İşçilərin sayı ixtisar edilərkən əmək müqaviləsinin ləğvi

posted in: Xəbər | 0
birbank biznes

İxtisar nədir?

Müəssisədə əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi yalnız işçi üçün deyil, həm də işəgötürən üçün zəmanətdir. Düzgün tərtib edilmiş bu hüquqi sənəd işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi zamanı bir çox problemlərin həllinə kömək edir. AR Əmək Məcəlləsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi hallarını (maddə 70), habelə bu zaman görülməli olan tədbirləri (maddə 71) şərh edir.

İşçilərin sayı və ya ştatları ixtisar etmək əmək müqaviləsinin ləğvinə əsas səbəblərdən biridir.

İxtisar, işçinin işdən çıxarıldığı və vəzifəsinin ləğv edildiyi bir prosesdir. Adi işdən çıxarılma zamanı vəzifə ştat cədvəlində qala bilər və şirkət işçini əvəz etmək üçün başqa bir mütəxəssis işə götürmək hüququna malikdir. İşçilərin ixtisarı zamanı bu mümkün deyil.

İşəgötürən işçilərin sayı və ya ştatları ixtisar edərkən aşağıdakı əmək müqavilələri ləğv edilə bilməz:

  • hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
  • əmək qabiliyyətini müvəqqəti itirilməsi zamanı;
  • işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
  • öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faizi pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin;
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddətdə.

İşəgötürən bütün hallarda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

İşçilərin ixtisarı zamanı müavinət

Müəyyən səbəblərə görə əmək müqaviləsinin ləğvi zamanı işəgötürən işçiyə işdən çıxma müavinətini ödəməyə borcludur. Müavinətlərin ödənilməsi üçün əsaslar əmək qanunvericiliyi ilə müəyyən edilərək işəgötürənin yerli aktlarında, kollektiv və əmək müqavilələrində də nəzərdə tutula bilər.

Müəssisə və təşkilatlarda işçilərin sayı və ya ştat tərkibi işəgötürən tərəfindən müəyyən olunur. Buna görə də ştat tərkibinin tez-tez dəyişməsi mümkündür. İxtisarın aparılması istehsalın təşkilini təkmilləşdirmək, artıq xərclərin qarşısını almaq məqsədilə işəgötürənin əmrinə əsasən həyata keçirilir. İşçilərin sayı və ya ştatları ixtisar olunan zamanı aşağıdakı şərtlər təmin edilməlidir:

  • işçinin işgüzar keyfiyyətləri nəzərə alınmalı;
  • işçiyə əvvəldən rəsmi xəbərdarlıq edilməli;
  • işçinin peşəkarlığı nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı hökmən araşdırılmalı;
  • işdə saxlanmaq üçün üstünlük hüququna əməl edilməlidir və s.

İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işçilərin təminatı

Müəssisələrdə ştatların azaldılması zamanı işçi  işəgötürən tərəfindən aşağıdakı müddətlərdə rəsmi məlumatlandırılmalıdır (AR ƏM, maddə 77):

  • bir ilə qədər iş stajı – ən azı 2 təqvim həftəsi;
  • bir ildən 5 ilədək iş stajı – 4 təqvim həftəsindən az olmayaraq;
  • 5 ildən 10 ilə qədər iş stajı – 6 təqvim həftəsindən az olmayaraq;
  • 10 ildən çox iş stajı – 9 təqvim həftəsindən az olmayaraq.

Staj işçinin işlədiyi müəssisədə bağlanmış əmək müqaviləsi əsasında müəyyən olunur.

Əmək müqaviləsinin ləğvi haqqında xəbərdarlıq müddəti ərzində işçi məşğulluq mərkəzinə, başqa işəgötürənlərə iş üçün müraciət edə bilər. Buna görə də  işçiyə hər iş həftəsində əməkhaqqı saxlanmaq şərtilə ən azı bir gün işdən azad olunaraq iş axtarmasına imkan yaradılmalıdır.

İxtisar zamanı işdənçıxarma müavinəti

İşdənçıxarma müavinəti işçinin əmək stajından asılı olaraq aşağıdakı məbləğdə ödənilir:

  • bir ilədək əmək stajı – orta aylıq qazanc məbləğində;
  • bir ildən 5 ilədək əmək stajı – orta aylıq əməkhaqqının 1,4 mislindən az olmayaraq;
  • əmək stajı 5 ildən 10 ilədək – orta aylıq əməkhaqqının 1,7 mislindən az olmayaraq;
  • 10 ildən artıq əmək stajı – orta aylıq əməkhaqqının azı iki misli.

Ştatların azalması ilə bağlı əmək müqaviləsinin ləğvi zamanı müavinətlər hesablanan  zaman işçinin ümumi əmək stajı deyil, yalnız onun çalışdığı  müəssisədə qazandığı  staj nəzərə alınır.

İşdənçıxarılma müddətinin əvəzlənməsi

İşçilərin sayı və ya ştatları ixtisar edilən zaman işəgötürən işdən çıxarılma barədə xəbərdarlıq müddətinin əvəzinə işçinin razılığı ilə aşağıda qeyd olunan əməkhaqqını birdəfəyə ödəyərək müqaviləni ləğv edə bilər:

  • orta aylıq qazancın 0,5 misli – azı 2 təqvim həftəsi üçün;
  • orta aylıq qazancın 0,9 misli – azı 4 təqvim həftəsi üçün;
  • orta aylıq qazancın 1,4 misli – azı 6 təqvim həftəsi üçün;
  • orta aylıq qazancın iki misli – ən azı 9 təqvim həftəsi üçün.

ƏM-nin 77-ci maddəsində  əmək müqaviləsinə işçilərin ixtisarı ilə əlaqədar xitam verildikdə işçiyə xəbərdarlıq müddətinin əvəzinə əməkhaqqı  və işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulur. Deməli, xəbərdarlıq müddəti bitmədən müqavilə əmək müqaviləsinin ləğvi ilə bağlı bu ödənişlərin hər ikisinin işçiyə verilməsi təmin edilməlidir. Lakin qeyd etmək lazımdır ki, xəbərdarlıq müddəti əvəzinə edilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

İxtisarla bağlı əmək müqaviləsinə xitam verilmiş işçi Məşğulluq mərkəzində işsiz kimi qeydiyyyata alına bilər. Ən azı 1 illik sığorta stajına malik olan işçi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq hüququna malikdir. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə müəyyən olunur.

İşçilərin sayı və ya ştatları ixtisar edilən zaman əmək müqaviləsinin ləğvi ilə bağlı ödənilən müavinətlər gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Print Friendly, PDF & Email