Məsrəflərin normativ uçotu sistemi

posted in: Xəbər | 0
birbank biznes

Ölkəmizdə istehsal məsrəflərinin normativ uçotu sistemi planlı iqtisadiyyat şəraitinə uyğun olaraq 30-40-cı illərdə yaranmışdır. Onun işlənib hazırlanması zamanı «Standart – kost» sisteminin bir sıra ümumi metodoloci anlarının özündə əks etdirən çoxlu prinsipial qaydalardan istifadə edilmişdir.

İstehsal məsrəflərinin uçotunun normativ metoduna və məhsulun maya dəyərinin normativ və həqiqi maya dəyərinin kalkulyasiyasına dair nümunəvi göstərişə uyğun olaraq normativ uçotu sisteminin əsasını aşağıdakı prinsiplər təşkil edir:

– məsrəflərin qabaqcadan normalaşdırılması və məhsul vahidinin normativ maya dəyərinin hesablanması;
– normanın dəyişməsinin uçotunun müntəzəm və vaxtlı-vaxtında aparılması (təşkilati-texniki tədbirlər həyata keçirildikcə) və bu dəyişikliyin məhsulun maya dəyərinə təsirinin müəyyən edilməsi;
– ilk sənədlərə əsasən məsrəflər üzərində qabaqcadan nəzarətin aparılması, eyni vaxtda səbəb və təqsirkarlar müəyyən edilməklə normadan kənarlaşma hallarının qeydə alınması;
– normadan kənarlaşma halları haqda gündəlik informasiyaların verilməsi.

Normativ uçotundan istifadə edən zaman məhsulun həqiqi və normativ maya dəyəri cəbri yolla toplamaq və hesbabat dövrü ərzində normanın dəyişməsi və ondan əmələ gələn kənarlaşma müəyyən edilməklə hesablanır.
Normativ uçotun təşkili hər şeydən əvvəl hazırlanan məhsul vahidi və onun tərkib hissələri – detalları, kəsikləri və digər quraşdırıcı birləşmələri üzrə mütərəqqi və texniki cəhətdən əsaslandırılmış material əmək və əmək haqqı məsrəflərinin işlənib hazırlanması ilə əlaqədardır. Əmək və əmək haqqının həcminin xarakterizə edən normativlər hesabat norması göstəricisi və əməyin ödənişinin hər bir texnoloci əməliyyatı üzrə təyin olunan qiymətlə ifadə olunur. Təcrübədə material və əmək məsrəfləri əsasən ancaq müstəqim xammal material və yarımfabrikatlar, istehsalat işçilərinin əmək haqqı məsrəfləri üzrə təyin edilir. İstehsalata xidmət və idarəetmə məsrəflərini (avadanlıqların saxlanması və istismarı, ümumsex, ümumtəsərrüfat məsrəfləri) əks etdirən digər maddələr üzrə informasiyaları müəyyən etmək çətin olduğundan normalaşdırma əksər hallarda məsrəfləri kvartal və aylara bölməklə illik smeta hazırlamaqla məhdudlaşdırlır.

Əsasını orta illik məsrəf normativi təşkil edən plan kalkulyasiyasından fərqli olaraq normativ kalkulyasiyası məlum hesabat dövründə qüvvədə olan normalarla tərtib olunur. Başqa sözlə desək, məmulatın maya dəyərinin normativ kalkulyasiyası məlum müəssisənin müəyyən tarixə nail olduğu, lakin həcmi ayrı-ayrı tarixlərdə müxtəlif olan texniki səviyyəni əks etdirir; plan kalkulyasiyası isə planlaşdırılan dövrün əvvəlinə müəssisə tərəfindən nail olunan və həmin dövrün axırında da ona nail olunması nəzərdə tutulan orta həcm hesab edilir. Normativ və plan kalkulyasiyası arasında olan fərq bir də onların tərtibi qaydasından ibarətdir. Məmulatın normativ kalkulyasiyası bir qayda olaraq ayrı-ayrı detallar (əməliyyatlar) üzrə məsrəfləri toplamaq yolu ilə tərtib olunur və onun  yekununu ozündə əks etdirir. Plan kalkulyasiyası isə əksinə, məmulatlar üzrə ümumilikdə qurulur.

Normativ uçotu sisteminin tətbiqinin mühüm şərtlərindən biri də məhsulun hazırlanmasına riayət edilmədikdə istehsal məsrəflərinin təyin edilmiş normadan kənarlaşmasına səbəb olan dəqiq işlənmiş texnoloci prosesin mövcudluğu hesab edilir. Məmulatın istehsalatdan buraxılışına qədər bütün texnoloci sənədlərin vaxtlı-vaxtında işlənilməsi, normativ maya dəyərinin kalkulyasiyasının vaxtından əvvəl tərtib etməyə və istehsala hazırlıq dövründə maya dəyərinin aşağı salınmasının yollarının axtarılıb müəyyən edilməsi məqsədi ilə onların təhlilinin aparılmasına şərait yaradır.

Normativ kalkulyasiyası aşağıdakı hallarda tətbiq edilir:

• məhsulun həqiqi maya dəyərinin hesablanması;
• sex və sahələrin fəaliyyət nəticəsinin müəyyən edilməsi;
• bitməmiş istehsal və zayın qiymətləndirilməsi və i.a.

Normativ kalkulyasiya üçün material məsrəfləri haqda normativ məlumatlar baş texnoloq şöbəsində hazırlanmış spesifikasiyadan götürülür. Normativ məsrəflər xüsusilə əmək haqqı haqda məlumatları (vaxt məsrəfləri, əməliyyat üzrə qiymətlər) müəssisənin əmək və əmək haqqı şöbəsi tərəfindən hazırlanır. Normadan kənarlaşmanın uçotu normanın dəyişməsi haqda hər bir bildirişin məzmununu qeydə alan və göstəriciləri aşağıdakılardan ibarət olan xüsusi cədvəldə aparılır:

• nömrəsi;
• dəyişmənin səbəbi;
• normativ məsrəflərin köhnə və yeni miqdarı;
• və s.

Normanın dəyişməsi ilə əlaqədar məsrəflərin məbləğini müəyyən etmək üçün hər ay norma üzrə hesabat ayının 1-i tarixinə çıxarılmış bitməmiş istehsal qalığının hesablama cədvəli tərtib olunur. Dəyişmiş normalar üzrə hesablanmış məsrəf məbləğləri bir qayda olaraq buraxılmış əmtəəlik məhsul və hesabat ayının axırına olan bitməmiş istehsal arasında bölüşdürülür. Normadan kənarlaşma onların baş vermə yerləri (sex, sahə, briqada), adətən başqa rəng, yaxud rəng xəttinə malik olan xəbərverici sənədləşməyə əsasən səbəb və təqsirkarlar üzrə uçota alınır. Bu cür xəbərverici sənədlər, detalların əksik gəlməsinin və buraxılmış zayı düzəltmək üçün lazım olan əlavə materialların (limitdən artıq) buraxılmasına dair tələbnaməni, materialların əvəz edilməsi üçün aktı, əmək haqqı üzrə ödəniş vərəqəsini, texnologiya ilə nəzərdə tutulmayan əməliyyatların yerinə yetirilməsi üçün rəsmiləşdirilən naryadı və i.a. əvəz edir.

Kənarlaşmanın bir hissəsi həqiqi məsrəfləri normativlə müqayisə etməklə digər sənədlərə (materialların ölçülməsi aktına, düzəlmə vərəqəsinə və s.) əsasən müəyyən edilir.

Material məsrəflərinin normadan kənarlaşmasının əsas növləri aşağıdakılardan ibarətdir:

– materialların dəyişdirilməsi;
– materialların səmərəli istifadə edilməsi;
– tullantının tam dəyərli material əvəzinə istifadəsi.

Buna material üzrə kənarlaşmanı müəyyən etmək üçün tətbiq edilən aşağıdakı üsullar da uyğun gəlir:

– sənədləşmə;
– partiya üzrə materialların uçotu;
– inventarlaşdırma;

Avadanlıqların işi, ümumsex və ümumzavod məsrəfləri ilə əlaqədar məsrəf maddələri üzrə normadan kənarlaşma, müstəqim məsrəf maddələri üzrə kənarlaşmadan fərqli olaraq hesabat ayının həqiqi məsrəflərini smeta ilə müqayisə etməklə müəyyən edilir.

Kütləvi və iri seriyalı istehsalatda məsrəf maddələri üzrə normadan kənarlaşma tamlıqla əmtəəlik məhsulun maya dəyərinə daxil edilir, yəni burada bitməmiş istehsal qalığı normativ maya dəyəri ilə qiymətləndirilir. Bitməmiş istehsal qalığı kəskin enib-qalxan fərdi və xırda seriyalı istehsalatda ayrı-ayrı  maddələr üzrə normadan kənarlaşma ümumi məhsula silinir ki, onlar da əmtəəlik məhsul və bitməmiş istehsal arasında normativ maya dəyərinə mütənasib olaraq bölüşdürülür. Normadan kənarlaşma bir qayda olaraq məmulat növlərinin maya dəyərinə birləşdirilir.

Normativ uçot, üzvi surətdə mühasibat uçotu sisteminə daxil edilir və məhsulun hesabat maya dəyərinin hesablanmasının əsası hesab edilir. Məsrəflərin baş vermə yerləri və məsuliyyət mərkəzləri üzrə normadan kənarlaşmasının gündəlik ümumiləşdirilməsi və təhlili, istehsalın təşkilində baş verən çatışmamazlıqları vaxtında aradan götürmək və gələcəkdə onların baş vermə imkanlarının qarşısını almaqda istehsalat bölməsinin rəhbərliyinə geniş şərait yaradır. Başqa sözlə desək, məsrəflərin normativ uçotu sistemi normadan kənarlaşma üzrə istehsalın idarə edilməsinin təşkilinə xeyli imkanlar yaradır.

Normativ sistem üzrə məsrəflərin icmal uçotu və maya dəyərinin kalkulyasiyası, adətən, müəyyən növ, yaxud ayrı-ayrı qrupdan ibarət olan eyni adlı məmulat üçün açılan dövriyyə cədvəlində aparılır. Sex bölgüsü şəraitində müəssisələr bu cür cədvəli hər bir sex üzrə ayrılıqda tərtib edirlər. Məsrəflər, cədvəldə cari normalan üzrə məsrəflərə, dəyişmiş normalara və normadan kənarlaşmalara bölünməklə maddələr üzrə göstərilir. Müasir hesablama maşınları və kompyuter texnikasının köməyi ilə normativ təsərrüfatının aparılmasının avtomatlaşdırılması üçün geniş imkanlar yaranır ki, bu da istehsal məsrəflərinin idarə edilməsində mühüm vasitə kimi normativ uçotunun tətbiq edilməsinin effektivliyini xeyli yüksəldir.

Print Friendly, PDF & Email