Lizinq müqaviləsi barədə araşdırma

posted in: Xəbər | 0

Hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38-ci fəsli ilə əsas tənzimlənməsi mövcud olan lizinq münasibətləri hazırda ölkə iqtisadiyyatında, xüsusilə nəqliyyat və kənd təsərrüfatı sferasında öz təşəkkülünü tapmışdır. Qeyd etmək lazımdır ki, lizinq münasibətlərinin başlıca tənzimləməsi lizinq verənin (lizinq şirkəti) müəyyən əşyanı lizinq alana (istehlakçı) müəyyən dövriliklə istifadə üçün təqdim etməsi ilə mümkündür. Lizinq şirkətləri hazırda kənd təsərrüfatı texnikalarını, nəqliyyat vasitələrini və digər avadanlıqları öz mülkiyyətində saxlamaqla istənilən satıcıdan aldıqdan sonra istehlakçılarla bağladığı lizinq müqaviləsinə əsasən müəyyən dövr ərzində onların istifadəsinə verir. Lizinq müqaviləsinə əsasən lizinq şirkəti mülkiyyətində olan əşyaları istehlakçının mülkiyyətinə keçirmək şərtilə də lizinq müqaviləsini bağlaya bilir.

Lizinq müqaviləsi mühüm bir sənəd hesab edildiyi üçün istehlakçı tərəfindən peşəkarların köməkliyi ilə bu müqaviləni imzalamaq məqsədəuyğundur. Belə ki, istər lizinqə götürülən əşyanın mülkiyyətə verilib-verilməməsi məsələsi, istərsə də həmin əşyanın istifadəsi, sığortalanması, zərərlərin tənzimlənməsi, amortizasiyası və digər münasibətlər birbaşa lizinq müqaviləsi ilə müəyyən edildiyi üçün müqaviləni imzalamazdan əvvəl bu şərtlərə diqqət göstərilməsi mütləqdir.

Yaxın qohumlara kimlər aid edilir? (Yaxın qohumlar üzrə qanunverici mövqeyi)


Bu yazıda lizinq verənin – lizinq şirkətinin hüquq və vəzifələri barədə qeyd edəcəyik.
  • Əmlakı istehlakçıya lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
  • Lizinq şirkəti müvəqqəti sahibliyə və istifadəyə verilən əmlakın lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya istehlakçıya əvvəlcədən məlum olan, yaxud istehlakçının əşyanı nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
  • İstehlakçı əşyanı qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
  • Əgər istehlakçı lizinq şirkətinin yazılı razılığı ilə əşyanı öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra istehlakçı, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir.
  • Lizinq verənin əmlakına yönəldilmiş üçüncü şəxslərin iddiası lizinq verənin yalnız bu mülkiyyət hüququnun obyektinə lizinqə götürülən əşyaya münasibətdə aid edilə bilər.
  • Lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə istehlakçı tərəfindən əməl edilməsinə lizinq verənin nəzarət etmək hüququ vardır.
  • İstehlakçının lizinq müqaviləsi üzrə lizinq obyektinə aid öhdəliklərini yerinə yetirməsi hissəsində onun fəaliyyətinə maliyyə nəzarətini həyata keçirmək hüququna malikdir.
  • Maliyyə nəzarətini həyata keçirməyə lazım olan məlumatı almaq üçün istehlakçıya yazılı sorğu göndərmək hüququ vardır, istehlakçı isə bu sorğulara cavab verməyə borcludur.
  • Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq şirkəti əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə istehlakçı qarşısında məsuliyyət daşıyır.
Bu hallarda lizinq müqaviləsinə lizinq şirkəti tərəfindən xitam verilə bilər:
  • icazəsi olmadan sublizinq həyata keçirilərsə;
  • lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə
  • lizinq obyekti işlək halda saxlanmırsa və bu da onun istehlak keyfiyyətləri pisləşdirirsə
  • lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş edilmirsə.

Göründüyü kimi lizinq şirkətinin hüquqları öhdəliklərindən daha çoxdur. Bu səbəbdən istehlakçılar tərəfindən lizinq münasibətlərində daha ciddi yanaşma zəruridir.


Malların alış dəyərini hesablamaq üçün hansı məqamlar nəzərə alınmalıdır?


Biznes hesabi