İşçinin muzdlu işdən gəlirləri və vergi tutulmalı gəliri necə hesablanır?

posted in: Xəbər | 0
birbank biznes

Muzdlu işdən gəlirlər, ödəmə mənbəyində vergi, maliyyə yardımı, Ümumistehsalat xərcləri, qeyri-maddi aktivlər, Ehtiyatların qiymətləndirilməsiVergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən vergi və sosial ödənişlərin hesablanmasını misallarla izah edir.

Misal: Dövlət sektoruna aid müəssisədə çalışan işçinin tarif maaşı 1340 manatdır. O, Vətən Müharibəsi Qəhrəmanıdır. Ay ərzində işçiyə müəssisə tərəfindən istehsal olunmuş elektronika məhsulu bazar dəyəri 1150 manat olsa da 770 manata verilib. İşçinin müraciətinə əsasən onun müəssisəyə olan 1000 manatlıq borcu ona bağışlanılıb. Bu halda işçinin muzdlu işdən gəliri və vergi tutulmalı gəliri nə qədər olacaq?

Aydındır ki, tarif maaşı işçinin vergiyə cəlb edilən muzdlu işdən gəliri hesab edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 98.2.4-cü maddəsinə əsasən, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda həmin borcun və ya öhdəliyin məbləği fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir kimi qəbul edilir və gəlir vergisinə cəlb olunur. Bu baxımdan borca görə bağışlanılan 1000 manat işçinin muzdlu işdən gəliri hesab olunacaq.

Eyni zamanda, Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda – bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri də fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir kimi qəbul edilir və gəlir vergisinə cəlb olunur. Vergi Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, 98.1-ci maddəsinin (muzdlu işdən gəlir) məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir. Qeyd edilənləri nəzərə alaraq, şəxsin ay ərzində baş vermiş əməliyyatlara əsasən muzdlu işdən aylıq gəliri aşağıdakı şəkildə olacaq:

Aylıq tarif maaşı: 1340 manat;

Bağışlanılmış borcun dəyəri: 1000 manat;

Elektronika məhsulunun dəyəri: 1150 -770 = 380 manat;

Cəmi aylıq gəlir: 1340 + 1000 + 380 = 2720 manat.

Vergi Məcəlləsinin 102.2.1-ci maddəsinə əsasən, Vətən Müharibəsi Qəhrəmanlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat məbləğində olan hissəsi azaldılır. İşçinin muzdlu işlə əlaqədar aylıq gəliri 2500 manatdan yuxarı olduğu üçün bu güzəşt tətbiq edilməyəcək.

Şəxsin gəlirinin 2720 manat olmasına baxmayaraq, onun aylıq gəliri 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Çünki Vətən Müharibəsi Qəhrəmanı olduğu üçün vergi tutulmalı məbləğin 400 manatı azaldılır və daha sonra vergi tutulmalı aylıq gəliri 2500 manatdan aşağı olacağı üçün 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb ediləcək:

Şəxsin muzdlu işdən aylıq gəliri: 2.720 manat;

Vergiyə cəlb olunan məbləğ: 2.320 manat;

Gəlir vergisi: 324,80 manat;

DSMF ayırmaları: 81,60 manat;

İşsizlikdən sığorta haqqı: 13,60 manat;

İcbari tibbi sığorta haqqı: 54,40 manat;

“NETT” əməkhaqqı: 2 245,60 manat;

Əsas: Vergi Məcəlləsinin 98, 101 və 102-ci maddələri

Mənbə: Nüsrət Xəlilov, “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az.az


Print Friendly, PDF & Email