Hesablamalar zamanı dövriyyələrin dəqiqləşdirilməsi
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə (maddə 186-1.) 2022-ci ildən başlayaraq aksizli mallarla bağlı bir sıra dövriyyələrin dəqiqləşdirilməsinə əsas verən hallar müəyyənləşdirilmişdir. Belə hallara məhsulun aşağıdakı səbəblərdən geri qaytarılması aiddir:
- istifadə müddətinin bitməsi;
- zay olma;
- digər səbəblər.
Əgər istehsalçı şəxs aksizli məhsula vergi hesablayaraq istehsalın həyata keçirildiyi binadan kənara buraxmışsa və həmin mallar yuxarıda qeyd edilən səbəblərdən geri qaytarılıbsa, bu zaman aksiz hesablaması üçün dövriyyənin dəqiqləşdirilməsi aparıla bilər. Yəni həmin mallara hesablanmış aksiz, həmin malların qaytarıldığı dövr üçün azaldılır.
Azaldılma zamanı aşağıdakı şərtlər ödənilməlidir:
- geri qayıtmanın səbəbi istifadə müddətinin bitməsi yaxud malların zay olması olmalıdır;
- vergi orqanına müvafiq aktın tərtibi və aksizin azaldılması məqsədi ilə müraciət edilməlidir;
- akt, Dövlət Vergi Xidmətinin nümayəndəsi ilə birgə, müraciətdən keçən 5 iş günü ərzində tərtib edilməlidir.
Hesablama üçün dövriyyənin azaldılması aktın yazıldığı hesabat dövrü üçün icra olunur. Tərtib edilmiş akt hesabatla birgə DVX-nin müəyyən qurumuna təqdim edilir. Azaldılma aparılan mallar məhv edildikdə, onların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.
İstehsal ehtiyacları üçün əvəzləşdirilmə
Aksizli mal digər aksizli malların istehsalı üçün istifadə etmədikdə, ödənilmiş aksizlər məhsulun maya dəyərinə daxil edilməlidir. Bəzən aksizli mal alıcısı, onları vergi tutulan digər aksizli məhsulun istehsalına sərf edir. Bu halda onun malların alışı zamanı ödənmiş aksizi əvəzləşdirmək yaxud geri almaq hüququ var.
Burada mühüm qayda tətbiq olunur: aksizlər yalnız faktiki ödənildikdən sonra əvəzləşdirilə bilər. Əvəzləşdirilmə hüququ xammalın, materialların alışı üzrə qaimə-fakturalar, idxalı zamanı isə yük gömrük bəyannamələri kimi sənədlərlə təsdiq edilməlidir. Əvəzləşdirməyə görə müraciət ərizəsi aksiz bəyannaməsi ilə birgə vergi orqanına verilir.
Artıq ödənmiş aksizlər əməliyyat üzrə ilkin sənədləri vergi orqanına təqdim edildikdən sonra, VM-nin tələbləri (maddə 87) nəzərə alınmaqla 45 gün ərzində qaytarılır.
Nümunələrə baxaq.
Nümunə-1: Firma konyak materiallarını istehsal edən fiziki şəxsdən E-qaiməyə uyğun dəyəri nağdsız ödəməklə 5500 litr konyak materialları almış, ondan hər biri 0.5 litr olmaq şərtilə 10000 ədəd konyak istehsal edib. Hesabat ayını əhatə edən bu mallardan 9000 ədədini istehsal binasının hüdudundan kənara buraxmışdır. VM-nin 189-cu maddəsini nəzərə alıb firmanın aksiz öhdəliyini hesablayaq.
– Firma konyak materiallarını alarkən fiziki şəxsə 22000 manat (5500*4.0) aksiz ödənişi etmişdir.
– Hesabat ayı ərzində istehsal binasının hüdudları kənarına buraxılmış 9000 ədəd konyakın miqdarına aksiz dərəcəsini tətbiq etməklə aksizin məbləğini hesablayırıq:
9000 (ədəd) * 0.5 (l) * 4.0 = manat = 18000 manat
– Firmanın malı alarkən ödədiyi aksizin məbləğilə onun hesabat ayında hesabladığı aksiz məbləği arasındakı fərq
18000 – 22000 = – 4000 manat onun öhdəliyini təşkil edəcəkdir.
Deməli hesabat dövrü üçün firmaya aksiz üzrə 4000 manat büdcədən qaytarılmalıdır.
Nümunə-2: Vergi ödəyicisi hesabat dövründə E-qaimə əsasında 8 min litr spirt (içməli) almış, həmin spirtdən hesabat dövründə birinin topdansatış bazar qiyməti 0.7 manat olmaqla 0.5 litrlik 15000 ədəd araq (vodka) istehsal edib istehsal binası hüdudundan kənara buraxmışdır.
– Şəxsin aksiz üzrə öhdəliyini müəyyənləşdirək. Vergi ödəyicisi tərəfindən alınmış spirtə görə ödədiyi aksiz 32000 (8000 * 4.0 ) manat təşkil edir.
– İstehsal edilən akzisli malın əvvəlcə həcmi (kəmiyyəti) müəyyənləşdirilir: 15000 * 0.5 = 7500 litr. Həmin miqdarı aksizin dərəcəsinə vuraraq 7500 * 4.0 = 30000 manat hesablanmalı olan aksizin məbləği tapılır.
– Firmanın malı alarkən ödədiyi aksiz məbləğilə onun hesabat ayında hesabladığı akzis məbləği arasındakı fərq
32000 – 30000 = 2000 manat büdcədən qaytarılmalıdır.
İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi VM-in 189-cu maddəsi ilə tənzimlənir. Buradan aksizin əvəzləşdirmə qaydaları ilə bağlı əlavə nümunələr tapmaq olar.
İxrac zamanı aksiz vergisi
Aksiz ödəyiciləri son istehlakçı – vətəndaşdır; başqa ölkənin vətəndaşlarından vergi tutulması qeyri-qanunidir, ona görə də ixrac zamanı bu vergi ödənilmir (aksizli mallara 0% dərəcə tətbiq edilir).
Əgər idxal olunan aksizli mal sonrakı ixrac üçün nəzərdə tutulubsa, idxal zamanı ödənilən aksiz təkrar ixrac edilən malların həcminə mütənasib məbləğdə 15 gün müddətində qaytarılır. Geri qaytarılmanı akzisi alan gömrük orqanı həyata keçirir.
Nümunə-3: “İsti Əllər” MMC-dən Gürcüstana təkrar ixrac məqsədilə noyabr ayında Qazaxstandan Azərbaycana idxal etdiyi aksizli maldan idxal zamanı gömrük idarəsində 32000 manat aksiz vergisi tutulmuşdur. Həmin şirkət idxal edilmiş malların 70 faizini Gürcüstan şirkəti ilə bağlamış yazılı müqaviləyə uyğun olaraq dekabr ayının 10-unda Gürcüstana göndərib. Belə olan halda, idxal zamanı həmin şirkətdən tutulmuş aksizin 70%-i yəni 22400 manat dekabr ayının 25-inə qədər Gömrük idarəsi tərəfindən həmin şirkətə qaytarılmalıdır.