Mədən vergisindən azadolmalar və güzəştlər

posted in: Xəbər | 0

Mədən vergisi dövlət büdcəsinin ən mühüm gəlir maddələrindən biridir. Vergi yerin təkindən faydalı qazıntıların çıxaran müəssiələr və fərdi sahibkarlar tərəfindən ödənilir. Bu vergi ödəyiciləri üçün mədən vergisindən azadolmalar və güzəşt nəzərdə tutulubmu?

Faydalı qazıntılara görə mədən vergisi

Azərbaycanda yerin təki dövlət mülkiyyətidir, qanunvericiliyə uyğun icazə aldıqdan sonra onunla işləyə bilərsiniz. Birbaşa dövlət büdcəsinə  ödənilən mədən vergisi, həm də faydalı qazıntıların hasilatı vergisidir. Verginin hesablanmasında başlanğıc nöqtə “çıxarılan faydalı qazıntılar” anlayışıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi yerin təkindən çıxarılan faydalı qazıntıları mədən vergisi üzrə vergitutma obyekti kimi müəyyən edir.

Yerin təkində tapılan və hasilat prosesi zamanı alınan xammal həcmlərinə görə fərqlənə bilər ki, bu da çıxarılan faydalı qazıntıya verginin hesablanmasında mühüm rol oynayır. Xammal maye, bərk yaxud qarışıq şəkildə ola bilər.

Vergiyə cəlb edilən faydalı qazıntılar

Yalnız vergitutma obyekti müəyyən olundaqdan sonra mədən vergisindən azadolmalar və güzəştlər haqqında danışmaq olar. Vergiyə cəlb edilən faydalı qazıntıların növü AR  VM-nin 216-cı maddəsi ilə müəyyən edilir. Onları şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

Biznes hesabi
  • xam neft;
  • təbii qaz;
  • filiz və qeyri-filiz faydalı qazıntılar.

Məcəllənin 216.1 və 216.2-cı maddələri mədən vergisinin dərəcəsinin iki formasını müəyyən edir: faizlə və manatla. Onların hər birinin özünməxsus xüsusiyyətləri var:

  • faizlə yaxud advalor vergi dərəcəsi – hasil edilmiş faydalı qazıntının satış qiyməti vergitutma bazası kimi götürüldükdə istifadə olunur.
  • manatla (hər kubmetr üçün) yaxud xüsusi sabit məbləğlər – vergitutma bazası çıxarılan resursun həcmi ilə müəyyən edildikdə tətbiq edilir.

Bildiyiniz kimi, vergi güzəştləri sahibkarların vergi yükünü azaltmaqla biznesin inkişafına kömək etməyə istiqamətlənib. Bu zaman onlar:

  • aşağı dərəcələr tətbiq etməklə daha az vergi ödəyir;
  • güzəştlər (məsələn, mədən vergisindən azadolmalar) tətbiq etməklə vergi ödəmir;
  • yaxud hissə-hissə ödəyir.

Mədən vergisindən azadolma və güzəştlər

Qanunvericilikdə yerin təkindən faydalı qazıntıların çıxarılması zamanı tətbiq edilən mədən vergisindən azadolmalar nəzərdə tutlmayıb. Bir halda vergi güzəşti – müəyyən şərtlər daxilində verginin azaldılması tətbiq edilə bilər. Bu güzəşt Vergi Məcəlləsinə 2022-ci ildə əlavə edilən 217-1 maddə ilə tənzimlənir. Həmin maddəyə  əsasən vergi ödəyicisi faydalı qazıntılara görə (neft, qazdan başqa) təqvim ilində hesablamış mədən vergisini, faydalı qazıntıları çıxardığı torpağın sahəsinə görə hesablamış, ödəmiş olduğu torpaq vergisi qədər ilin axırıncı ayında (axırıncı hesabat ayı nəzərdə tutulur) azaldır.

Güzəştin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi faydalı qazıntıları əldə etmək məqsədilə torpaq qazmalı olur. Torpaq sahəsiylə bağlı torpaq vergisi ödənildiyi üçün, vergi ödəyicisinin bir növ faydalı qazıntıları əldə etmək məqsədilə, belə demək doğru olarsa, xərci yaranır. Artıq ödənilmiş torpaq vergisi vergi hesablanarkən azaldılacaqdır.

Məcəllədə birbaşa mədən vergisindən azadolmalar və güzəşt kimi xarakterizə edilməsə də, texnoloji proseslə bağlı geri, quyuya vurulan neftin və qazın miqdarının hesablamalar zamanı vergiyə cəlb edilən məbləğdən çıxılmasını da vergi güzəştinə aid etmək olar.

Mədən vergisindən tam azadolma mümkündürmü?

Əgər təqvim ili ərzində hesablanan və ödənilən torpaq vergisinin məbləği həmin təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğindən çoxdursa, mədən vergisinin tam məbləğinə azadolma tətbiq edilir. Bu zaman iki vergi növü arasında yaranmış fərq  artıq ödəmə kimi tanınmır.

Dövlət Vergi Xidmətinin Vergi Məcəlləsinin 217-1-ci maddəsinin şərhi zamanı təqdim etdiyi sual-cavab bu məsələni daha da aydınlaşdırır (mənbə: vergiler.az/news/taxes/23129.html).

Sual: Dekabr ayında müəssisənin mişar daşı hasilatı ilə bağlı mədən vergisi 500 manat, il ərzində 5.000 manat, hasilat aparılan ərazinin torpaq vergisi isə 12.000 manat olub. Dekabr ayında mədən vergisi üzrə nə qədər güzəşt tanınmalıdır? Bəyannaməyə əvvəlki aylarda ödənmiş məbləğ artıq ödənmə kimi tanınmalı, yoxsa sadəcə sonuncu aya güzəşt tətbiq edilməlidir?

Cavab: VM-in 217-1 maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləği təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğindən çox olduğu üçün mədən vergisinin tam məbləğinə vergi güzəşti tətbiq edilir və torpaq vergisinin mədən vergisindən artıq olan hissəsi artıq ödəmə kimi tanınmır.


Bizim vergi konsultasiyası xidməti sizi cərimələrdən qoruyur!


Mədən vergisinə cəlb edilməyən faydalı qazıntılar

Yuxarıda qeyd etdiyimiz kimi Verginin hesablanmasında başlanğıc nöqtə “çıxarılan faydalı qazıntılar” anlayışıdır. Faydalı qazıntıların çıxarılması “Yerin təki haqqında” Azərbaycan Republikası qanunu ilə aşağıdakılarla birgə yerin təkindən istifadənin növləri kimi müəyyən olunub:

  • geoloji və geoekoloji məqsədlə qazıntıların aparılması;
  • çıxarılan mineraloji, paleontoloji və digər kolleksiya materialları;
  • elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar və sairlər.

Qeyd edilən qanunun 7-ci maddəsi ilə müəyyən edilən yerin təkindən istifadənin bu növlərinin nəticəsi olan qazıntılar, faydalı qazıntıların çıxarılması istisna olmaqla, mədən vergisinin vergitutma obyekti deyil və onlardan mədən vergisi tutmur.

Beləliklə, mədən vergisindən azadolmalar və güzəştlər yalnız çıxarılan faydalı qazıntılar üçün nəzərdə tutulub, Məcəllədə birbaşa vergi güzəşti bir hal üçün nəzərdə tutulsa da, dolayı bir sıra azadolmalar mövcuddur.