Konseptual əsasların mahiyyəti
Beynəlxalq standartlara (MHBS) uyğun maliyyə hesabatlarının hazırlanmasının məqsədləri, strukturu və qaydaları beynəlxalq mühasibat uçotunun konsepsiyasının əsas prinsipləri ilə müəyyən edilir.
Konseptual əsaslar MHBS (IFRS) standartı deyil, lakin yeni standartların hazırlanması üçün təməl rolunu oynayan dəstəkləyici çərçivə sənədidir.
İlk dəfə 1989-cu ildə IFRS üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış Maliyyə Hesabatları üzrə Konseptual Çərçivə 2018-ci ilin mart ayında yenidən işlənmişdir.
Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatlarının şəffaflığının və cavabdehliyin təmin edilməsidir.
- Şəffaflıq informasiya istifadəçiləri üçün məlumatların (müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın) düzgün çatdırılmasını və anlaşıqlı olmasını nəzərdə tutur.
- Cavabdehlik maliyyə hesabatlarını hazırlanmasına məsul şəxslərin onlara həvalə edilmiş resursların idarə edilməsinə, habelə qəbul etdikləri qərarlara məsuliyyət daşımasıdır.
Konseptual Çərçivə, standart olmasa da IFRS standartlarının (MHBS) hazırlanmasında əsas konsepsiyaları müəyyən etməklə, standartların konseptual cəhətdən ardıcıl olmasını və oxşar əməliyyatlara eyni şəkildə yanaşmanı təmin etməyə kömək edir.
Konseptual Çərçivədəki əsas prinsiplərlə buradan tanış olmaq olar. Burada isə sənədin strukturunun qısa icmalı verilib
Mühasibat uçotu standartlarının əsaslandığı ehtimallar
Belə ehtimallar ikidir:
- hesablama metodu
- müəssisənin fəaliyyətinin fasiləsizliyi
Hesablama metodu
Gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda tanınmalıdır.
Hesablama metodu, əməliyyatların və digər hadisələrin və halların hesabat verən müəssisənin iqtisadi resursları və iddialarına təsirini, hətta yaranan pul daxilolmaları və ödənişlər müxtəlif dövrlərdə baş verdikdə belə, bu təsirlərin baş verdiyi dövrlərdə göstərir. Bu çox vacibdir, çünki hər hansı dövrdə hesabat verən müəssisənin resursları və iddiaları və onlarda dəyişikliklər haqqında məlumat müəssisənin keçmiş və gələcək fəaliyyətini qiymətləndirmək üçün, yalnız pul vəsaitlərinin daxilolmaları və ödənişləri haqqında məlumata nisbətən daha yaxşı əsas verir.
Müəssisənin fəaliyyətinin fasiləsizliyi
Müəssisənin fəaliyyətinin fasiləsizliyi konsepsiyası müəssisənin fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur. Adətən, maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri onların qiymətləndirmə əsası kimi istifadə edilir.
Müəssisənin fəaliyyətinin fasiləsizliyi barədə ehtimal aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin yaradır.
Əgər müəssisənin ləğv olunacağı ehtimal olunarsa, aktivlərin qiymətləndirilmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil, onların ehtimal olunan satış dəyərindən (yəni, satış üzrə xərclər çıxılmaqla, satış qiyməti) istifadəsi daha məqsədə uyğundur. Başqa sözlə, əgər müəssisənin yaxın gələcəkdə ləğv olunacağı gözlənilərsə, aktivlərin ehtimal olunan satış dəyəri müəssisə tərəfindən onun öhdəliklərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin gözlənilən mədaxili barədə daha etibarlı məlumatı təmin edəcəkdir.
Müəssisənin uzunmüddətli aktivlərinin amortizasiyası yalnız onun fəaliyyətində müəyyən sabitlik ehtimal olunduqda, məntiqə və məqsədə müvafiq hesab oluna bilər. Əgər müəssisənin ləğv olunması labüddürsə, aktivlərin qısamüddətli (dövriyyə) və uzunmüddətli (dövriyyədənkənar) kimi təsnifləşdirilməsi məqsədəuyğun deyildir. Belə ki, bu zaman, bütün aktivlər ləğv olunması gözlənilən qısamüddətli aktivlər hesab olunur.
Öhdəliklərə gəldikdə isə, maliyyə hesabatlarının istifadəçiləri üçün bu öhdəliklərin kreditorlara ödənişlər prioritetləri əsasında təsnifatı onların, ənənəvi olaraq, qısamüddətli və uzunmüddətli öhdəliklər kimi təsnifatından daha əhəmiyyətli hesab oluna bilər.
