Məzuniyyət haqqı hesablanması zamanı nəzərə alınan əməkhaqları

posted in: Xəbər | 1
birbank biznes

Məzuniyyət vaxtı saxlanılan əməkhaqqı

Məzuniyyət işlədiyi iş yeri, vəzifəsi saxlanılmaqla işçinin iş günləri ərzində müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. Həmin müddətdə Əmək Məcəlləsinə uyğun olaraq işçiyə orta əməkhaqqı verilir, bu onun qanunvericiliklə müəyyən olunmuş hüquqi təminatlarından biridir (ƏM, maddə 111). İşəgötürən işçiyə müxtəlif ödənişlər edə bilər. Bəs məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər hansılardır? İşçinin məzuniyyət haqqının hesablanması orta əməkhaqqı əsasında aparılır.

Əməkhaqqı – iş vaxtı  ərzində işçilərin müqavilə üzrə yerinə yetirdikləri vəzifə və öhdəliklərə görə işəgötürən tərəfindən onlara ödənilən məbləğdir. Əmək funksiyasını lazımi şəkildə yerinə yetirmək işçinin vəzifəsi olduğu kimi, işləyən şəxsin əməyinin ödənilməsi də işəgötürənin vəzifəsidir. Bu məbləğin işçiyə pul, yaxud natura formasında ödənilməsi mümkündür. Həm gündəlik, həm də aylıq olaraq təyin edilən həmin məbləğə mükafatlar, habelə digər ödəmələr də əlavə edilə bilər. Bütün bunlar məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlərin tərkibinə daxil edilir.

Məzuniyyət hesablanması zamanı orta əməkhaqqının tapılması

Hər bir işçi il ərzində bir dəfədən az olmayaraq məzuniyyətlə təmin edilməlidir. Məlumdur ki, ilk iş ilində işçinin bu hüquqdan istifadəsi üçün 6 ay iş stajının olması zəruridir. Növbəti illərdə isə istənilən vaxt, yəni məzuniyyətlərin növbəlilik cədvəllərində nəzərdə tutulan vaxtda təyini mümkündür. Onun hansı ildə verilməsindən asılı olmayaraq işçilərə məzuniyyət haqqının hesablanması aparılır. Məzuniyyət haqqının hesablanması zamanı məzuniyyətə çıxılan aydan əvvəlki 12 ayın əməkhaqqısı əsas götürülür. İşçinin işlədiyi müddət 12 aydan az olduqda, hesablama onun faktiki işdə olduğu aylar üzrə aparılır. Bu zaman ilk növbədə məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər müəyyən edilir. AR ƏM-nin 140-cı maddəsinə əsasən orta əməkhaqqının təyini zamanı aşağıdakı qaydadan istifadə olunur:

(12 ayın gəliri ) / 12 ay  / 30,4 əmsalı.

Məzuniyyət haqqının hesablanması üçün bu üsulla bir günə düşən məbləğ tapılır və məzuniyyət günlərinin sayına vurulur. Beləliklə, məzuniyyət üçün işçilərə verilən orta əməkhaqqı hesablanmış olur.

Nümunə 1: “Merkur” MMC-də çalışan işçi 01.11.2020 tarixdə 30 günlük məzuniyyət götürür. İşçinin aylıq gəliri 700 manatdır. İşçiyə həmin ilin iyul ayında 300 manat mükafat hesablanılıb. Məzuniyyət haqqının hesablanması belə olacaqdır:

((700 x 12 ay) + 300) / 12 = 725 / 30,4 = 23,84 x 30 = 715,2 manat

Yuxarıdakı nümunədə 300 manat mükafat məbləği AR Nazirlər Kabinetinin uyğun qərarına əsasən məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər sırasına aid edilib. Qərarın tam mətni ilə buradan tanış olmaq olar.

Məzuniyyət hesablanmasında istifadə olunan əməkhaqqı növləri

Məzuniyyət vaxtı üçün işçinin orta əməkhaqqısının hesablanmasında istifadə edilən qazanclarını iki qrupa ayırmaq olar (ƏM, maddə 139):

  • hesablamada nəzərə alınanlar;
  • hesablamada nəzərə alınmayanlar.

Hər iki qrupa daxil olan ödənişlərin siyahısı AR NK-nın yuxarıda qeyd edilən qərarına bir saylı əlavə ilə tənzimlənir.

Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması və ödənilməsi qaydası AR ƏM-nin 140-cı maddəsində şərh olunub.

Məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər hansılardır?

Bu qrupa aşağıdakılar aiddir:

  • faktiki işlənən müddətə görə vəzifə maaşı;
  • kollektiv və fərdi mükafatlar;
  • kompensasiyalar, həvəsləndirmə məqsədilə verilən daimi əlavələr;
  • uşaqları yedizdirməyə görə verilmiş fasilənin ödənməsi;
  • susuz, yüksək dağlıq yerlərdə təyin olunan əlavə ödənişlər;
  • iş saatından artıq müddətdə icra olunan işlərin ödənişi;
  • istirahət, səsvermə, bayram, ümumxalq hüzn günlərindəki iş saatına görə ödənişlər;
  • iş qabiliyyəti müvəqqəti itirildikdə təyin edilən müavinətlər;
  • müvəqqəti əvəzetmə üçün ödəmə;
  • işin məcburi buraxılması halında ödəmələr;
  • ədəbi işçilərin qonorarı;
  • fondların təyin etdiyi qonorarlar, müəllifliyə görə qonorar;
  • əmək, təhsil, yaradıcılıq məzuniyyətlərində saxlanan əməkhaqqı və s.

Nəzərə alınmayan ödənişlər

Məzuniyyət haqqının hesablanması prosesində nəzərə alınmayan ödənişlərin tərkibi aşağıdakı kimidir:

  • birdəfəlik əlavə mükafatlar, həvəsləndirici ödənişlər;
  • vəzifədən kənar tapşırıqların icrasına görə ödəmələr;
  • maddi yardımlar;
  • ezamiyyə üçün ödəmələr;
  • yarış, müsabiqə üçün pul mükafatları;
  • işdən ayrılmaqla təhsil üçün göndərilən işçilərə verilən ödəmələr;
  • digər əraziyə iş yerdəyişməsi olduqda daşınma xərcləri, kirayə üçün ödəmələr;
  • məzuniyyətlərə görə kompensasiyalar və s.

Məcəlləsinin 139.2 maddəsində qeyd edilən məzuniyyət hesablanması zamanı nəzərə alınan ödənişlər və nəzərə alınmayan qazancların siyahısını, həmçinin əməkhaqqının əmsallaşdırma qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı AR Nazirlər Kabinetidir.


Print Friendly, PDF & Email

  1. Tutu
    |

    salam bağışayın narahat edirəm işçinin mezuniyyeti 21 gün olduğu teqdirde mühasib 30 gün mezuniyyet veribse və qanunnan 21 gün olduğu bilinibsə bu barədə qanun necə tənzim olunur?