Maya dəyəri nədir?
İstehsal olunmuş məhsulun maya dəyəri, istehsala çəkilmiş bütün məsrəfləri özündə cəmləşdirməklə məhsul vahidinin ilkin dəyərini əks etdirir. Müəssisələrdə maya dəyərinin düzgün hesablanması vacib məsələlərdən biridir. Amma bu məsrəflərin sadəcə hesablanması deyil, məhsul vahidinə yaxud məhsul dəstinin istehsalı və satışı xərclərinin pul ifadəsində hesablanmasıdır. Belə hesablama maya dəyərinin kalkulyasiyası adlanır.
Maya dəyərində aşağıdakı xərclər nəzərə alınır:
- xammal və materiallar;
- elektrik enerjisi və digər zəruri enerji;
- avadanlıqların alınması yaxud icarəsi, onlara texniki xidməti;
- işçilərin əməkhaqları;
- vergi ödəmələri;
- reklam və marketinq;
- digər xərclər.
Müəssisələrdə maya dəyərinin kalkulyasiyasının düzgün aparılması vacib məsələlərdən biridir. Gəlirlərin daha faydalı istifadəsi maya dəyərinin düzgün müəyyən edilməsi nəticəsində mümkündür.
Maya dəyərinin düzgün kalkuyasiyasına nail olmaq məqsədiylə mühasibat bölməsi məsrəflərin ilkin sənədlərinin tamlığına diqqət yetirməli, onlar əsasında vaxtında dəqiq uçot aparmalıdır.
Mühasibatlıq, onun timsalında müəssisə məhsulların miqdarına, dəyərinə, çeşidinin uçotuna, əmək, həmçinin digər ehtiyatların istifadəsinə, habelə smetaya, məsrəflərin müəyyən edilmiş normativlərə uyğun istifadəsinə nəzarəti effektiv həyata keçirməlidir.
Maya dəyərinin kalkulyasiyası nədir?
Kalkulyasiya sözü nəyinsə hesablanması mənasını verir. Yuxarıda qeyd etdiyimiz kimi, nəyinsə kalkulyasiya edilməsi, onun vahidinin maya dəyərinin hesablanması deməkdir. Hazır məhsulun hansısa növü, satış məqsədiylə alınan aktivlər, göstərilən xidmətlər kalkulyasiya edilə bilər.
Maya dəyərinin düzgün kalkulyasiyası niyə vacibdir?
Çünki bu:
- biznesin gəlirliliyinin qiymətləndirilməsinə;
- xərclərin optimallaşdırılması üçün qərarlar qəbul etməyə;
- fəaliyyətin real məlumatlar əsasında planlamasına;
- planların icrasına nəzarətə;
- pərakəndə və topdansatışda qiymətlərin əsaslandırılmasına;
- resurslardan istifadənin səmərəliliyinin qiymətləndirilməsinə;
- potensial mənfəətin hesablanmasına kömək edir.
Maya dəyərinin kalkulyasiyası istehsal prosesinin əvvəlindən hazır məhsulun hazır olmasına qədər çəkən prosesdə məsrəflərə, həmçinin təbii itkilərə nəzarətə imkan verir.
Bundan əlavə, bitməmiş istehsal və hazır məhsulların maya dəyəri haqqında məlumatlar maliyyə hesabatlılığı üçün lazımdır.
Biznesin rentabelliyini qorumaq məqsədi ilə ən azı bir neçə ayda bir dəfə maya dəyərinin hesablanması yenidən hesablamağa dəyər.
Maya dəyərini düzgün hesablamaq üçün istehsal xərclərinin tərkibini düzgün müəyyən etmək, uyğun məsrəflər uçotu metodunu tətbiq etmək vacibdir.
Məsrəflər uçotunun metodları
Maya dəyərinin kalkulyasiyası məqsədi ilə məsrəflər uçotunun universal metodu yoxdur. Hansı metodun seçilməsi müəssisənin fəaliyyət növündən, istehsalın həcmindən və digər amillərdən asılıdır. Kalkulyasiya zamanı məsrəflər uçotunun aşağıdakı metodlarından istifadə oluna bilər:
- Normativ uçot sistemi ilə kalkulyasiya
- Sifarişli kalkulyasiya
- Mərhələli kalkulyasiya
- Sadə kalkulyasiya
- Direkt-kostinq metodu
Normativ metod mürəkkəb istehsal sahələrində istifadə olunur. Normativ metod zamanı hər məhsul üçün istehsal məsrəfləri qabaqcadan təyin edilir, sanki bir normativ yaradılır. Sonra real məsrəflər normativlərlə tutuşdurularaq kənarlaşmaların səbəbi aydınlaşdırılır. Əsas məqsəd əmək qüvvəsindən, xammaldan, ümumiyyətlə istənilən maliyyə ehtiyatlarından səmərəsiz istifadənin qarşısını almaqdır.
Sifariş metodunda məhsul son istehsal nəticəsi əsasında təyin olunur. Əsas etibarı ilə kiçik istehsalata xas metoddur. Tikinti sahələrində ( bina, gəmi və.s), iri avadanlıqların istehsalında sifariş metodunun tətbiqinə daha çox rast gəlmək olar. Sifariş metodu əsasında işləyən müəssisələr müntəzəm olaraq konkret məhsullar istehsal etmir. Hər şey qəbul etdikləri sifarişdən asılıdır. Hazırlanma prosesi uzun vaxt çəkərsə, sifarişlər hissə-hissə yerinə yetiriləcək. Hər sifarişə ayrıca hesab açılaraq həmin sifarişə çəkilən məsrəflər məhz orada cəm olunur.
Sifariş tam bitdikdən sonra hesabat kalkulyasiyası edilir.
Mərhələ metodu elə sahələrdə tətbiq edilir ki, orada yarımfabrikatlar istehsal edilir. Yəni istehsal prosesi mərhələli şəkildə arada yarımfabrikat əldə edilməklə həyata keçirilir. Bəzən həmin yarımfabrikatlar satıla bilən olur. Əlqərəz, nəinki hazır məhsulun hətta yarımfabrikatın belə kalkulyasiyasını etmək lazım gəlir.
Maya dəyərinin kalkulyasiyası məqsədi ilə direkt-kostinq metodu tətbiq edildikdə məsrəflər sabit və dəyişən kimi iki qrupa bölünür. Dəyişən məsrəflər vaxt çərçivələri ilə məhdudlaşmır və istehsal həcminə bağlıdır, məsələn, materiallar, işəmuzd əməkhaqqı, qablaşdırma xərcləri və s.
Sabit məsrəflər isə, əksinə, istehsalın həcmindən asılı deyil, müəyyən bir müddətə bağlıdır, məsələn icarə haqqı, kommunal xidmətlər, sabit əməkhaqqı və s. Bu məsrəflərin cəmi istehsalın maya dəyərini müəyyən etməyə imkan verir.
Direkt-kostinq metodunun mahiyyəti ondan ibarətdir ki, istehsal prosesi ilə bağlı olmayan sabit məsrəflər maya dəyərinin hesablanmasına daxil edilmir. İstehsal həcmlərindən bilavasitə asılı olan dəyişən məsrəflər isə məhsulun maya dəyərinə təsir edir.