Məzuniyyətin başqa vaxta keçirilməsi şərtləri və qaydası

posted in: Xəbər | 1
birbank biznes

Məzuniyyət keçirilməsi nədir?

Məzuniyyət təkcə müəssisə üçün deyil, həm də işçi üçün gözlənilən və planlaşdırılan bir hadisədir. Əmək qanunvericiliyinə əsasən, ilin əvvəlində, yanvar ayında məzuniyyət cədvəli təsdiqlənir, onun hazırlanmasında işçinin maraqları və təşkilatın ehtiyaclarının optimal əlaqələndirilməsinə nail olunur. Ancaq bəzən məzuniyyəti “daha yaxşı vaxtlara qədər” təxirə salmaq lazım olur. Kadr uçotu işçisi qarşısında qanun çərçivəsində fəaliyyət göstərərək, bir tərəfdən istehsal prosesini pozmamaq, digər tərəfdən işçinin şəxsi mənafeyini pozmamaq vəzifəsi durur.

Məzuniyyətinin təxirə salınması barədə qərar qəbul edərkən tez-tez bir problem yaranır: işçinin fikrinin nəzərə alındığını necə sənədləşdirmək olar? Aydındır ki, əgər işçi ərizəsində öz istəklərini göstəribsə, o zaman rəhbərin müvafiq vizası kifayətdir. Əgər belə deyilsə, onda əmək müqaviləsinin tərəfləri arasında razılaşmanın tərtib edilməsi məqsədəuyğun olardı. Belə bir razılaşma danışıqlar yolu ilə əldə edilir.

Danışıqlar prosesi heç də həmişə rahat keçmir. Məsələn:

  • işçi iş yerində ehtiyac duyulacağı bir vaxtda məzuniyyətə çıxmaq istəyə bilər. Məsələn, illik hesabatın tərtibi yaxud tender üçün materialların hazırlanması zamanı;
  • işçi istifadə olunmamış əmək məzuniyyətini bir neçə hissəyə bölmək hüququndan istifadə edə bilər, bu zaman məzuniyyətin hissələrindən birinin ən azı 14 təqvim günü olmasını yoxlamaq lazımdır;
  • işçi ilə işəgötürən arasında razılaşdırılmış tarixlər əmək qanunvericiliyini poza bilər. Məsələn, məzuniyyəti keçirilməsi səbəbindən işçiyə ardıcıl iki il məzuniyyət verilməməsi.

Münaqişəli vəziyyətlərin qarşısını almaq və eyni zamanda əmək qanunvericiliyinə əməl etmək üçün hər cür səy göstərilməlidir.

Tərəflərin təşəbbüsü ilə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi

Məzuniyyətlər müqavilə üzrə işləyən işçilərə növbəlilik cədvəlində müəyyən olunmuş vaxta uyğun təyin edilməlidir. Növbəlilik cədvəli işçi sayı çox olan müəssisələrdə məzuniyyətlərin verilməsini asanlaşdırmaq məqsədilə tərtib edilir. Məzuniyyətlərin verilmə növbəliliyinə əməl etmək işəgötürən və işçinin vəzifəsidir. Məzuniyyətlər işçiyə normal istirahət üçün təyin edilir. Əgər işçinin təyin olunan vaxtda məzuniyyətdən istifadəsi mümkün deyilsə, bu zaman həmin müddəti dəyişdirmək olar. Lakin həm işçi, həm də işəgötürənin ayrı-ayrılıqda məzuniyyətdən istifadə vaxtını dəyişməsi mümkün deyildir. Məzuniyyətin  dəyişdirilməsi tərəflərdən birinin təşəbbüsünə əsasən həyata keçirilə bilər. Belə olduqqda, vaxtın dəyişməsinə  səbəb olan halların işçi və işəgötürən tərəfindən əsaslandırılması tələb olunur. Hər iki tərəf arasında qarşılıqlı razılaşmadan sonra məzuniyyət müddətinin dəyişilməsi qaydaları tətbiq edilə bilər.

Məzuniyyətin başqa vaxta keçirilmə qaydaları

Məzuniyyət müddətinin başqa vaxta keçirilməsi qaydaları Əmək Məcəlləsinin 134-cü maddəsi ilə tənzimlənir. Məzuniyyətin tarixinin dəyişilməsi növbəlilik cədvəlində müəyyən edilən müddətin;

  • bir aydan digər aya;
  • cari  ildən növbəti iş ilinə;
  • növbəti təqvim ilinə keçirilməsi kimi qəbul olunur.

İşçinin cari iş ilində məzuniyyətlərdən tam istifadə etməməsi halları da mövcuddur. Belə olduqda, ƏM-nin 134.5-ci maddəsi üzrə məzuniyyətlərin istifadə olunmayan hissəsi hər iki tərəfin də razılığı ilə sonrakı iş ilinin məzuniyyət müddətinə birləşdirilə bilər. Lakin işçi istənilən vaxt məzuniyyət müddətini dəyişə bilməz. Bu dəyişikliyə səbəb olan hər hansı bir hal onun tərəfindən hökmən əsaslandırılmalıdır. Beləliklə, ƏM-nin 134.3-cü maddəsinə əsasən işçinin təşəbbüsüylə məzuniyyətdən istifadə vaxtının dəyişilməsi halları aşağıdakıladır:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı;
  • əmək  və sosial məzuniyyətlər eyni  vaxtda təyin edildikdə;
  • işəgötürənin tapşırıqlarının icrası üçün digər yerlərə ezam edildikdə.

İşçinin məzuniyyət zamanı müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halı yarandıqda, onun müraciəti, işəgötürənin isə razılığı ilə məzuniyyətdən istifadə müddəti uzaldıla, yaxud da xəstəlik vərəqəsinə əsasən  onun vaxtı dəyişdirilə bilər.

İşçilərin məzuniyyətdən istifadə vaxtları növbəlilik qrafikinə əsasən müəyyənləşir. Məlumdur ki, Məcəllənin 133-cü maddəyə əsasən növbəlilik cədvəlinin hazırlanması:

  • istehsalın, işin normal gedişinin təmini;
  • məzuniyyətlərdə düzgün uçotun təşkili məqsədini daşıyır.

Əgər növbəlilik cədvəlində təyin edilən müddət  normal işin pozulmasına səbəb olacaqsa, onda işəgötürənin təşəbbüsüylə həmin vaxt dəyişdirilə bilər. Bu halda işçi məzuniyyətin başqa vaxta keçirilməsinə razılıq verməlidir.

Məzuniyyət vaxtının dəyişdirilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. Həmin əmrdə:

  • Məzuniyyətin başqa müddətə keçirilmə səbəbləri;
  • İşçi, yaxud işəgötürənin təşəbbüsünə görə olması;
  • Məzuniyyətin veriləcəyi konkret vaxt qeyd olunmalıdır.

İşçi əmrlə tanış olmalı və təsdiqləməlidir.

Hərbi vəziyyət dövründə də səfərbərliklə əlaqədar olaraq məzuniyyətlər başqa vaxta keçirilə bilər. Bu qayda AR “Hərbi vəziyyət haqqında” qanununun 10.1.27 maddəsinə əsasən müəyyən olunur.

Məzuniyyətlərin növbəlilik cədvəllərində nəzərdə tutulan vaxtda işçiyə verilməməsi, onların məzuniyyətdən istifadə hüquqlarının pozulması zamanı tərəflər arasında yaranan mübahisələr fərdi əmək mübahisələrinə baxan orqanlarda həll edilməlidir.


Print Friendly, PDF & Email

  1. Vuqar Qarali
    |

    09.05.2017-ci il tarixdən 10.05.2018 -ci il tarixədək bağlanmış müqavilənin müddəti başa çatdıqda 1 ay müddətinə müqavilənin müddəti uzadılmışdir.Belə olan halda işçinin cari ildəki məzuniyyət dövrü gələcək dövrə necə keçirilir?