Məzuniyyət hüququnun pozulmasına görə məsuliyyət

posted in: Xəbər | 0
birbank biznes

İşçilərin məzuniyyət hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsində qeyd edildiyi kimi, hər bir şəxs 8 saatlıq iş günü, istirahət və bayram günləri, həmçinin müddəti 21 gündən az olmayan məzuniyyət hüququna malikdir. Məzuniyyətlər işçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaq şərti ilə müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. İşçinin məzuniyyət hüququ işəgötürənlə əmək münasibətlərinə başladığı gündən yaranmış hesab olunur və Əmək Məcəlləsi ilə tənzimlənir.

Məzuniyyətdə olan işçinin işlədiyi yerin, vəzifəsinin, əməkhaqqının saxlanması şərti  onun ən mühüm hüquqi təminatıdır. İşəgötürən tərəfindən məzuniyyətdə olan işçinin müqaviləsinin ləğvi, onun intizam məsuliyyətinə cəlb olunması, başqa  vəzifəyə keçirilməsi yolveriməzdir. Həmin məzuniyyət müddəti işçinin əmək stajına aid  edilir (ƏM, maddə 111)

Bu maddələrə misal kimi aşağıdakı halları göstərmək olar:

  • əgər işəgötürən 28 günlük əmək məzuniyyətində olan işçinin iş yerini məzuniyyətdə olmasına baxmayaraq müəssisənin digər filialına dəyişmək istəyirsə, bu hal qanunauyğun deyil. İşçinin iş yerinin dəyişilməsi bir qayda olaraq onun məzuniyyətdən qayıtdığı vaxtda həyata keçirilə bilər.
  • İşçini  məzuniyyət hüququnun pozulmasına başqa bir nümunə: işəgötürənin məzuniyyətdə olan işçini bir neçə ay əvvəl yaranmış nöqsana görə ƏM-nin 186-cı maddəsinə uyğun intizam məsuliyyətinə cəlb edir. Belə tədbirin görülməsi qanunauyğun deyil, bu halda işçinin məzuniyyətdən geri qayıtmasını gözləmək tələb olunur.

Həm əmək, həm də kollektiv müqavilələrdə işçiyə məzuniyyət müddətində əlavə təminat və imtiyazların verilməsi nəzərdə tutula bilər.

Məzuniyyət hüququndan istifadəyə nəzarət

Qanunvericiliyə əsasən işçilərin məzuniyyət hüququnun pozulması, ondan istifadə qaydalarının məhdudlaşdırılması  qadağandır. İstər işçi, istərsə də işəgötürən əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktlarla müəyyən olunan hüquqların pozulmasına görə maddi, inzibati, intizam məsuliyyəti daşıyırlar. Həmin məsuliyyət növlərindən hər hansı biri yaranmış hüquq pozuntularının xarakterindən, motivlərindən asılı olaraq tətbiq olunur. İşçinin məzuniyyət hüququnun təmin olunmasına nəzarəti AR qanunvericiliyi ilə müəyyən olunmuş orqanlar, Dovlət Əmək Müfəttişliyi həyata keçirir. Aparılan yoxlamalar nəticəsində hər hansı bir qanun pozuntusu aşkar edilərsə, DƏM-nin təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmə hüququ vardır.

Misal olaraq qeyd etmək olar ki, qanunla 30 günlük məzuniyyət hüququ olan işçiyə 21 günlük məzuniyyət verilərsə, işəgötürənə inzibati cərimə tətbiq oluna  bilər. Həmçinin, işçiyə əlavə məzuniyyətlərin təyin edilməməsi də,  məzuniyyətdən istifadə hüququnun pozulması kimi qəbul olunur.


İstənilən biznes üçün qeyri-profil sahə olan kadr uçotunu bizə etibar edin!


Məzuniyyət hüququnun pozulmasına görə cərimə

İşəgötürən əmək məzuniyyətinin işçiyə düzgün hesablanaraq verilməsinə məsuliyyət daşıyır. İnzibati Xətalar Məcəlləsi-nin 192.4 bəndinə müvafiq olaraq  işçinin məzuniyyət haqqının hesablanması və ödənilməsi zamanı qanun pozuntusuna yol verildikdə, 700-1500 manat aralığında cərimələr tətbiq edilir. Bu zaman  riyazi hesablama ilə əlaqədar yaranan nöqsan bir istisna hal kimi qəbul oluna bilər.

Tutaq ki, DƏM-nin apardığı yoxlamalar nəticəsində orta əməkhaqqının təyini zamanı nəzərə alınan və alınmayan ödənişlərin hesablanmasının düzgün qaydada aparılması müəyyən olunmuşdur. Lakin, yekun məbləğin təyinində riyazi səhvə yol verildiyi üçün  işçiyə məzuniyyət haqqı düzgün şəkildə ödənilməmişdir. Belə olan halda məzuniyyət haqqında yaranmış fərq işçiyə ödənilməli, İXM-nin 192.4-cü bəndinə əsasən cərimə tətbiq olunmamalıdır.

Həmçinin, məzuniyyət hüququ pozulduqda, yaxud istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilmədikdə, vəzifəli şəxslər cərimə edilir ( IXM maddə 192.5). Cərimə üçün təyin olunmuş  məbləğ 1500-2000 manatdır.

Qanunvericiliyin pozulması halları, eləcə də təyin edilən digər cərimə növləri IXM-də 192-ci maddədə ətraflı şəkildə qeyd edilmişdir.

Qeyri-maddi aktivlər: ticarət markası, brend, əmtəə nişanı

Print Friendly, PDF & Email