İnvestisiya mülkiyyəti nədir?
40 saylı “İnvestisiya mülkiyyəti” Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS40) investisiya mülkiyyəti üzrə uçotu və onların açıqlanma qaydalarını şərh edir. Bu standarta görə investisiya mülkiyyəti aşağıdakı şərtləri ödəyən daşınmaz əmlak (torpaq yaxud bina (binanın bir hissəsi) və ya bunların hər ikisi kimi aktivlərdir:
- icarə ödənişlərinin əldə edilməsi, kapitalın artırılması, yaxud hər iki məqsəd üçün saxlanılır;
- mal və xidmətlərin istehsalında və ya tədarükündə, yaxud inzibati məqsədlər üçün istifadə olunmur;
- adi təsərrüfat fəaliyyəti zamanı satışlar üçün nəzərdə tutulmayıb.
İnvestisiya mülkiyyəti icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması yaxud hər iki məqsəd üçün saxlanıldığından investisiya mülkiyyəti üzrə yaranan pul vəsaitlərinin hərəkəti müəssisə tərəfindən saxlanılan digər aktivlərdən əhəmiyyətli dərəcədə müstəqil olur. Bu hal, mülkiyyətçi tərəfindən istifadə olunan daşınmaz əmlakı investisiya mülkiyyətindən fərqləndirir. Malların istehsalı, tədarükü yaxud xidmətlərin təqdim edilməsi (və yaxud daşınmaz əmlakdan inzibati məqsədlərlə istifadə olunması) yalnız daşınmaz əmlaka aidiyyəti olan deyil, eyni zamanda, istehsal, tədarük prosesində istifadə olunan digər aktivlərin yaranmasına gətirib çıxaran pul vəsaitlərinin axınlarının əmələ gəlməsinə səbəb olur. 16 №-li MHBS (IFRS 16) isə istifadə etmə hüququ olan aktiv kimi icarəçi tərəfindən saxlanılan mülkiyyətçi tərəfindən istifadə olunan daşınmaz əmlaka tətbiq edilir.
İnvestisiya mülkiyyəti ilə bağlı aşağıdakı misalları göstərmək olar:
- adi əməliyyat fəaliyyəti çərçivəsində qısamüddətli satış üçün deyil, kapitalın uzunmüddətli artırılması məqsədilə tutulub saxlanılan torpaq sahəsi;
- gələcəkdə qeyri-müəyyən məqsədlər üçün cari dövrdə tutulub saxlanılan torpaq sahəsi (Əgər müəssisə torpaq sahəsini gələcəkdə müəssisə tərəfindən tutulub saxlanılan daşınmaz əmlak yaxud adi əməliyyat fəaliyyəti çərçivəsində qısamüddətli satış üçün istifadə edəcəyini hələ müəyyənləşdirməzsə, bu zaman torpaq sahəsi kapitalın artırılması məqsədilə tutulub saxlanılan kimi hesab olunacaqdır);
- müəssisə tərəfindən mülkiyyətə götürülən (və ya müəssisə tərəfindən tutulub saxlanılan tikiliyə aid olan istifadə etmə hüququ olan aktiv), bir və ya bir neçə əməliyyat icarələrinə verilən tikili.
Bəzi daşınmaz əmlak obyektləri bir hissəsi icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması məqsədilə istifadə edilən, digər hissəsi malların istehsalı, tədarükü və ya xidmətlərin təqdim edilməsi yaxud inzibati məqsədlər üçün nəzərdə tutulan hissələrdən ibarət olur. Əgər bu hissələrin ayrı-ayrılıqda satılması (ya da maliyyə icarəsi şərtlərinə uyğun olaraq ayrıca icarəyə verilməsi) mümkün olarsa, müəssisə bu hissələri ayrı-ayrılıqda uçota alır. Əgər daşınmaz əmlakın hissələrinin ayrı-ayrılıqda satılması mümkün olmazsa, bu cür əmlak, yalnız onun cüzi hissəsi malların istehsalı, tədarükü və ya xidmətlərin təqdim edilməsi üçün yaxud inzibati məqsədlərlə saxlanıldığı halda, investisiya mülkiyyəti hesab olunacaqdır.
İnvestisiya mülkiyyətinin uçotu necə aparılır?
İnvestisiya mülkiyyəti mühasibat uçotu hesablar planının 12-ci maddəsinə uyğun olaraq uçota alınır. Uçot, hesab üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Uçotun aparıldığı 121 №-saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı aktiv hesabdır.
Bu hesabda mühasibat uçotu subyektinin icarə ödənişlərinin əldə edilməsi və ya kapitalının artırılması məqsədi ilə və ya hər iki məqsəd üçün saxlanılan (mülkiyyətçi və ya maliyyə icarəsi şərtlərinə əsasən icarəçi tərəfindən) əmlaklarının (torpaq və ya tikili – ya da tikilinin bir hissəsi – və ya hər ikisi) hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
121 №-li “İnvestisiya mülkiyyətinin dəyəri” hesabına aşağıdakı subhesablar açılır (qaydaların 13.3. bəndi).
“Torpağın dəyəri” subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan, investisiya mülkiyyəti kimi təsnifləşdirilən torpaq sahələrinin dəyəri əks etdirilir.
“Binaların dəyəri” subhesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan, investisiya mülkiyyəti kimi təsnifləşdirilən binalar, onların struktur komponentlərinin dəyəri əks etdirilir.
İnvestisiya mülkiyyətinin dəyərinin nizamlanması
Ayrı-ayrı hallar üçün investisiya mülkiyyətinin dəyəri həmin qaydaların uyğun bəndləri ilə nizamlanır:
- alış nəticəsində yaxud podrat üsulu ilə əldə edilənlər – 13.11-ci bənd;
- mübadilə nəticəsində əldə edilənlər – 13.15-ci bənd;
- təsərrüfat üsulu ilə yaradılanlar – 13.17-ci bənd;
- maliyyə icarəsi ilə əldə edilənlər – 13.18-ci bənd;
- əvəzsiz olaraq əldə edilənlər – 13.22-ci bənd;
- investisiya mülkiyyətinin tanınmasının dayandırılması zamanı – 13.23 -cü bənd ilə nizamlanır.
- maliyyə icarəsi nəticəsində investisiya mülkiyyətinin xaric olmasından yaranan mənfəət və ya zərər – 38-ci bənd;
- mühasibat uçotu subyektinin investisiya mülkiyyətinin əskik gəlməsi zamanı müvafiq təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda – 13.38.-ci bənd.
“121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə müxabirləşmə nümunələri” adlı məqaləyə keçid etməklə, bu hallar üzrə investisiya mülkiyyətinin dəyərinin nizamlanması üçün müxabirləşmələlərlə tanış olmaq olar.