İşdənçıxarma müavinəti nədir?
İşdənçıxarma müavinəti işçidən asılı olmayan səbəblərdən əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən ödənilən pul müavinətidir. Müavinətin məbləği işçinin əmək stajından və onun işdən çıxarılması səbəbindən asılıdır. Əmək müqaviləsinə xitam verilmiş işçilərin təminatları AR Əmək Məcəlləsinin 77-ci maddəsi ilə tənzimlənir. Müavinətin hesablanması ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazanılmış əməkhaqqı nəzərə alınmaqla, Məcəllənin 177-ci maddəsinə uyğun olaraq hesablanır.
İşdənçıxarma müavinəti kimlərə verilir?
İşdənçıxma müavinəti aşağıdakı hallarda verilir:
- müəssisənin ləğvinə görə əmək müqaviləsinin xitamı zamanı;
- ixtisarlar zamanı;
- əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinin xitamı;
- işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
- əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
- müəssisənin mülkiyyətçisinin dəyişməsi zamanı, məcəllənin 63-2 maddəsi nəzərə alınmaqla.
İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinin xitamı zamanı, vərəsələrə dəfn üçün müavinət ödənir.
İşdənçıxarma müavinəti necə təyin olunur?
Müəssisə ləğv olunduqda və ixtisarlar zamanı işçiyə işdənçıxma müavinəti aşağıdakı məbləğdə ödənilir (Əmək Məcəlləsi, maddə 77):
- bir ilədək iş stajı – orta aylıq qazanc məbləğində;
- bir ildən 5 ilədək iş stajı – orta aylıq əməkhaqqının 1,4 mislindən az olmayaraq;
- iş stajı 5 ildən 10 ilədək – orta aylıq əməkhaqqının 1,7 mislindən az olmayaraq;
- 10 ildən artıq iş stajı – orta aylıq əməkhaqqının azı iki misli.
Bu hallarda işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti müəyyən edilir:
- əmək şəraiti dəyişdikdə;
- işçi hərbi xidmətə çağırıldıqda;
- əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirdikdə.
Orta aylıq əməkhaqqının ən azı üç misli miqdarında müavinət aşağıdakı hallarda təyin olunur:
- müəssisənin mülkiyyətçisinin dəyişilməsi ilə əlaqədar əmək müqaviləsinin xitamı;
- işçinin vəfatı zamanı, onun vərəsələrinə.
İşəgötürən bütün hallarda əmək müqaviləsinin ləğv edilməsi zəruriliyini əsaslandırmalı, işçi öncədən xəbərdar edilməlidir.
İşçi necə xəbərdar edilir?
Müəssisə və təşkilatlarda işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar edildikdə, işçi işəgötürən tərəfindən aşağıdakı müddətlərdə rəsmi məlumatlandırılmalıdır:
- bir ilə qədər iş stajı – ən azı 2 təqvim həftəsi;
- bir ildən 5 ilədək iş stajı – 4 təqvim həftəsindən az olmayaraq;
- 5 ildən 10 ilə qədər iş stajı – 6 təqvim həftəsindən az olmayaraq;
- 10 ildən çox iş stajı – 9 təqvim həftəsindən az olmayaraq.
Əgər işçi sınaq müddətində olarsa, tərəflərdən biri digər tərəfi üç gün əvvəl yazılı şəkildə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Xəbərdarlıq müddəti ərzində işçi məşğulluq mərkəzinə, başqa işəgötürənlərə iş üçün müraciət edə bilər. Buna görə də işçiyə hər iş həftəsində əməkhaqqı saxlanmaq şərtilə ən azı bir gün işdən azad olunaraq iş axtarmasına imkan yaradılmalıdır.
Müavinət necə hesablanır?
Bunu nümunə əsasında izah edək (mənbə: ”Vergilər” onlayn qəzet). İşəgötürən ştatların ləğvi ilə bağlı dörd işçinin əmək müqaviləsinə xitam verməyə hazırlaşır. Onların hər birinin orta əməkhaqqısı eynidir – 450 manat, iş stajları isə fərqlənir. Onlara qanunvericiliyə uyğun qaydada rəsmi xəbərdarlıq verilib. Hər bir işçi üçün hesablanacaq işdənçıxarma müavinəti ən azı əmək stajlarına uyğun olaraq aşağıdakı kimi olacaq:
- bir ilədək əmək stajı – 450 manat;
- bir ildən beş ilədək əmək stajı: – 630 manat (450 x 1,4)
- beş ildən on ilədək əmək stajı olan işçi – 765 manat (450 x 1,7)
- on ildən çox əmək stajı olan işçi – 900 manat (450 manat x 2).
Xəbərdarlıq müddəti pul ödənişi ilə əvəz edilə bilərmi?
Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsi buna icazə verir. Belə ki,
- azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli;
- azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli;
- azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli;
- azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli miqdarında pul təzminatı ödənilə bilər.
İşdənçıxarma müavinətinin ödənilməsi üçün əsas əmək müqaviləsinin xitamı əmridir. Əmək kitabçasında uyğun qeydlər aparılmaqla vəsait hesablanır, nağd şəkildə verilir və ya işçinin bank kartına köçürülür.