Hüquqi şəxslərin yenidən təşkili formaları
Hüquqi şəxslərin yenidən təşkili dedikdə, onun fəaliyyətinə xitam verilərək əvəzində yenisinin yaradılması başa düşülür. Bu zaman fəaliyyətinə xitam verilən hüquqi şəxsə aid olan bütün hüquqlar, vəzifələr yeni yaradılan hüquqi şəxsə keçir. Bir qayda olaraq hüquqi şəxsin yenidən təşkil edilməsi ilə bağlı qərarı onun təsisçiləri yaxud nizamnaməsi vasitəsilə vəkil edilmiş orqan qəbul edir.
Aşağıda yenidən təşkilin 5 mümkün variantı verilib:
- birləşmə – 2 və daha artıq hüquqi şəxsin bir hüquqi şəxsdə birləşməsi;
- qoşulma – 1 yaxud 1-dən çox hüquqi şəxsin digər hüquqi şəxsə qoşulması;
- bölünmə – 1 hüquqi şəxsin iki və daha çox sayda hüquqi şəxsə bölünməsi;
- ayrılma – hüquqi şəxsin tərkibindən bir yaxud daha çox hüquqi şəxsin ayrılması, ayrılıqda fəaliyyətini davam etdirməsi;
- çevrilmə – hüquqi şəxsin təsnifat formasının dəyişməsi;
Yenidən təşkilin səbəbləri
Hüquqi şəxslərin yenidən təşkili müxtəlif səbəblərdən baş tuta bilər:
- təsisçilərinin iradəsi ilə;
- təsis sənədlərində səlahiyyət verilmiş orqanın qərarı əsasınd;
- hüquqi şəxsin iradəsindən asılı olmayaraq səlahiyyətli dövlət orqanının qərarı ilə.
Məcburi qaydada məhkəmə qərarına əsasən hüquqi şəxslərin yenidən təşkilini də sonuncuya aid etmək olar.
Məcburi qaydada yenidən təşkil hüquqi şəxsin bölünməsi yaxud tərkibində olan bir neçə hüquqi şəxsin ayrılması formasında həyata keçirilə bilər. Hüquqi şəxslərin yenidən təşkili aşağıdakı hallarda məcburi xarakter daşıyır:
- hüquqi şəxsin, onun struktur vahidlərinin təşkilati, ərazi ayrılığının mümkün olması;
- hüquqi şəxsin, onun struktur vahidlərinin texnoloji əlaqələrinin sıx olmaması;
- ixtisaslaşman zəruriliyi halları.
Hüquqi şəxslərin yenidən təşkilinin qeydiyyatı
Qeyd edək ki, yenidən təşkilin həyata keçirilməsi nəticəsində yaranan hüquqi şəxslər dövlət qeydiyyatından keçməlidir. Burada qoşulma nəticəsində təşkil olunan hüquqi şəxslər istisnadır, onların dövlət qeydiyyatına ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunduqda qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeyd dövlət reyestrinə daxil edilmişi hüquqi şəxslərin yenidən təşkili hesab edilir.
Hüquqi varislik
Yenidən təşkil olunmuş hüquqi şəxsin hüquq, vəzifələrinin tənzimlənməsini izah etməzdən öncə hüquq varisliyi anlayışını şərh etmək lazımdır. Hüquq varisliyi hüquq və vəzifələrin başqasına keçməsidir. Hüquqi şəxslərin yenidən təşkili zamanı hüquq varisliyi ümumi (universal) xarakter daşıyır və hüquq varislərinin aşağıdakı qaydalara əməl etməsi şərtdir:
- sözügedən hüquqlar, vəzifələr hüquq varislərinə cəm halında keçir;
- hüquq varislərinin yenidən təşkil olunan hüquqi şəxsin öhdəliklərinin qəbulundan imtina etməyə ixtiyarı yoxdur.
Hüquqi şəxslərin yenidən təşkil Mülki Məcəllənin tələblərinə uyğun olmadıqda yenidən təşkil qanunsuz hesab edilir və etibarsız sayılaraq hüquq varisliyin yaranmasına əsas vermir.
Hüquqi varisliyin aşağıdakı növləri vardır
- tam;
- hissəvi;
- cəm;
- direktiv.
Yenidən təşkil olunma zamanı kommersiya hüquqi şəxslərindən qeyri-kommersiya hüquqi şəxsləri ayrıla bilər. Eyni zamanda əksi də mümkündür, yəni, istisna hal nəzərdə tutulmayıb. Qeyri-kommersiya hüquqi şəxsinin qanunla nəzərdə tutulmuş qaydada kommersiya fəaliyyəti ilə məşğul olması mümkündür. Buna əsasən qeyri-kommersiya hüquqi şəxsinin mənfəət əldə edən hissəsi kommersiya hüquqi şəxs kimi ayrıla bilər, qanunvericilik buna icazə verir.
Yenidən təşkil zamanı hüquqların tənzimlənməsi
Hüquqi şəxsin təşkilati-hüquqi formasının dəyişməsi zamanı yenidən təşkil olunan hüquqi şəxsin hüquqları, vəzifələri yeni yaranmış hüquqi şəxsə ötürülür. Sözügedən proses təhvil aktına əsasən yerinə yetirilir. Təhvil aktı, bölünmə balansı hüquqi şəxs yenidən təşkil edildikdə hüquq varisliyinin sənədləri kimi çıxış edir və yenidən təşkilin ayrılmaz elementləridir. Qeyd edilən sənədlərdə yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları, borcluları haqqında öhdəliklərin hamısı, eyni zamanda, tərəflərin mübahisəsinə səbəb olan öhdəliklər üzrə hüquq varisliyi barədə müddəalar öz əksini tapmalıdır. Bölünmə balansı mühasibat uçotu, maliyyə, statistika üçün müəyyən olunan formada və qaydada tərtib olunur. Hər iki sənəd yenidən təşkil barədə qərar qəbul etmiş təsisçilər yaxud nizamnamə ilə vəkil edilmiş orqan tərəfindən təsdiqlənir.
Təhvil aktı birləşmə, qoşulma, çevrilmə baş verdikdə, bölünmə balansı isə bölünmə, ayrılma baş verdikdə tərtib edilir:
Hüquqi şəxslərin yenidən təşkil zamanı kreditor borclar
Yenidən təşkil zamanı kreditorlara yazılı bildiriş göndərilir. Yazılı bildirişin göndərilməməsi ciddi qanun pozuntusu hesab edilir. Bildirişi bütün kreditorlara göndərilməsə (bir qisim kreditorlara göndərilir, digərlərinə yox) hüquqi şəxslərin yenidən təşkil prosesinin keçirilməsi mümkün deyildir. Kreditorlar özlərinə olan kreditor borcun yeni yaradılan hüquqi şəxsə keçməsinə etiraz edə bilməzlər, amma kreditorlar öhdəliklərin xitamına, vaxtından öncə ödənilməsinə qərar verə bilərlər.

