlaması;
  3. yığıncağın nəticələrinin protokollaşdırılması;
  4. təsis qərarın qəbul edilməsi.

Təsis qərarının qəbulu hüquqi şəxsin yaradılması deməkdir. Amma bununla iş bitmir, qeydiyyat üçün sənədlər (məsələn, nizamnamə) hazırlanmalı, hazırlanmalı, qeydiyyat üçün təqdim edilməlidir. Onun hüquqi qabiliyyətli olması üçün dövlət qeydiyyatının olması, dövlət reyestrinə daxil edilmə lazımdır. Əks təqdirdə yaradılan hüquqi şəxs qərarın çap edildiyi kağız üzərində qalaraq heç bir hüquqi əhəmiyyət kəsb etməyəcək, onun mövcudluğunu təsisçilərdən heç kəs bilməyəcək.

Hüquqi şəxsin qeydiyyatına hazırlıq

Dövlət qeydiyyatı prosesindən öncə təsis müqaviləsi ilə bağlı tələbələrə nəzər salaq. Düzdür, praktikada hüquqi şəxsin yaradılması zamanı təsis müqaviləsinin tərtib edilməsi bizə az rast gəlinir, hərçənd təsis müqaviləsi payçılar (səhmdarlar) tərəfindən öncədən tərtib edilməli olan, hüquqi şəxsin ləğvinə qədər qüvvədə qalan müqavilədir. Təsis müqaviləsində:

Mühasibat xidmətləri
  • hüquqi şəxsin nizamnaməsi;
  • onun yaradılması üzrə birgə fəaliyyət mexanizmləri;
  • həmin təsisçilərin əmlaklarını hüquqi şəxsə vermə qaydası;
  • təsisçilərin hər birinin öhdəlikləri göstərilməlidir.

Hüquqi şəxsin yaradılması prosesində təsis müqaviləsi yazılı formada bağlanır və bütün təsisçilər tərəfindən imzalanır. Təbii ki, hüquqi şəxs tək təsisçi tərəfindən yaradılırsa (təcrübədə buna daha çox rast gəlirik) təsis müqaviləsinə, yaxud hər hansı protokola ehtiyac qalmır.

Hüquqi şəxs yaradarkən ən vacibi əsas məqsədi müəyyən etmək, bu məqsədə uyğun  təşkilati formanı seçməkdir. Əsas məqsədlər müxtəlif ola bilər, məsələn gəlir qazanmaq (kommersiya müəssisəsi),  xeyriyyə, maarifləndirmə (qeyri kommersiya müəssisəsi) və s. Belə ki, hüquqi şəxsin qeydiyyatı, qeydiyyatdan sonrakı addımlar bundan birbaşa asılıdır.

Hüquqi şəxsin dövlət qeydiyyatı üçün təsis müqaviləsi, təsis qərarını hazırlanması ilə yanaşı təsisçilər digər zəruri hazırlıq işləri də görməlidir. Hüquqi şəxsin fəaliyyət göstərəcəyi yeri seçmək, lazım olarsa torpaq sahəsinin əldə edilməsi istiqamətində danışıqlara başlatmaq bu sıradandır. Amma əsas məslə hüquqi şəxsin nizamnaməsinin hazırlanmasıdır. Hüquqi şəxsin nizamnaməsi onun təsis sənədi hesab edilir.

Hüquqi şəxsin nizamnaməsi

Hüquqi şəxsin yaradılması prosesində əsas mərhələlərdən biri olan nizamnamənin müqavilə hesab etmək olarmı? Bir çoxumuz buna bəlkə də “Xeyr” cavabı verəcək. “Niyə?” sualını versək, çox güman ki, “Axı müqavilənin tərəfləri var, müqavilədə öhdəlik olur” kimi cavab eşidəcəyik.

Amma əksər beynəlxalq yanaşmalara görə şirkətin nizamnaməsi müqavilə hesab edilir. Fərq nizamnamənin, bizim bildiyimiz klassik formalı alqı-satqı, podrat,  borc və s. bu kimi müqavilələrdə olduğu kimi, tərəflərin iradələrinin qarşı-qarşıya razılaşdıralması deyil, birgə fəaliyyət istiqamətinə uyğunlaşdırılmasıdır.  Nizamnamə  maraqların üst-üstə düşdüyü, eyni istiqamətli birləşmə müqaviləsidir. Əbəs deyil ki, türkiyə qanunvericiliyində nizamnaməyə “esas sözleşme” deyilir.

Öhdəliyə gəldikdə, nizamnamədə də təsisçilərin nizamnamə kapitalını formlaşdırmaq kimi öhdəlikləri qeyd olunur.

Qanunvericililiyin tələblərinə görə nizamnamə mütləq yazılı formada olmalı, təsisçilərin qərarları ilə təsdiqlənməldir. Bu iki hərəkət şirkətin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş nizamnamənin müvafiq qurumlar tərəfindən qəbul edilməsi (mətninin qanunun tələblərinə uyğun olduğu halda) üçün kifayətdir.

Bəzi ölkələrdə nizamnamənin notarial qaydada təsdiqlənməsi tələb edilir. Notarial təsdiq edilmiş nizamnamə, əgər təsisçilər daşınmaz əmlakı nizamnamə kapitalı olaraq qoyulması müddəalar bu sənədə daxil ediblərsə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirən əlaqədar quruma təqdim edilir. Bununla da həmin daşınmaz əmlak şirkət yaradılan kimi onun mülkiyyətinə keçir.

Bizim respublikanın qanunvericiliyi hüquqi şəxsin yaradılmasına fərqli yanaşır. Belə ki, təsisçinin nizamnamə payı kimi müəyyən etdiyi, nizamnamə kapitalı olaraq qoymalı olduğu əmlak (məsələn, mənzil sahəsi) nizamnamədə qeyd edilməsindən, ona dəyişikliyin dövlət qeydiyyatına alınmasından asılı olmayaraq, yenidən əlavə müqavilə bağlanmadan hüquqi şəxsə keçə bilmir.

Nizamnamə kapitalının ödənilməsi

Kommersiya hüquqi şəxslərin bir forması olan məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) nizamnamə kapitalı nizamnamə ilə müəyyən edilmiş miqdarda paylara bölünür (Mülkü Məcəllə, maddə 87.1). Belə hüquqi şəxsin yaradılması zamanı hazırlanmış nizamnamədə nizamnamə kapitalının ödənilməsi üçün müddət göstərilə də bilər, göstərilməyə də. Nizamnamədə göstərilən vaxt qanunvericilikdə qeyd edilən müddətə uyğun olmalıdır, yəni 3 aydan çox olmamalıdır.

Əgər nizamnamədə ödənilmə vaxtı göstərilməyibsə MMC dövlət qeydiyyatına alınanadək nizamnamə kapitalını ödəməlidir.

Nizamnamə kapitalının ödənilməsi cəmiyyətin bank hesabı ilə yanaşı onun kassasına da (şirkət təsis edilibsə) ödənilə bilər.

Nizamnamə kapitalına qoyuluşlar və müxabirləşmə nümunələri haqqında buradan əlavə məlumat almaq olar.

Vaxtında ödənilməyən nizamnamə kapitalına görə cərimələr

Qanunvericilikdə hüquqi şəxsin yaradılması zamanı elan edilmiş nizamnamə kapitalının vaxtında ödənilməməsi üçün müəyyən cərimələr nəzərdə tutulub. AR İnzibati Xətalar Məcəlləsinin 405-1.1.-ci maddəsinə görə MMC Mülki Məcəllədə nizamnamə kapitalının nəzərdə tutulmuş müddətdə tamamilə ödəməzsə, cəmiyyətin vəzifəli şəxslərinə 1000 manat, hüquqi şəxslərə isə 2000 manat məbləğində cərimə tətbiq edilir.

Eyni zamanda, həmin məcəllənin 405-1.2-ci maddəsinə əsasən MMC ödənilmiş nizamnamə kapitalı barədə məlumatı beş iş günü ərzində müvafiq orqana (hazırda bu orqan Dövlət Vergi Xidmətidir) təqdim etməzsə, cəmiyyətin vəzifəli şəxslərinə 500 manat, hüquqi şəxslərə 1000 manat məbləğində cərimə tətbiq edilir.

Nəzərə almaq lazımdır ki, nizamnamə kapitalına edilən dəyişikliyin qüvvəyə minməsinə dair qanunda hər hansı möhlət müddəti müəyyən olunmayıb, odur ki, inzibati xətalara dair ümumi qaydalar tətbiq edilməlidir.  Yəni 3 aydan çox, amma bir ildən az müddət ərzində nizamnamə kapitalını ödəməyən cəmiyyətlərə qeyd edilən cərimələr tətbiq edilə bilər.

Həm də nəzərə almaq lazımdır ki, hüquqi şəxsin yaradılması zamanı elan edilmiş nizamnamə kapitalını qanunvericilikdə müəyyən edilməyən vaxtda ödəməyən məhdud məsuliyyətli şəxsin statusu qeyri-müəyyəndir, bu, hətta cəmiyyətin ləğvi ilə də nəticələnə bilər.

Əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən hüquqi qüvvəyə minə bilərmi?