Məzuniyyətin növləri
İşçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaq şərti ilə iş günləri ərzində müvəqqəti işdən uzaqlaşması məzuniyyət adlanır. İşdən uzaqlaşma istirahət məqsədli, yaxud başqa sosial səbəblərlə əlaqəli ola bilər. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanır və ödənilir. Ona məzuniyyət dövrümdə sosial-məişət müavinətləri də ödənilə bilər.
İşçilərə iş şəraitindən, tutduğu vəzifədən asılı olmayaraq əmək qabiliyyətini bərpa etmək, sağlamlığını möhkəmləndirmək məqsədilə məzuniyyətlərin verilməsi təmin edilməlidir. Məzuniyyətdən istifadə hüququ Əmək Məcəlləsi ilə tənzimlənir. Məzuniyyətlərin mövcud növləri müxtəlif əsaslara görə təsnifləşdirilir. Buradan həmin məzuniyyət növləri haqqında ətraflı məlumatlar əldə etmək olar.
Məzuniyyət vaxtı orta əmək haqqı
Məzuniyyət müddətində əmək haqqının saxlanması işçinin qanunvericiliklə müəyyən olunmuş hüquqi təminatlarından biridir.
Əmək haqqı – iş vaxtı ərzində işçilərin müqavilə üzrə yerinə yetirdikləri vəzifə və öhdəliklərə görə işəgötürən tərəfindən onlara ödənilən məbləğdir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası Əmək Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir.
Orta əmək haqqının hesablanması məzuniyyət vaxtından əvvəlki 12 ayın gəlirinə əsasən aparılır. Lakin məzuniyyətə buraxılan işçinin işlədiyi müddət 12 aydan az olduqda, məzuniyyət haqqının hesablanması üçün onun faktiki işdə olduğu aylar əsas götürülür.
Məzuniyyət haqqı = ((əvvəlki 12 ayın gəliri ) / 12 ay / 30,4 əmsalı) x məzuniyyət günlərinin sayı
Nümunə 1: İşçi əmək müqaviləsinə uyğun olaraq 1 aprel 2022-ci il tarixindən əmək fəaliyyətinə başlayıb. Həmin işçiyəçalışdığı bütün ayların hər birində 500 manat vəzifə maaşı hesablanılıb. İşçi 22 noyabr 2020-ci il tarixindən 15 günlük məzuniyyətə çıxır. Məzuniyyət vaxtı üçün orta əmək haqqı aşağıdakı kimi olacaq:
Məzuniyyət haqqı = (( 3500 / 7 ay ) / 30,4) x 15 gün = 246,6
İşçilərə məzuniyyət dövründə sosial-məişət müavinətlərinin ödənilməsi müvafiq qanunvericilik aktı ilə tənzimlənir.
Məzuniyyət üçün ödənilən vəsaitin mənbələri
Məzuniyyətdə olan işçilərə ödənilən əmək haqqının mənbələri ƏM-nin 142 -ci maddəsilə tənzimlənir.
Əmək, təhsil, yaradıcılıq məzuniyyətlərindən istifadə edən işçilərə təyin edilən orta əmək haqqı qanunvericiliyə əsasən məzuniyyətin başlamasına 3 gün qalmış ödənilməlidir (ƏM maddə 140). Məzuniyyət vaxtı üçün orta əmək haqqının verilməsi müəssisələrdə əməyin ödənildiyi vəsait hesabına təmin edilir.
Kollektiv müqavilələrdə nəzərdə tutulmuş məzuniyyətlər üçün əmək haqqının verilməsi müəssisənin gəliri hesabına ödənilir.
İşçilər qısmən ödənişli, hamiləlik, doğuma görə məzuniyyətlərə buraxıldıqda onlara təyin olunan müavinətlər isə DSMF hesabına ödənilməlidir.
Nəzərə almaq lazımdır ki, ödənişsiz məzuniyyət müddətində işçilərə əmək haqqı təyin edilmir.
Qanunvericiliyə uyğun olaraq məzuniyyətə çıxan işçilərə ödənilən məzuniyyət pulu ilə bərabər sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədilə məzuniyyət dövründə əlavə sosial-məişət müavinətləri və yardımlar ödənilə bilər.
Sosial-məişət müavinətləri
AR ƏM-in 141-ci maddəsi ilə müəyyən edilmiş belə müavinətlərin verilməsi qaydası uyğun hakimiyyəti orqanı, işəgötrən yaxud onun nümayəndəli orqanı tərəfindən işlənib hazırlanır.
Sosial-məişət müavinətləri müqavilələrdə əmək şəraitinin əlavə şərti kimi nəzərdə tutularaq tərəflərin razılığı ilə müəyyən olunur. Həmin müavinətlər 3 hissəyə ayrılır:
- müavinətlərin müəyyən məbləğdə ödənməsi;
- işçinin istirahət, sağlamlıq mərkəzlərinə göndərilməsi;
- maddi yardımların ödənməsi.
Bu müavinətlər üçün vəsaitlərin mənbəyi işəgötürən tərəfindən müəyyənləşir. Büdcədən maliyyələşən müəssisələrdə əsas mənbə kimi xərc smetasında nəzərdə tutulan büdcə vəsaiti nəzərdə tutulur. Digər müəssisələrdə isə müavinətlər xalis mənfəət hesabına ödənilir.
Sosial müavinətlər, yardımlar işçilərə məzuniyyətlərdən istifadə etdikləri vaxtda təyin edilərək məzuniyyətin başlamasından 3 gün əvvəl ödənməlidir. Sosial, yaradıcılıq, təhsil məzuniyyətlərinə çıxan işçilərin müavinətləri onların ərizələri əsasında müəyyən edilir və işəgötürən tərəfindən əmrlə rəsmiləşdiriıir. Məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanan zaman məzuniyyət dövründə verilən sosial-məişət müavinətləri nəzərə alınmır və əmsallaşdırılmır.