Qanunvericiliklə nəzərdə tutulan bir sıra hallarda (yol hərəkəti qaydalarının pozulması, karantin qaydalarını pozma, döymə, tütündən istifadə qadağan olunan yerdə tütündən istifadə, ev heyvanlarının gəzdirilməsi qaydalarını pozma və s.) inzibati xəta törətmiş şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilə bilir. İnzibati cərimə məhkəmə və ya səlahiyyətli orqan tərəfindən tətbiq edilir.
-
Məhkəmə qərarı ilə tətbiq edilən inzibati cərimə qərar qüvvəyə mindikdən sonra 10 gün,
- Səlahiyyətli orqanın qərarı ilə tətbiq edilən inzibati cərimə isə qərar qüvvəyə mindikdən sonra 30 gün müddətində ödənilməlidir.
Yetkinlik yaşına çatmayan şəxsin qazancı olmadıqda, onun əvəzindən valideynləri cəriməni ödəmək öhdəliyi daşıyır. Nağdsız əməliyyatlarla bağlı qanunvericiliyə əsasən inzibati cərimələr nağdsız qaydada ödənilməlidir.
Fiziki şəxslərin barəsində cərimə tətbiq edildikdə cərimənin göstərilən müddətdə ödənilməməsi aşkar edildikdən dərhal sonra səlahiyyətli orqan tərəfindən qərarın surəti onun əməkhaqqısından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir.
Həmin şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqısından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Şəxs işləmirsə, yaxud onun əməkhaqqısından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar məcburi icraya yönəldilir. Yekunda isə qeyd etmək mümkündür ki, müvafiq olaraq gəlirlərdən tutulma barədə qərarın icra edilməməsi pozuntunu törədən şəxsin də məsuliyyətə cəlb edilməsinə səbəb olur, həmçinin əməkhaqqıdan bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqısının əlli faizi saxlanmalıdır.
Qrant vəsaitindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?