Hüquqi şəxslərin fəaliyyət istiqamətləri

posted in: Xəbər | 0

Hüquqi şəxslərin fəaliyyətinin nizamlanması

Hüquqi şəxslər müxtəlif məqsədlər üçün yaradıldığı üçün, onların fəaliyyət istiqamətləri də müxtəlifdir. Qanunvericilikdə hüquqi şəxsləri təşkilati-hüquqi formasına görə bir-neçə qrupa bölünür (məsələn, kommersiya müəssisələri, qeyri-kommersiya təşkilatları, publik hüquq şəxslər və sair). Belə təsnifat daxilində hüquqi şəxslərin fəaliyyət istiqaməti fərqlənə bilər.

Onu da qeyd etmək lazımdır ki, qanunvericilikdə fəaliyyətinə görə müəssisə və təşkilatlara yanaşma eyni deyil. Onların bir qismi yalnız  nizamnamələrində qeyd olunmuş fəaliyyətlə məşğul ola bilərlər. Qeyri-kommersiya qurumları, publik hüquqi şəxslər bu kateqoriyaya aiddir.

Kommersiya təşkilatlarına gəlincə, qanunvericilik onların qanunla qadağan edilməyən istənilən fəaliyyətlə məşğul olmağa icazə verir. Burada “qanunla qadağan edilməyən” anlayışı iki mənada başa düşülə bilər və hər iki mənası kommersiya hüquqi şəxslər üçün  keçərlidir.

Bunlardan birincisi ümumi mənadır, yəni elə fəaliyyət növləri var ki, onunla heç kəs məşğul ola bilməz, çünki qanunla qadağandır. Məsələn, rəsmi qaydada hüquqi şəxs kimi qeydiyyatdan keçib, digər şəxslərə “killer” xidməti göstərilə bilməz, çünki bu, istənilən halda, qanunla qadağandır, cinayət hesab olunur. Kommersiya təşkilatları, təbii ki, belə fəaliyyətlə məşğul olmamalıdır.

Mühasibat xidmətləri

İkinci məna isə müəyyən hüquqi şəxslərin fəaliyyət istiqamətlərinin sahəvi qanunvericiliklə qadağan edilməsidir. Məsələn, kommersiya təşkilatı olan bankların fəaliyyəti müvafiq qanunvericilik aktlarla, o cümlədən “Banklar haqqında” AR qanunu ilə tənzimlənir. Həmin qanun bankların fəaliyyət göstərə biləcəyi yaxud bilməyəcəyi sahələri müəyyən edir. Bankların fəaliyyət göstərə biləcəyi sahələr həmin qanunun 32-ci maddəsində verilib. Buraya fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, valyuta əməliyyatları, faktorinq, lizinq xidmətləri, bank hesablarının açılması və onlara xidmətlə bağlı əməliyyatlar və s. daxildir.

Növbəti 33-cü maddə isə bankların ticarət, tikinti, sığorta və s. bu kimi fəaliyyətlə məşğul ola bilməyəcəkləri qeyd olunub.

Sığorta şirkətləri üçün eyni münasibət “Sığorta fəaliyyəti haqqında” AR qanununda da öz əksini tapıb. Bu şirkətlər həmin qanunun 11-ci maddəsində göstərilmiş fəaliyyət istiqamətlərində çalışa bilərlər (məsələn, məsləhət, ekspert xidmətləri).

Fəaliyyət kodları

Əgər hüquqi şəxslərin fəaliyyət istiqamətləri sahəvi qanunvericilik aktları ilə nizamlanmırsa yaxud həmin aktlarda hansısa məhdudiyyət nəzərdə tutulmayıbsa, kommersiya qurumları onlara gəlir gətirən istənilən fəaliyyətlə məşğul ola bilərlər.

Bunun üçün kommersiya hüquqi şəxs Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edərək, məşğul olmaq istədiyi fəaliyyətin qeydiyyata alınması təmin edir. Dövlət Statistika komitəsi müxtəlif fəaliyyətlə bağlı kodlar müəyyən etmişdir. Bunlar fəaliyyət kodları adlanır. Mövcud texniki şərait, fəaliyyət kodlarını vergi orqanına getmədən online qaydada ərizədə göstərməklə müraciət etməyə imkan verir.

Qanun sadəcə sizin fəaliyyətlərdən yalnız birini əsas fəaliyyət, digərlərini isə əlavə fəaliyyət olaraq fərqləndirir.

Qeyd etməliyik ki, bəzi hallarda əlavə fəaliyyət kodu üzrə gəlirlər, əsas kodla bağlı gəlirlərdən çox ola bilər. Buna narahat olmayın, burada qanunvericiliyin tələbinin pozulması halı yoxdur.

Qeyri-kommersiya təşkilatlarının fəaliyyət istiqamətləri

Bəs belə hüquqi şəxslərin fəaliyyət istiqamətləri necə tənzimlənir? Yuxarıda qeyd etdiyimiz kimi Qeyri-kommersiya təşkilatları yalnız nizamnamələrində göstərilən fəaliyyətlə məşğul ola bilərlər. Amma sözügedən ümumi qaydadan istisnalar da  vardır. Qeyri-kommersiya qurumları nizamnamələri üzrə əsas fəaliyyət istiqamətindən başqa sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər, ancaq müəyyən şərtlər çərçivəsində.

Birinci şərt ondan ibarətdir ki, belə sahibkarlıq fəaliyyəti yardımçı xarakter daşımalı, nizamnamədə müəyyən edilmiş əsas istiqaməti üstələməməlidir.

İkinci şərtə görə sahibkarlıq üçün əsas fəaliyyətə yaxın istiqamət seçilməlidi. Məsələn, siz səhiyyə sahəsində olan qeyri-kommersiya təşkilatısınız, bu halda tibbi ləvazimatlar sata bilərsiniz, amma məsələn uşaq oyuncaqları mağazası açmaq olmaz.

Başqa bir misal, idman sahəsi üzrə qeydiyyata alınmış qeyri-kommersiya hüquqi şəxslərin fəaliyyət istiqamətlərinə idman qidalarının satışı, trenajor zalı, futbol meydançası istifadəyə verilməsi aid edilə bilər, lakin onlar çörək zavodu aça bilməz.

Digər tələb əlavə fəaliyyətlə bağlı əldə edilmiş gəlirlə bağlıdır; gəlirlər dividend kimi verilə bilməz. Həmin gəlirlər nizamnamə fondunun möhkəmləndirilməsinə yönəldilə, yaxud əsas fəaliyyət istiqamətində xərclənə bilər.

Publik hüquqi şəxslərin fəaliyyət istiqamətləri ilə bağlı tələblər, demək olar ki, qeyri-kommersiya qurumlarında olduğu kimidir.

Şirkətlər fəaliyyətləri zamanı istifadə etdikləri təsərrüfat subyektlərini qeydiyyata almağa borcludur.

Bu məhsulların idxalına yeni gömrük rüsumu müəyyən olunub