Məsrəflər, xərclər və mənfəət haqqında ümumi anlayışlar

posted in: Xəbər | 0

İstehsal nədir?

İstehsal – xammal, materiallardan istifadə etməklə yeni növ məhsulun yaradılması prosesidir. O, bütün növ ticarət əməliyyatlarının başlanğıcıdır. Ətrafınızda gördüyünüz istənilən əşya, məhsul haradasa istehsal olunub, sonra isə onlar birbaşa istehsalçıdan yaxud ticarətçidən alınır.

Bəzi hallarda, məsələn, kənd təsərrüfatı sahəsində, istehsal prosesi faktiki xammal olmadan da gedə bilir. Əlbəttə, heç nə yoxdan yaranmır, lakin istehsal üçün xüsusi xammala ehtiyac olmur, yaxud xammal özü daha əvvəl hazırlanmış məhsuldan əldə edilə bilən olur və bizim ənənəvi xammalımızdan fərqlənir. Kənd təsərrüfatı məhsullarının istehsalı buna bariz nümunə ola bilər. Bəlkə bu nümunə primitiv ola bilər, amma, hər halda fikrimizi izah etməyə yarayar: əlinizdə alma varsa, onun içindəki toxumdan yeni alma ağacı bitirə, çoxlu yeni almalar əldə edə bilərsiniz. Belə sahələr istehsalın xüsusi sektorları hesab edilir.

Burada əsas olan odur ki, “məsrəf” və “xərc” anlayışlarını bir birindən ayıraq. Bu idarəetmə üçün önəmlidir. Belə ki, müəssisə istehsal əməliyyatlarının icrası prosesində özünün sərəncamında olan material, əmək, maliyyə ehtiyatları sərf edir. Bütün bunların məcmusu hazırlanmış məhsulun (işin, xidmətin) maya dəyərini fоrmalaşdırır. Məsrəfləri və xərcləri anlayaraq onlara nəzarət etmək, optimal istehsal prosesini tapmağa, maya dəyərini azaltmağa və şirkətin kapitalını artırmağa imkan verir.

Məsrəflər nədir?

“Məsrəf” sözü “sərf” sözü ilə eyni kökdəndir, ərəb mənşəlidir, “sərf edilmiş” deməkdir. O, hər-hansı bir resursun (məsələn, material, əmək və sair) faktiki azalmasın xarakterizə edir. Məsrəflər şirkətin fəaliyyəti və inkişafı üçün zəruri olan aktivləri əldə etmək üçün xərclədiyi puldur, məsələn, binanın, avadanlıqların, kompüterlərin alınması buna bir nümunədir. Bütün bunlar malların istehsalı və ya xidmətlərin göstərilməsi prosesindən əvvəl baş verir. Məsrəflər şirkətin gələcəkdə gəlir əldə etmək üçün bu gün xərclədikləridir.

Mühasibat xidmətləri

İdarəetmə hesabatlarında məsrəflər açıq şəkildə əks olunmur. Bununla belə, onu “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da (statement of cash flow) silinmələr kimi, habelə “Maliyyə vəziyyəti haqqında hesabat” (sadəcə balans hesabatı adlandıraq) isə “Aktivlər” bölməsində görmək olar.

Aktivlər – şirkətin nəzarət etdiyi və gələcəkdə gəlir gətirməsi gözlənilən resurslardır.

Məsələn, balans hesabatında mal-materiallar yaxud yenidən satış üçün malların alınmasına sərf edilən pullar “Ehtiyatlar” kimi öz əksini tapacaq.

Şirkət istehsal üçün dəzgah aldıqda, “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda” bu nağd pul axını kimi əks olunur. Balans hesabatında “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsində azalma və “Torpaq, tikili və avadanlıqlar” maddəsinin artımını görə bilərsiniz. Məsrəflər mənfəət və zərər haqqında hesabat göstərilmir.

Məsrəflər aktivlərə, xərclərə yaxud zərərə çevrilə bilər.

  • Nə qədər ki, dəzgah istehsal üçün istifadə olunur, o, aktivdir;
  • Əgər şirkət onu satmaq qərarına gələrsə və gəlir əldə edərsə, onun alınmasına çəkilən məsrəflər xərcdir;
  • Dəzgah yararsız hala düşərsə, onun dəyəri zərər kimi silinəcəkdir.

Bəs məsrəflər xərcə necə çevrilir yaxud ümumiyyətlə:

Xərc nədir?

Əgər fikir verimsinizsə “Xərc” anlayışı əksər hallarda “Gəlir”-lə qoşa işlənir. Xərclər gəlirlə dəstəklənən məsrəflərdir. Onların hər ikisi müəssisənin maliyyə və mühasibat hesabatlarında nəzərə alınır.

Gəlin bunu nümunədə izah etməyə çalışaq. Məsələn, kafe öz müştərilərinə qulluq etmək üçün yemək hazırlayır. Təbii ki, müxtəlif ərzaq məhsulları olmadan bunu etmək olmaz. Alışa sərf edilmiş pullar məsrəfdir. Kafe həmin məhsullardan istifadə edəndə və hazırladığı yeməkləri müştərilərə satanda xərc formalaşır. Həm də gəlir yaranır. Xərc həmişə gəlirlə qoşa meydana çıxır.

Yuxarıdakı nümunəni ümumiləşdirib deyə bilərik ki, məhsul müştərilərə satıldıqda məsrəflər xərcə çevrilir. Bu, idarəetmə uçotunda əsas məqamdır, çünki menecerə resursların necə sərf olunduğunu və  bunun gəlirə təsirini başa düşməyə kömək edir.

Bunu bilmək vacibdir: məsrəflər aktivlərdir, xərclər isə aktiv olmayacaq, çünki onlar yekun gəlirin formalaşması üçün artıq ümumi dövriyyədən çıxıb.

Məsrəflərdən fərqli olaraq, xərclər uçot məlumatlarının maraqlı tərəfləri (həm daxili, həm də xarici məlumat istifadəçiləri) üçün hazırlanan maliyyə hesabatlarında göstərilir. Xərc maddələrini “Mənfəət və zərər hesabatının” bölmələrində tapmaq olar. Hesabat özündə müəyyən dövr üçün gəlirləri, xərcləri və mənfəəti əks etdirir.

Bəs mənfəət nədir?

Mənfəət gəlir və xərc arasında fərqdir. Yəni bu, bütün istehsal və satış xərcləri çıxıldıqdan sonra qalan məbləğdir. Bəzən elə olur ki, fərq mənfi göstəriciyə malik olur – bu, artıq zərərdir.

İqtisadi ədəbiyyatda mənfəətin ümumi mənfəət, satışdan mənfəət, xalis mənfəət və sair bu kimi növləri fərqləndirilir.

Ümumi mənfəətdən müəssisə kredit faizləri, icarə, xeyriyyə fondlarına, azadolma və güzəştlər nəzərə alınmaqla mənfəət vergisi və digər bu kimi kənar ödənişləri həyata keçirir.

Qalan xalis mənfəət müəssisənin istehsal ehtiyacları, fəaliyyətin genişləndirilməsi, kadr hazırlığı və sair bu kimi sahələrə yönəldilir.

Bunlardan başqa daha bir anlayışı da rast gəlirik – istehsalat məsrəfləri.  İstehsalat məsrəfləri müəyyən bir məqsədə çatmaq üçün çəkdiyi bütün məsrəf və xərcləri özündə birləşdirir, birdəfəlik yaxud davamlı ola bilər. İstehsalat məsrəfləri resursdan istifadənin səmərəliliyin müəyyən etmək üçün təsərrüfat uçotu və təhlilində geniş istifadə olunur.

İstehsalat məsrəfləri müəyyən bir məqsədə çatmaq üçün çəkdiyi bütün məsrəf və xərcləri özündə birləşdirir

Mühasibat uçotu baxımından xərc nədir?

Biz yuxarıda məsrəf və xərclərin fərqli cəhətlərini qeyd etdik. Amma, adətən sahibkarlar, qeyri-mühasiblər bunun fərqinə varmırlar. Mühasibat uçotunda isə bu dəqiq reqlamentləşdirilib, mühasiblər üçün sərf olunmuş vəsaitin xərc kimi tanınması üçün vaxt önəmlidir. Sahibkar ofisinə aldığı mobil telefon, onun işlək vəziyyətdə qalması üçün sərf etdiyi aylıq rabitə haqqını xərc sayır. Lakin mühasib üçün birinci əməliyyat xərc olmayıb aktivlərin yerdəyişməsi, ikinci əməliyyat isə birbaşa xərc kimi tanınır.

Bu iki yanaşma arasında fərq ondadır ki, müəssisə pul verib ofisə telefon alıbsa, əslində xərc etməyib. Çünki mobil telefon aktivdir, müəssisə sanki, aktivini barter etməklə onun formasını dəyişmişdir. Müəyyən müddət sonra həmin telefonu satıb yenidən pul əldə etmək mümkündür. Xərc isə aktivlərin geri dönüşsüz axınıdır. Xərc öhdəliklərin geri dönüşsüz artımı olmalıdır.

Yuxarıdakı nümunədə ofisə alınmış telefonun aylıq rabitə xidməti haqqı birmənalı şəkildə xərc kimi uçota alınmalıdır. Çünki o pulun geri dönüşü olmayacaqdır.

Ona görə də deyə bilərik ki, “Xərc istifadənin nəticəsidir!”

Təbii ki, bu tərif özündə xərc anlayışının bütün çeşidlərini əhatə etmir, lakin sizə xərclərin böyük çoxluğunu başa düşməyə kömək edəcəkdir. Məsələn, aylıq işıq, qaz, su, rabitə, internet xidməti ödənişləri, mühafizə xidməti, məsləhət xidməti, mühasibat xidməti və s. bütün bunlar sizin istifadənizin nəticəsi olaraq ortaya çıxır, bitir. Məsrəfdən fərqli olaraq, onu artıq geri dönüşü olmur, sizi digər şəxslər qarşısında öhdələyir. Xərc istehlakın nəticəsidir.

Xərc dedikdə mütləq pul vəsaitinin çıxmasını düşünməyin, xərc barter zamanı da formalaşa bilər ya da məsələn amortizasiya xərci pulun çıxmasına bərabər deyil.

ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyicisinin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ