Kommersiya müəssisələri, onların təsnifatı

posted in: Xəbər | 0
birbank biznes

Fərdi müəssisələrin üstün və mənfi cəhətləri

Bizim Azərbaycan biznes mühitində fəaliyyət göstərən fərdi sahibkar (sahibkarlıqla məşğul olan fiziki şəxslər) beynəlxalq mühasibat (maliyyə) uçotu təsnifatına əsasən fərdi müəssisə (kommersiya müəssisələri) kimi təsvir edilir. Tarixi baxımdan ilk müəssisə növü olan bu sahibkarlıq subyektləri öhdəliklərə görə özləri məsuliyyət daşıyırlar. Şəxsi biznesini quraraq gəlir əldə etmək istəyən fərdi sahibkar müvafiq qaydada müraciət edir, dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayır. O, ayrıca hüquqi şəxs yaratmaq istəmir, kimisə öz biznesinə ortaq etmək fikrində deyil. Fiziki şəxs:

  • öz adı altında qeydiyyatdan keçir;
  • təsərrüfat fəaliyyəti üçün biznes planı hazırlayır;
  • hüquqi şəxslərlə eyni əsasda mühasibat uçotu aparır;
  • seçdiyi sahədə biznesini inkişaf etdirir.

Fərdi müəssisə gəlirini heç kəslə bölüşmür, öhdəliklərinə özü, tam şəkildə, hətta biznesinə aid olmayan əmlakı, aktivləri ilə məsuliyyət daşıyır.

Üstün cəhətləri:

  • Dövlət qeydiyyatına alınmaq, qeydiyyatın ləğvi rahatdır.
  • Qeydiyyat, prosedurlarda tələb olunan sənəd sayı digər kommersiya müəssisələri ilə müqayisədə azdır, adətən şəxsiyyətini təsdiq edən sənəd, vergi uçotu şəhadətnaməsi kifayətdir. Möhürsüz də fəaliyyət göstərə bilər.
  • Tək rəhbər olduğuna görə qərar vermək zamanı kiminsə fikir, istəyindən asılı deyil, müstəsna hüquqları əlində cəmləyərək həqiqi söz sahibidir. Belə idarəetmə “2 qoçun başı bir qazanda qaynamaz” prinsipinin təsirini heçə endirir, müxtəlif ortaqların fərqli qaydalarının gətirə biləcəyi pis sonluqdan qoruyur.
  • Əldə edilmiş gəlirləri dövlətə dividend vergisi ödəmədən, heç kəslə bölüşmədən tam şəkildə yararlanır.

Mənfi cəhətləri:

  • Mürəkkəb biznes qərarların alınmasında tək olması, hər halda “ağıl ağıldan üstündür”;
  • Bəzən inkişaf üçün maliyyə sıxıntısı yaşanması;
  • Banklardan, müxtəlif maliyyə institutlarından, kənar şirkətlərdən maliyyə vəsaiti cəlb etmək problemlidir. Çünki investorlar haqlı olaraq fərdi sahibkarı tam təşkilatlanmamış riskli müəssisə tək qəbul edir;
  • Fərdi müəssisə biznesini özü idarə edir, odur ki, iş rejimi gərgindir. İstirahətə vaxt ayırmaqda çətinlik çəkir, birbaşa nəzarət etməsə biznesdə problemlər müşahidə edilir;
  • Digər kommersiya müəssisələrindən fərqli olaraq riskləri özü daşıyır.

Şərikli müəssisələr, korporasiyalar

Ortaq müəssisənin şərikləri müxtəlif qaydalarda təşkilatlana bilər. Azərbaycan qanunvericiliyi ortaqlığın 2 formasını tanıyır:

  • tam ortaqlıq;
  • kommandir ortaqlıq.

Korporasiyalar dedikdə təsərrüfat cəmiyyətləri, səhmdar cəmiyyətləri nəzərdə tutulur. Həmin cəmiyyətlərin özləri bir-neçə qrupa bölünür. Korporasiyalar mühasibat uçotuna kifayət qədər ehtiyacı olan, mühasibatlığa daha yaxın müəssisə növləridir. Mühasiblər, adətən korporasiyalarda daha çox çalışırlar. MMC-lər korporasiyanın növlərindən biridir.

Fərdi sahibkarlığın üstün cəhətlərinin əksini korporasiyaların mənfi cəhəti, mənfi cəhətlərinin əksini isə üstün cəhəti tək dəyərləndirmək olar.

Müxtəlif ortaqlıqlar, hüquqi şəxsin müxtəlif növləri (MMC, ASC, QSC və s.), onların fəaliyyətinin hüquqi əsasları Mülki Məcəllənin 4-cü fəsli (“Hüquqi şəxslər) ilə müəyyən edilir.

İndi isə istərdik müəssisələrin, o cümlədən kommersiya müəssisələrinin mümkün təşkilati hüquqi formalarını aşağıdakı sxem üzərindən sizə təqdim edək:

Müəssisələrin mümkün təşkilati hüquqi formaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir.

Kommersiya müəssisələrinin əsas fəaliyyət istiqamətləri

Müəssisələr əsasən:

  • əməliyyat;
  • investisiya;
  • maliyyə fəaliyyəti ilə məşğul olurlar.

Əməliyyat fəaliyyəti onların əsas fəaliyyətini təşkil edir, müəssisənin gəlir götürmək istiqamətində göstərdiyi təsərrüfat fəaliyyətlərini nəzərdə tutur. Bunu vergi orqanında qeydiyyata alınmış əsas fəaliyyəti kimi başa düşmək doğru olmaz.

İnvestisiya fəaliyyəti sərmayə qoyuluşu prosesidir, gəlirlərinin artırılması istiqamətində atılmış fərqli addımlardan biridir.

Müəssisənin maliyyə fəaliyyətinin əhatə dairəsi genişdir. Bu anlayış özündə:

  • onun sahib olduğu maliyyə vəsaitləri üzərindən aparılan əməliyyatları;
  • fəaliyyətini genişləndirməsi, müflis olmaq halının qarşısının alınması;
  • digər məqsədlər üçün kənar maliyyə vəsaitləri cəlb edilməsi prosesini birləşdirir.

Kommersiya müəssisələri öz fəaliyyətində bunların hər üçündən eyni vaxtda istifadə edə bilər.

Xitam prosesində son haqq hesabın hesablanma qaydası

Print Friendly, PDF & Email