Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması ardıcıllığı

posted in: Xəbər | 1
birbank biznes

Məzuniyyət vaxtı üçün orta əməkhaqqı

İşəgötürən işçilərə iş yerini (vəzifəsini) və orta əməkhaqqını saxlamaqla əmək məzuniyyəti  verməyə borcludur. Bu məqsəd üçün hesablamalar zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri, məzuniyyət vaxtı orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan ödənişləri, əmsallaşdırılma qaydasını  tənzimləyən Nazirlər Kabinetinin qərarı nəzərə alınmalıdır.

Hər bir işçi il ərzində bir dəfədən az olmayaraq məzuniyyətlə təmin edilməlidir. Məlumdur ki, ilk iş ilində işçinin məzuniyyətdən istifadəsi üçün 6 ay iş stajının olması zəruridir. Növbəti illərdə isə istənilən vaxt, yəni məzuniyyətlərin növbəlilik cədvəllərində nəzərdə tutulan vaxtda təyini mümkündür. Məzuniyyətin hesablanması təqvim günlərinə uyğun aparılır.

Məzuniyyətə çıxan işçilərə məzuniyyətlərin verildiyi il nəzərə alınmadan  əməkhaqqı hesablanmalıdır. Qanunvericiliyə uyğun olaraq  əməkhaqqının  məzuniyyətin başlamasına 3 gün qalmış ödənməsi tələb edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqının verilməsi və ödənilməsi qaydaları AR Əmək Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir.

Məzuniyyət haqqının hesablanması üçün ümumi qaydalar

Məzuniyyət vaxtı orta əməkhaqqının hesablanması zamanı əvvəlcə hesablaşma dövrü müəyyən edilməlidir. Əmək qanunvericiliyinə görə, bu, işçinin məzuniyyətindən əvvəlki 12 təqvim ayıdır (ƏM, maddə 140.1). Bu halda, təqvim ayı 1-dən 30-a (31-ə) (fevralda – 28-ə (29)) qədər olan dövrdür. Məsələn, işçi 2022-ci ilin iyun ayında illik ödənişli məzuniyyətə çıxır. Hesablaşma müddəti 2021-ci il iyunun 1-dən 2022-ci il mayın 31-dək olacaq.

Sonra, bu müddət ərzində işçiyə hesablanmış ödənişlərin məbləği hesablanmalıdır. Buraya, maliyyələşmə mənbəyindən asılı olmayaraq, işəgötürəndə qüvvədə olan əməkhaqqı sistemi ilə nəzərdə tutulmuş bütün ödənişlər daxildir. Məzuniyyət vaxtı orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan ödənişlərin xüsusi siyahısı AR NK-nın yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir.

Hesablama yalnız işçi üçün əmək müqaviləsi ilə müəyyən edilmiş əməkhaqqı məbləği deyil, həm də əməkhaqqının bütün digər komponentlərini əhatə etməlidir.

Buraya:

  • bayram və istirahət günlərində işə görə əlavə ödənişlər;
  • iş vaxtından artıq iş, gecə işi;
  • vəzifələrin birləşməsi;
  • rayon əmsalları və s. aiddir.

Mükafatlar xüsusi qaydada nəzərə alınır, yəni buraya əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar daxil edilir. Əməkhaqqı ilə əlaqəli olmayan ödənişlər orta əməkhaqqının hesablanması üçün nəzərə alınmır. Nümunə kimi bunları göstərə bilərik:

  • maddi yardım;
  • yemək;
  • səyahət;
  • təlim;
  • kommunal xidmətlər;
  • istirahət və s. bu kimi xərclər.

Bütün bunları nəzərə almaqla hesablanmış məbləğ 12-yə, sonra isə 30,4-ə (təqvim günlərinin orta aylıq sayı) bölərək, orta gündəlik əməkhaqqını tapırıq. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı məbləği orta gündəlik əməkhaqqı məzuniyyətin təqvim günlərinin sayına vurmaqla hesablana bilər:

Məzuniyyət haqqı = ((əvvəlki 12 ayın gəliri) / 12 ay  / 30,4) x məzuniyyət günlərinin sayı

Gəlin, nümunələrə nəzər salaq.

Nümunə 1: “Merkur” MMC – də çalışan işçinin öncəki 12 ayda gəliri 5000 manat olub. İşçi 25 günlük məzuniyyət götürmüşdür. Onun məzuniyyətinin ödənilməsi belə hesablanacaq:

(5000 manat / 12 ay / 30,4 əmsalı) x 25 = 342,65 manat.

ƏM-nin 131.4 maddəsinə aid olan işçilərin məzuniyyət ödənişi

Bildiyimiz kimi işçinin ilk iş ili üçün məzuniyyət hüququ bu işəgötürənlə 6 ay fasiləsiz işlədikdən sonra yaranır. Amma Əmək Məcəlləsinin 131.4 maddəsində sadalanan müəyyən kateqoriya işçilər əmək müqaviləsinin bağlanma vaxtını nəzərə almayaraq məzuniyyətə buraxıla bilər. Belə işçilərə məzuniyyət vaxtı orta əməkhaqqının hesablanması faktiki işlənmiş tam təqvim aylar nəzərə alınmaqla aparılır. Əvvəlki işəgötürəndən alınmış qazanc və iş vaxtını müəyyən etməyə ehtiyac yoxdur.

Nümunə 2: İşçi 02.01.2023-cu ildə işə qəbul edilib. Hərbi qulluqçunun həyat yoldaşıdır. AR ƏM-in 131.4 maddəsinə uyğun olaraq 2023-cü il mayın 15-dən 14 təqvim günü məzuniyyətə çıxır.

Orta gündəlik əməkhaqqı:

((2000 x 3 ay)/ 3 ay) /30,4 = 65,79 manat

İşçiyə ödənilməli olan məzuniyyət haqqının məbləği:

65,79 manat x 14 gün = 921,06 manat.

İlk baxışdan məzuniyyət vaxtı orta əməkhaqqının hesablanması ardıcıllığı sadə görünə bilər. Ancaq praktikada bir sıra nüanslar var ki, onlar mütləq nəzər alınmalıdır. Məsələn, kütləvi əməkhaqqı artımları zamanı məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı əmsallaşdırılır. Bu, AR NK-nın yuxarıda qeyd edilən  uyğun qərarına əsasən aşağıdakı qaydada aparılır:

Orta aylıq əməkhaqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+…)+ƏH)/N

Burada, ƏH1, ƏH2, … – tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əməkhaqqının cəmi;

ƏH – tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əməkhaqqının cəmi;

Ə1, Ə2, … – son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshih əmsalları;

N – məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

Bundan başqa məzuniyyətin əhatə etdiyi müddətdə işçinin tam şəkildə işləməsi, mükafatlar, əməkhaqqı artımları kimi məsələlər nəzərə alınmalıdır. Belə hallarda məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması haqqında bizim saytda bu məqaləyə keçid alaraq oxuya bilərsiniz.


Print Friendly, PDF & Email

  1. Huseynova
    |

    Salam, işçi 3 ay işləyib və öz ərizəsinə əsasən isdən azad olunub, ona son haqq hesab nece hesablanır?