İşçi hərbi xidmətə gedən zaman ödənişlər

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan qanunvericiliyində müəyyən edilmiş yaş həddi çərçivəsində işçi hərbi xidmətə çağırıla, yaxud alternativ qulluğa təyin edilə bilər. Bu zaman tərəflərin iradəsindən kənar, üçüncü şəxsin (məsələn, hərbi komissarlıqları) təqdim etdiyi müvafiq sənədlər əsasında əmək müqaviləsi ləğv edilir. İşçi hərbi xidmətə gedən zaman ödənişlər, mövcud təminatlar haqqında bu məqalədən oxuya bilərsiniz.

Əmək müqaviləsinin ləğv edilmə səbəbləri

Əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətləri ilə bağlı qarşılıqlı hüquq və vəzifələri əks edir. Bu müqaviləyə müxtəlif səbəblərdən xitam verilə bilər. Əmək müqaviləsinin ləğvi işəgötürənin əmri ilə rəsmiləşdirilir, imza və möhürlə təsdiqlənir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin  68-ci maddəsi ilə tənzimlənir. Bunlar aşağıdakılardır:

  • tərəflərdən birinin təşəbbüsü ilə;
  • əmək müqaviləsinin müddəti başa çatdıqda;
  • mülkiyyətçinin dəyişməsi;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • tərəflərdən asılı olmayan hallar yarandıqda (məsələn, işçi hərbi xidmətə gedən zaman);
  • əmək müqaviləsində nəzərdə tutulan digər hallar.

Tərəflərin iradəsindən asılı olmayaraq  əmək müqaviləsini ləğvi halları Məcəllənin 74-cü maddəsinə əsasən tənzimlənir. Həmin maddədə qeyd olunan əsaslar üzrə əmək müqaviləsinin xitamı işçi və işəgötürənin təşəbbüsü olmadan həyata keçirilir. Həmin əsasları şərti olaraq iki qrupa ayırmaq olar:

  • əmək münasibətlərinin dayandırılmasına səbəb olan üçüncü şəxslərin (hökumət orqanları da daxil olmaqla) hərəkətlərinin nəticələri;
  • fövqəladə halların nəticələri (işçinin ölümü, fəlakətlər, hərbi əməliyyatlar və s.).

İşçi hərbi xidmətə gedən zaman əmək müqaviləsinin ləğvi

Əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayaraq ləğv edilməsi hallarından ikisi hərbi xidmətlə (yaxud alternativ xidmətlə) bağlıdır. Bunlar aşağıdakılardır:

  • işçinin hərbi və ya alternativ xidmətə çağırılması (ƏM, maddə74.1 “a”);
  • əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadəsi (ƏM, maddə 74.1 “ə”).

İşçi hərbi xidmətə gedən zaman ona verilən sənədlər (çağırış vərəqələri, rayon hərbi komissarının arayışı və ya alternativ mülki qulluğa təyinat) əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Bu sənədlər əsasında müvafiq əmr hazırlanır. İşəgötürən çağırış vərəqəsində göstərilən müddətə işçi ilə əmək müqaviləsinə xitam verməli və onun göstərilən vaxtda hərbi komissarlıqda olmasına köməklik göstərməlidir.

Hərbi xidmətlə bağlı əmək müqaviləsinin ləğvi zamanı ödənişlər

Əmək müqaviləsinə xitam verilmiş işçiyə işdən çıxarıldığı gün:

  • işlənmiş iş günləri üçün əməkhaqqı;
  • istifadə olunmamış bütün məzuniyyətlər üçün kompensasiya (əgər varsa);
  • işdən çıxma müavinəti ödənilir.

Hərbi xidmətə gedən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət təyin olunur (ƏM, maddə 77.2). Müavinət daha artıq miqdarda ödənilə bilər, bir şərtlə ki, bu, kollektiv müqavilədə, əmək münasibətlərini tənzimləyən digər sənədlərdə nəzərdə tutulmuş olsun.

Orta əməkhaqqının hesablanması AR ƏM-nin 177-ci maddəsinə uyğun olaraq son 2 ayın gəlirləri nəzərə alınmaqla həyata keçirilir.

Vergi Məcəlləsinə əsasən hərbi xidmətə çağırılan işçiyə ödənilən müavinətin məbləği gəlir vergisindən azaddır.

Digər təminatlar

Qanunvericiliyə uyğun olaraq müəssisənin ləğvi istisna olmaqla, müddətli hərbi xidmətdə olan işçinin iş yeri və vəzifəsi saxlanılır (ƏM, maddə 77.9).

İşəgötürənin hərbi xidmətə gedən işçinin vəzifələrinin icrası üçün başqa işçi ilə müddətli və ya müddətsiz əmək müqaviləsi bağlamaq hüququ vardır. İşçi hərbi xidmətdən buraxıldıqdan sonra ən gec 60 təqvim günü keçənədək əvvəlki iş yerinə və ya buna bənzər başqa vəzifəyə qayıtmaq hüququna malikdir. O, bu hüquqdan istifadə etdikdə, həmin vəzifədə onu əvəz edən işçinin əmək müqaviləsinin ləğvi Məcəllənin 74.1 “ə” maddəsi əsasında aparılır. Müddətsiz müqavilə bağlanmış işçiyə bu zaman analoji vəzifə təklif edilir. Eyni zamanda analoji vəzifə müddətli hərbi xidmətdən qayıdan işçiyə də təklif edilə bilər.

Vergi ödəyicisi fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı onlayn müraciət edə bilərmi?

Print Friendly, PDF & Email