Maliyyə hesabatlarının məqsədi
Maliyyə hesabatlarının əsas məqsədi onun geniş saylı istifadəçiləri tərəfindən iqtisadi qərarların qəbul edilməsi üçün mühasibat uçotu subyektinin maliyyə vəziyyəti, fəaliyyətinin nəticələri və maliyyə vəziyyətindəki dəyişikliklər haqqında əhəmiyyətli hesab olunan informasiyanın təmin edilməsidir. Bu yanaşma maliyyə hesabatları üzrə konsepsiya sənədində öz əksini tapıb.
Maliyyə hesabatlarında informasiyanın təqdim edilməsi qaydaları “Maliyyə Hesabatlarında Təqdimat və Açıqlama” adlı 18 saylı MHBS-də (IFRS 18) şərh edilib . Bu standart 02.10.2024-cü ildə nəşr olunub, ən “yaşlı” standart hesab olunan IAS 1: “Maliyyə hesabatlarının təqdim edilməsi” standartını əvəz edir.
18-saylı MHBS (IFRS18) standartına görə, ümumi təyinatlı maliyyə hesabatlarının məqsədi iqtisadi qərarlar qəbul edərkən geniş istifadəçilər üçün faydalı olan şirkətin maliyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında məlumat verməkdir. Maliyyə hesabatları həm də sahibləri tərəfindən təşkilatın rəhbərliyinə həvalə edilmiş resursların idarəetmə fəaliyyətini nümayiş etdirir. Bu məqsədə nail olmaq üçün maliyyə hesabatları aşağıdakılar haqqında məlumat verir:
- aktivlər (assets);
- öhdəliklər (liabilities);
- kapital(equity);
- gəlirlər və xərclər, o cümlədən mənfəət və zərərlər (income and expenses, including gains and losses);
- mülkiyyətçilər tərəfindən ödənilən onlar arasında bölüşdürülən töhfələr (kapital qoyuluşları, şirkət səhmlərinin alınması, dividendlər və sair) (contributions by and distributions to owners in their capacity as owners);
- pul vəsaitlərinin hərəkəti (cash flows).
Bu məlumat maliyyə hesabatlarına qeydlərlə birlikdə maliyyə hesabatlarının istifadəçilərinə müəssisənin gələcək pul vəsaitlərinin hərəkətini, xüsusən də onların baş vermə vaxtını (timing) və baş vermə ehtimalını (certainty) proqnozlaşdırmağa kömək edir.
Maliyyə hesabatlarının istifadəçiləri
Maliyyə hesabatlarının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərmayədarlardan, borcverən və kreditorlardan, muzdlu işçilərdən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə işgüzar təmas qruplarından ibarətdir. Bu qruplar və onların müvafiq informasiya ehtiyacları aşağıdakı kimi təsvir edilə bilər:
(a) Səhmdarlar qrupu. Bu qrupa mövcud və potensial mülkiyyətçilər, və əgər mümkündürsə, konvertasiya olunan qiymətli kağızlar və səhmlər üzrə varrantların, opsion müqavilələrinin sahibləri daxildir. Bu qrupun üzvləri sərmayələrin alınması, satılması və ya tutulub saxlanılması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri olan informasiya ilə təmin olunmalıdır.
(b) Borcverənlər qrupu. Bu qrupa veksel və istiqrazların mövcud və potensial sahibləri, təminatlı və təminatsız qısamüddətli borc verən subyektlər daxildir. Borcverənlər borcların və müvafiq faizlərin vaxtlı-vaxtında ödənilib-ödənilməyəcəyi barədə informasiya ilə təmin olunmalıdır.
(c) Muzdlu işçilər qrupu. Bu qrupa müəssisədə keçmişdə, hazırda çalışan, habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əmək haqlarının və işdən çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərinin məşğulluğunun təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar.
(ç) Analitiklər və məsləhətçilər qrupu. Bu qrupa maliyyə ekspertləri və tədqiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitlərini əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdır.
(d) İşgüzar təmas qrupu. Bu qrupa tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər daxildir.
(e) Hökumət. Bu qrupa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün müvafiq dövlət və yerli hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informasiya ilə təmin olunmalıdır.
(ə) Cəmiyyət. Bu, müəssisənin fəaliyyəti ilə təmasda olan və ya maraqlanan geniş ictimai qrupları təmsil edən qurumlardır. Maliyyə hesabatları ictimaiyyəti müəssisənin müxtəlif sahələrin fəaliyyətində mövcud olan tendensiyaları və baş vermiş dəyişikliklər haqqında informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər
