Hesablama metodundan istifadə zamanı icarədən ödəmə mənbəyindən vergi tutulması

posted in: Xəbər | 0

Əməliyyat icarəsi nədir?

Nəzəri hüquq icarənin əməliyyat icarəsi və maliyyə icarəsi kimi iki növünü fərqləndirir. Bu məqalə əməliyyat icarəsinin bir sahəsinin şərhinə həsr olunub. Əməliyyat icarəsinin predmeti müxtəlifdir, binaların, daşınar əşyaların, torpaq sahələrinin, hüquqların, müəssisələrin icarəsini aid etmək olar. Əməliyyat icarəsi zamanı icarəyəverən icarə haqqı şəklində gəlir əldə edir. Təbii ki, bu gəlirlər vergiyə cəlb edilməlidir. İcarə münasibətində iştirak edən tərəflərin vergi qeydiyyatına münasibətindən asılı olaraq vergitutmanın müxtəlif üsulundan istifadə edilə bilər. Gəlir (mənfəət) vergisi formasında, icarədən ödəmə mənbəyində vergi tutulması nümunə kimi göstərilə  bilər.

Hesablama metodunda xərcin çəkilməsi vaxtı

Hesablama metodundan istifadə edən vergi ödəyicilərinin icarə xərcləri və icarə haqqı üzrə ödənişlərdən ödəmə mənbəyində vergi tutulmasında həm sahibkarların,  həm də vergi ixtisası üzrə təhsil alan tələbələrin diqqət etməli olduğu bir çox məqamlar var. Mövzu ilə bağlı Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh verib:

Vergi Məcəlləsinin 136.1 maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

• vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
• maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
• əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Biznes hesabi

Hesablama metodu zamanı maliyyə öhdəliyi

Mövzunu davam etdirən mütəxəssis maliyyə öhdəliyi haqqında bunları qeyd edib:

“Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun (VM 136.2).

Misal: Hesablama metodu ilə uçot aparan “A” müəssisəsi fərdi sahibkardan 1 sentyabr 2020-ci ildə aylıq icarə haqqı 1000 manat olan daşınmaz əmlakı 12 aylıq müddətə icarəyə götürmüşdür. Şərtə uyğun olaraq müəssisənin 2020-ci il üzrə icarə xərcini müəyyən edək: Vergi Məcəlləsinin 136-cı maddəsinin 3-cü bəndinə əsasən, əmlakın icarə haqqı ödənilərkən icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

Şərtə uyğun olaraq “A” müəssisəsi daşınmaz əmlakı may ayında icarəyə götürmüşdür. Bu halda 2020-ci ildə onun icarə xərci sentyabr ayından başlanaraq hesabat dövrünün sonunadək aylar üzrə bölüşdürüləcək. Yəni hesabat dövrünün icarə xərci 4 ay üçün hesablanacaq və nəticədə icarə xərci 4000 manat ( 4 * 1000 ) olacaqdır. Hətta “A” müəsissəsinin icarə xərci üzrə kreditor borcu ( fərz edək ki sonuncu ayın icarə xərcini ödəməyib) yaransa da belə, onun icarə xərci 4000 manat olacaqdır.”

İcarədən ödəmə mənbəyində tutulan vergi

Müəllif hesablama metodundan istifadə zamanı icarədən ödəmə mənbəyindən vergi tutulması haqqında bunları bildirib:

Vergi Məcəlləsinin 99.3-cü maddəsinin 3-cü bəndinə əsasən, icarə gəliri fiziki şəxsin qeyri-sahibkarlıqdan gəliri hesab olunur. 124.1 və 124.2-ci maddələrə əsasən, fiziki şəxsin icarə gəlirindən əgər icarəyə götürən vergi orqanında uçotda olan şəxs olarsa, bu cür gəlirdən vergi icarəyə götürən tərəfindən ödəmə mənbəyində tutulacaqdır.

Buradan sual meydana çıxır ki, “A” müəssisəsi icarə xərclərini tam ödəmişdirsə, 2020-ci ildə icarə haqqından ödəmə mənbəyində nə qədər vergi tutub büdcəyə köçürməlidir?

Vergi Məcəlləsinin 150.1 ( 150.1.6) və 150.3-cü maddəsinə əsasən, icarə haqqı ödəyən fərdi sahibkarlar və ya hüquqi şəxslər “gəlirin ödənildiyi” rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə borcludurlar.

Suala əsasən, “A” müəssisəsi III rübdə ( sentyabr) və IV rübdə (oktyabr, noyabr, dekabr) aylarında hər ay 1000 manat icarə haqqı ödəmişdir. 2020-ci ildə ödəmə mənbəyində tutulub büdəcəyə köçürülməli olan vergi məbləğinə gəldikdə, sentyabr ayında ödənilən icarə haqqından 140 manat ( 1000 * 14 % ) vergini III rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, yəni 2020-ci ilin oktyabr ayının 20-dən gec olmayaraq büdcəyə köçürməlidir. Digər aylar, yəni oktyabr, noyabr və dekabr aylarının ödənilən 3000 manat icarə haqqından ödəmə mənbəyində tutulan 420 manat ( 3000 * 14 % ) vergini isə IV rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, yəni 2021-ci ilin yanvar ayının 20-dən gec olmayaraq büdcəyə köçürməlidir.

Yazı vergiler.az saytının materialları əsasında hazırlanıb. Ödəmə mənliyində vergi tutulmasının müxtəlif halları haqqında məlumat almaq üçün buraya keçid edə bilərsiniz.