Hesablar planının “Ehtiyatlar” maddəsinin hesabları
Malların uçotu onlarla bağlı ticarəti müşayiət edən bütün əməliyyatları əks etdirir. Buraya malların alışı, onların saxlanması, realizə edilməsi, daşınması, geri qaytarılması, ticarətlə bağlı digər əməliyyatlar daxildir. Belə əməliyyatlar üzrə məbləğlərin uçotu hesablar planının “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsinə (“Ehtiyatlar”) aid olan 205 saylı “Mallar” hesabında aparılır. Uçotun beynəlxalq standartlara uyğun tənzimlənməsi “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) əsasında aparılır. Bu hesab aktiv hesabdır, mühasibat müxabirləşmələri AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə nizamlanır. 20-ci maddədə “Mallar” hesabı ilə yanaşı aşağıdakı hesablar da açıla bilər (Qaydaların 22.1 bəndi).
205 saylı “Mallar” hesabı üzrə uçot
Mallar bizim satış məqsədilə aldığımız əmtəədir. Yəni Hesablar Planının 205 saylı hesabında uçotu alınan mallar satış məqsədilə alınmış mallardır. Onları biz istehsal etməmişik. Öz istehsalımızı biz hazır məhsul kimi uçota alırıq. Mühasibat uçotu subyektləri bütün növ ehtiyatları onların təyinatı, mənşəyi, mənbəyi, forması, istifadəsi üzrə təsnifləşdirməli olduğundan bu hesabdan istifadə zərurəti yaranır. Mallar hesabından əsas etibarilə topdansatış və pərakəndə satış ticarət fəaliyyəti ilə məşğul olan müəssisələr istifadə edirlər.
Mallar da hazır məhsul, xammal və yarımfabrikatlar kimi 1 ildən tez müddətə pula çevrilməsi planlaşdırılan aktivlərdir. Aktivlərdən danışanda da qeyd etdiyimiz kimi, hansısa malın 1 ildən bir qədər gec satılması onu mal olmaqdan çıxartmır. Biznes fəaliyyətində belə hallar normaldır.
205 №-li “Mallar” hesabı üzrə mühasibat uçotu subyektinin satış məqsədilə əldə etdiyi malların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır.
Malların əldə edilməsi yuxarıda qeyd edilən qaydaların 22.30-cu, onların əvəzsiz alınması isə 22.39-cu bəndi əsasında nizamlanır.
Mallar, satış məqsədilə saxlanılan digər aktiv və ehtiyatlar torpaq, tikili, avadanlıqlar kimi təsnifləşdirildikdə həmin qaydaların 22.43-cü bəndi nəzərə alınır.
Mühasibat uçotu subyektinin ehtiyatları, o cümlədən mallar əskik gəldikdə müvafiq təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olan hallarda həmin qaydaların 22.55-ci bəndi, təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda isə 22.56-cı bəndi tətbiq olunur.
Aşağıda malların alışı ilə bağlı mühasibat yazılışlarına nümunələr verilib. Buraya keçid etməklə isə 205 saylı “Mallar” hesabı üzrə digər əməliyyatlar üzrə müxabirləşmə nümunələri ilə tanış olmaq olar.
Mallar (iş, xidmət) alındıqda mühasibat yazlışlarına nümunələr
Nümunə 1: “A” MMC iyun ayında “B” MMC-dən 84000 manatlıq mal almışdır. Malların daşınması üçün 900 manat ödənilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Malların alışı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 84 000.00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 15 120.00 |
3 | Daşınma xərci malların dəyərinin üzərinə əlavə edildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 900.00 |
4 | Əsas məbləğ ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 84 000.00 |
5 | ƏDV məbləği ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 15 120.00 |
6 | Daşınma xərci ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 900.00 |
Xaricdən mal alışı zamanı müxbirləşmələr
Nümunə 2: “A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Mallar xarici ölkədən alındığı üçün alış qiyməti dollarla təyin olunub. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 45 000 dollar razılaşdırılmışdır. Alış tarixinə 1 $ = 1.70 ₼
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Malların idxalı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 76 500.00 |
2 | Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda | 205 – Mallar | 538 – Digər qısamüddətli kreditor borcları | 200.00 |
3 | ƏDV hesablandıqda: (44200+200) × 18% | 241 – Əvəzləşdirilən ƏDV | 538 – Digər qısamüddətli kreditor borcları | 13 806.00 |
4 | Gömrükdə hesablanan ƏDV ödənildikdə | 538 – Digər qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 13 806.00 |
Mallar haqqında daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.