İşçi vəfat etdikdə ödənilən ödənişlər

posted in: Xəbər | 0
birbank biznes

İşçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilməsi

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsi tərəflərin iradəsindən asılı olmayaraq  əmək müqaviləsini ləğvi hallarının əsalarını şərh edir. Bu maddə əsasında əmək müqaviləsinin ləğvi işçi və işəgötürənin təşəbbüsü ilə deyil, məcburi qaydada, aşağıdakı hallarda baş verir:

  • əmək münasibətlərinin ləğvinə səbəb olan üçüncü şəxslərin hərəkətlərinin nəticələri (məsələn, məhkəmənin yaxud hökumət orqanlarının qərarı)
  • fövqəladə halların nəticələri (işçinin ölümü, fəlakətlər, hərbi əməliyyatlar və s.).

İşçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilir. Əmək müqaviləsinə xitam verilməsi ölüm haqqında şəhadətnamə və ya vətəndaşın ölmüş, ya da itkin düşmüş elan edilməsi haqqında məhkəmənin qərarı əsasında həyata keçirilir. Belə sənəd olmadıqda işçinin ölümü ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi mümkün deyil.

Sənədləşmə

Əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən müvafiq əmrlə rəsmiləşdirilir və ölüm haqqında şəhadətnamənin surəti əsas kimi əmrə tikilir.

İşçinin ölüm tarixi məhkəmə tərəfindən müəyyən edilmədikdə, əmək müqaviləsinə xitam verildiyi tarix qərarın qanuni qüvvəyə mindiyi tarix, müəyyən edildikdə isə qərarın mətnində göstərilən ölüm tarixi hesab olunur. Hər halda, əmrin verilmə tarixi işəgötürənin məhkəmə qərarının təsdiq edilmiş surətini aldığı gün olacaq. İşçi istirahət günü  və ya məzuniyyətdə olarkən, yaxud da xəstəlik zamanı vəfat etmiş olarsa, əmək müqaviləsinə xitam verildiyi tarix də faktiki son iş günü deyil, ölüm tarixi hesab edilməlidir.

İşçi vəfat etdikdə əmək kitabçası əmək müqaviləsinə xitam verilməsi haqqında müvafiq qeyd edildikdən sonra onun qohumlarından birinə imzası qarşılığında verilir və ya qohumlarından birinin yazılı ərizəsi əsasında poçtla göndərilir. Əmək kitabçasını verməzdən əvvəl onun işəgötürən tərəfindən surətinin çıxarılması və arxivdə saxlanması məqsədəuyğundur.

İşçinin vəfatı ilə müqaviləyə xitam verildikdə ödənilən müavinət

İşçinin vəfatı ilə müqaviləyə xitam verildikdə onun vərəsələrinə orta aylıq əməkhaqqının ən azı 3 misli qədər dəfn üçün müavinət verilməlidir (ƏM maddə 77).

“Sosial Sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilir.

Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə görə işçinin vəfatı ilə əlaqədar ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar fiziki şəxslərin gəlir vergisindən azaddır.

Həmçinin, müqaviləyə xitam verilməsi haqqında əmrdə istifadə olunmamış illik əsas məzuniyyətlərin və uşaqları olan işçilərin əlavə məzuniyyət günlərinin sayı qeyd edilməlidir. İşçi vəfat etdikdə vərəsələrə istifadə edilməmiş illik əsas məzuniyyətə, habelə uşaqları olan işçilərə əlavə məzuniyyətə görə pul kompensasiyası ödənilir.

Dəfn üçün müavinətin hesablanması nümunəsi

Aylıq əməkhaqqı 1000 manat olan, 5 günlük iş rejimində işləyən işçi 01.09.2023-ci il tarixində vəfat edir. Dəfn üçün müavinət aşağıdakı kimi hesablanacaq.

İyul ayı üçün əməkhaqqı – 1000 manat;

Avqust ayı üçün əməkhaqqı – 1000 manat;

2023-cü ilin istehsalat təqviminə görə iyul ayında iş günlərinin sayı 21 gün, avqust aylarında iş günlərinin sayı 23 gün, sentyabr ayında iş günlərinin sayı 21 gündür. Beləliklə son iki ay üçün iş günlərinin cəmi 44 gün olacaq.

İki ay üçün əməkhaqqı 1000*2=2000 manatdır. Bir günə düşən orta əməkhaqqı 2000/44=45.46 manatdır.

Orta aylıq əməkhaqqı 45,46*21=954,66 manat, işçi vəfat etdikdə dəfn üçün müavinət isə 954,66*3=2863,98 manat olacaq.

Müavinətin verilməsi

Qeyd edək ki, əmək pensiyaçıları vəfat etdikdə dəfn üçün verilən müavinətin məbləği əmək pensiyasının minimum məbləğinin üç misli məbləğindədir. Əgər vəfat edən şəxs eyni anda həm sığortaolunan, həm də əmək pensiyaçısıdırsa, bu halda müavinətlərdən biri – məbləğcə daha çox olan ödənilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”- nin 91-ci maddəsinə əsasən dəfn üçün müavinət vəfat edən şəxsin ailə üzvlərinə yaxud onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.

İşçinin ailə üzvləri dedikdə:

  • həyat yoldaşları;
  • valideynlər;
  • uşaqlar (övladlığa götürənlər və övladlığa götürülmüş uşaqlar) başa düşülür.

Qardaşlar və bacılar, babalar və nənələr, nəvələr, dayılar, əmilər  və s. də ailə üzvləri kimi tanınır.

İşçi vəfat etdikdə onu dəfn edən şəxsin müəyyən edilməsi müvafiq bələdiyyə tərəfindən verilmiş arayış əsasında müəyyən edilir.

İşçilərin sığortalanması ilə bağlı xərclərin gəlirdən çıxılması

Print Friendly, PDF & Email