Mədən vergisi bəyannaməsi: hazırlanması və təqdim edilməsi

posted in: Xəbər | 0

Mədən vergisi kimdən tutulur?

Faydalı qazıntıların hasilatı ilə məşğul olan hüquqi və fiziki şəxslər, qanunvericiliklə müəyyən edilmiş hallarda, hasilat üçün mədən vergisi ödəyirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə  görə “Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur” (maddə 213).

Hesabat ayı üçün mədən vergisi bəyannaməsi faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir və həmin müddətdə də vergi dövlət büdcəsinə ödənir. Vergi üçün  hesabat dövrü təqvim ayıdır.

Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir.

Mədən vergisi bəyannaməsi necə hazırlanır?

Vergi hesabatları kağız və elektron daşıyıcıda hazırlana bilər. Kağız daşıyıcıda bəyannamələr:

  • əli ilə doldurulur yaxud Bəyannamələrin Tərtibi Proqramında (BTP) hazırlanaraq çap edilir;
  • müvafiq qaydada imzalanır;
  • vergi ödəyicisi tərəfindən şəxsən yaxud poçt vasitəsi ilə təqdim edilir.

Vergi bəyannamələrinin elektron daşıyıcıda təqdim edilməsi üçün Bəyannamələrin Tərtibi Proqramından (BTP) istifadə edilir. Hazırlanmış bəyannamələr paketlənərək  İnternet Vergi İdarəsi (İVİ) vasitəsi ilə onlayn rejimdə vergi orqanına göndərilir.

Mədən vergisi bəyannaməsi iki hissədən ibarətdir:

  • ümumi hissə;
  • “Verginin hazırlanması” hissəsi.

Sonuncunun iki alt hissəsi var:

  • topdan satış qiymətləri ilə verginin hesablanması;
  • faydalı qazıntıların hasilatın miqdarı ilə verginin hesablanması.

Hesablamaların iki hissədə aparılması tətbiq edilən mədən vergisi dərəcəsi ilə bağlıdır. Belə ki, qeyri-filiz faydalı qazıntılarının hər kubmetr üçün sabit məbləğ şəklində vergi dərəcəsi, digərləri üçün isə topdansatış qiymətlərə faiz dərəcələri tətbiq etməklə mədən vergisi hesablanır. Mədən vergisi bəyannaməsinin tərtib edilməsi qaydasına buradan baxmaq olar.

Bəyannamədə torpaq vergisi üzrə güzəşt necə nəzər alınır?

Mədən vergisi bəyannaməsi tərtib edilərkən Vergi Məcəlləsinə 2022-ci ilin yanvarından edilən dəyişikliklər nəzərə alınmalıdır. Belə ki, həmin tarixdən:

  • mədən vergisi yalnız dövlət büdcəsinə ödənir;
  • ödənilmiş torpaq vergisi ilə bağlı güzəştlər mövcuddur.

Məcəlləyə əlavə edilmiş 217-1 maddəsinə görə “Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış̧ mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış̧ və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.”

Qeyd etdiyimiz kimi, mədən vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəməli və həmin müddətdə mədən vergisi bəyannaməsi təqdim edilməlidir. Eyni zamanda faydalı qazıntıların çıxarıldığı torpaq sahələri üçün ödənilmiş torpaq vergisinin tam məbləği ilin sonuncu ayında-dekabrda məlum olur. Odur ki, vergi ödəyicisi ilin son bəyannaməsində (dekabr ayı üçün) hesablayıb ödədikləri mədən vergisinin məbləğini həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş torpaq vergisinin məbləği qədər azaldaraq mədən vergisi bəyannaməsinə əks etdirir.

Nümunə: Vergi ödəyicisinin ilin sonunda – dekabr ayında mədən vergisi üzrə öhdəliyi 10000 manatdır. Bu öhdəliyə neft və qaz hasilatı üzrə vergilər aid deyil. Bu vergi öhdəliyinin yaranmasında iştirak edən faydalı qazıntıların çıxarıldığı torpağa görə 1500 manat torpaq vergisi ödəyib. Bu halda torpaq vergisi məbləği mədən vergisindən çıxılır və bu vergi hesabatında nəzərə alınır: 10000 – 1500 = 8500 manat.

Yuxarıdakı nümunədə, mədən vergisi bəyannaməsində əks etdirilən mədən vergisi məbləği 8500 manat olacaqdır.

Print Friendly, PDF & Email