İstehsalda zay məhsul və onun sənədləşdirilməsi

posted in: Xəbər | 0

 “İstehsalda zay” anlayışı

İstehsal zamanı bəzən məhsullar qüsurlu, defektlə hazırlanmış olur. Belə məhsullara, demək olar ki, bütün istehsal növlərində rast gəlinir. Bir sıra istehsal sahələrində zay məhsul gündəlik istehsalın ayrılmaz tərkib hissəsi olacaq qədər tez-tez baş verir.

İstehsalda zay məhsul dedikdə elə yarımfabrikatlar və hazır məhsul nəzərdə tutulur ki, onlar sifarişçi ilə razılaşdırılmış formaya, şərtlərə uyğun olmur, yaxud məhsulun keyfiyyət göstəriciləri (konkret sifarişçi bəlli olmasa da) əvvəlcədən bəlli olan standartlardan əsaslı fərqlənir. Bunun səbəbi müxtəlif ola bilər, məsələn:

  • xammalda yaranmış qüsurlar;
  • hazır məhsula təsir edən amillər;
  • işçilərin səhvləri;
  • texnoloji avadanlığın köhnəlməsi,
  • işıqların qəfil sönməsi;
  • ehtiyat enerji mənbəyinin (generatorun) olmaması yaxud işə düşməməsi (gec işə düşməsi) və s. belə səbəblərdəndir.

İstehsal əməliyyatından keçmiş, lakin öz keyfiyyətinə görə müəyyən olunmuş standartlara, texniki göstəricilərə, yaxud sifarişçi ilə bağlanmış müqavilə şərtlərinə uyğun olmayan məhsul və yarımfabrikatlar zay məhsul hesab olunur.

İstehsalda zay məhsul – aşağı keyfiyyətli məhsullar, hissələr, xidmətlər, komponentlər və yarımfabrikatlardır. Bu zaman keyfiyyət texniki şərtlərə yaxud standartlara uyğun gəlmir və qüsurlu məhsul təyinatı üzrə istifadə edilə bilməz.

Zay məhsulun istehsalı ərzində çəkilmiş xərclər sonda mənfəət əldə edilməsinə səbəb olmur, yəni xərclər faydalı istiqamətə yönəlməmişdi.  Nəticədə digər normal  hazır məhsulların da maya dəyəri artır.

Biznes hesabi

Zay məhsul istehsalının qarşısının alınması

Zay məhsul istehsalı zamanı qeyri-məhsuldar xərclər artır, bunun nəticəsində keyfiyyətli məhsulların həcmi azalır, bu da öz növbəsində məhsulun maya dəyərini yüksəldir. Buna görə də istehsalatda zay məhsulların sayının azaldılması, əgər mümkün olarsa tamamilə qarşısının alınması ümdə məqsəd və vəzifələrdən biridir. Müəssisələrin idarəetmə təcrübəsində zay məhsul istehsalının qarşısını alınması istehsal prosesinin bütün mərhələlərində mühüm vəzifə kimi qarşıda qoyulur.

Zay məhsul istehsalının qarşısını almaq üçün mühüm tələb zay məhsul buraxılışının əmələ gəlməsi səbəblərinin araşdırılması və onun qarşısının alınması, istehsalda zaya təqsirli olan şəxslərin müəyyən olunması və lazımi tədbirlər görülməsidir. Belə nəzarətin və uçotun təşkili bir sıra hallarda zayın yaranmasının xarakteri və onun müəyyən olunduğu yerdən asılıdır.

Ümumiyyətlə, istehsalda zayın yaranma səbəblərini aşağıdakı əsas qruplara aid edə bilərik:

  • keyfiyyətsiz xammal;
  • avadanlığın qeyri-stabil işi;
  • texnoloji proseslər;
  • işçilərin iş şəraiti;
  • işçilərin qeyri-peşəkarlığı və məsuliyyətsizliyi.

Hətta istehsalda zay məhsulun yaranma səbəblərinin ötəri təhlili onları aradan qaldırmaq üçün kifayət qədər effektiv həllər tapmağa imkan verir.

İstehsalda zay məhsulun təsnifatı

İstehsal prosesində yaranan qüsurları onların xarakterindən asılı olaraq məhsulun texniki baxışı və qəbulu dövrünə görə düzəldilən  və düzəldilməyən zay məhsullar kimi iki qrupa bölmək olar.

Düzəldilən zay məhsullara o məhsullar daxildir ki:

  • onların düzəldilməsi texniki cəhətdən mümkündür;
  • defekt aradan qaldırıldıqdan sonra onlar öz təyinatına görə istifadə edilə bilir;
  • zay məhsulun düzəldilməsi iqtisadi cəhətdən sərfəlidir.

Belə demək olarsa, onlara əl gəzdirdikdən sonra bərpa edilə bilirlər və onları digər normal hazır məhsullar kimi satışa çıxarmaq mümkün olur. Bərpaetmə proseduruna çox xərc çəkilmir.

Düzəldilməyən zay məhsullar, yarımfabrikatlar o məhsullardır ki, onların düzəldilməsi texniki cəhətdən mümkün deyil. Bəzən bu, mümkün olsa belə, iqtisadi cəhətdən əlverişli olmur. Belə məhsullar digər məqsədlərə xidmət üçün, habelə alıcıya kifayət qədər ucuz məbləğə satılmaq istiqamətində istifadə edilir.

Qeyd etdiyimiz hallar təkcə zay hazır məhsula deyil, zay yarımfakrikatlara da münasibətdə keçərlidir.

Düşünmək lazım deyil ki, istehsalda zay məhsulu həmişə istehsalçı təsbit edir. Bir sıra hallarda belə fakt məhsulun istehlakı zamanı ortaya çıxır, ona görə də istehsalçı faktla alıcının müraciətindən sonra tanış olur.

Zay məhsulun müəyyən olunma yerinə görə zay:

  • daxili zaya;
  • alıcı tərəfindən müəyyən olunan kənar zaya bölünür.

Daxili zay istehsal müəssisəsi daxilində məhsulun alıcıya yüklənməsinə qədər olan vaxtda müəyyən olunmalıdı. Kənar zay mal alıcıya yükləndikdən sonra alıcı tərəfindən müəyyən olunmuş zaydır.

Zay məhsulun sənədləşdirilməsi

Ortaya zay məhsul çıxıbsa, xüsusilə də İstehsalçı tərəfindən düzəldilməsi mümkün olmayan (bərpa edilə bilinmədiyi halda) mütləq texniki nəzarət şöbəsi mütəxəssislərinin iştirakı ilə akt tərtib edilməli, aktda məhsulun ziyanın növü, xarakteristikası, səbəbləri, miqdarı, standartlardan uzaqlaşma həddi əks olunur. Həmçinin, əgər məlumdursa müqəssir qeyd edilir, habelə zayın maya dəyəri, itki məbləği və zay kimi qəbul olunmuş məhsul və ya yarımabrikatların qəbuluna qeydiyyat aparılır. .

Akt müəssisənin texniki nəzarət şöbəsinin işçiləri, sex rəisi və baş ustası tərəfindən tərtib olunmaqla mühasibatlığa təqdim olunur. Mühasibatlıqda istehsalda zay məhsulun maya dəyəri kalkulyasiya olunur. Tərtib olunmuş akt müəssisə rəhbəri tərəfindən təsdiq edilir. Bu əməliyyatdan sonra müəssisə rəhbəri müəyyən olunmuş zərərin təqsirkar şəxslər tərəfindən ödənməsi və ya müəssisənin istehsal məsrəfləri hesabına silinməsi haqqında qərar qəbul edir.

İstehsalda zay məhsul “Zay məhsullara dair akt”-la, zay məhsulların qəbulu “Zay məhsulların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir. Bu akrların forması Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında AR Maliyyə Nazirliyinin Kollegiyasının 04.04.2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 04.10.2017 tarixli Q-12 saylı qərarla təsdiq edilib.

İstehsalatda zay hesabı üzrə analitik uçot müəssisənin ayrı-ayrı sexləri, məhsulların növləri, xərc maddələri, zayın günahkarları və səbəbləri üzrə aparılır.

Fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlir vergisindən azadolmaları

Print Friendly, PDF & Email