Müddətsiz və müddətli əmək müqaviləsi
İşçi və işəgötürən arasında əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi müddətli yaxud müddətsiz kimi bağlana bilər. Əmək müqaviləsinin müddətinə tələblər Əmək Məcəlləsinin 45-ci maddəsində təsbit olunub. Həmin maddənin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Əgər müqavilədə onun hansı müddətə bağlandığı göstərilməsə belə müqavilə müddətsiz hesab edilir (ƏM, maddə 45.2). Əmək müqaviləsinin ləğvi qaydası müqavilənin müddətli yaxud müddətsiz olmasına görə fərqlənir.
Müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəz edilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür. Birtərəfli qaydada belə əvəzləməyə yol verilmir.
Müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində, bəzən işəgötürən və işçi arasında yaranmış əmək münasibətlərinin ləğvi zərurəti yaranır. Belə hallarda əmək müqaviləsinə xitam verilməsi yalnız Məcəllənin 68-ci maddəsində sadalanan əsaslarla aparıla bilər.
Xitam zamanı sənədləşmə
İşəgötürən bütün hallarda əmək müqaviləsinin ləğvini əsaslandırmalı, xitam prosesini əmək qanunvericiliyinə uyğun aparmalıdır. İşçinin son iş günü əmək müqaviləsinə xitam verildiyi gün sayılır və ona əmək qanunvericiliyinə uyğun olaraq sənədlər təqdim edilir. Bunlar aşağıdakılardır:
- işdən çıxma barədə əmrin surəti;
- əmək kitabçası;
- hesablanmış son haqq-hesab.
Əmək müqaviləsinin ləğvinin səbəbi əmək kitabçasında qeyd edilməlidir. Hər hansı bir səbəbdən əmək kitabçasını vermək mümkün olmadıqda, onu götürməyin zəruriliyi barədə işçiyə məlumat verilməli və ya kitabçanı poçtla göndərmək üçün razılıq alınmalıdır.
Müddətli əmək müqaviləsinin ləğvi zamanı ödənişlər
Əmək müqaviləsinin müddəti başa çatdıqda ona xitam verilir. Əgər müqavilənin müddəti başa çatdıqdan sonra 1 təqvim həftəsi ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə və işçi işləməyə davam edərsə, bu halda müqavilə əvvəlcədən müəyyən edilmiş müddətə uzadılmış hesab olunur (ƏM, maddə 73).
Müqavilənin müddəti işçi xəstələndikdə, yaxud da ezamiyyət və məzuniyyət müddətində bitmiş olarsa, aşağıdakı şərtlərə əməl edilməlidir:
- müqaviləyə yalnız işçi işə qayıtdıqdan sonra xitam verilə bilər;
- həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə xitam verilməlidir, lakin bir şərtlə ki, işçinin işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş olsun.
Əmək müqaviləsinin ləğvinin səbəbi müddətin bitməsi olduqda işçiyə:
- cari ayda işlədiyi iş günlərinə görə əməkhaqqı;
- istifadə olunmamış məzuniyyət üçün kompensasiya ödənilməlidir.
İşçi artıq bütün məzuniyyət günlərindən istifadə edibsə, heç bir kompensasiya tələb olunmur. Müddət bitdikdə əmək müqaviləsinin ləğvi zamanı ƏM-sinin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əlavə təminatlar və qaydalar tətbiq edilmir.
Müqavilənin ləğvi zamanı ödənilən müavinətlər
Müəyyən səbəblərdən müqavilənin müddəti bitmədən də müddətli əmək müqaviləsinə xitam verilə bilər. Məsələn, əvvəlcədən müəyyən edilmiş müddətə uzadılmış əmək müqavilələri üzrə xitam, yaxud tərəflərin iradəsindən asılı olmayan hallarda müqavilələrin ləğvi. Belə hallarda işəgötürən işçiyə Məcəllənin onuncu fəslində müəyyən edilən qaydada və məbləğdə müavinət ödəməyə borcludur.
İşdənçıxarma müavinəti işçiyə işdən çıxarıldığı gün müqavilənin ləğvi üçün müvafiq əsasları göstərən əmrə uyğun olaraq ödənilir. Müavinətlərin ödənilməsi üçün əsaslar əmək qanunvericiliyi ilə müəyyən edilir, habelə yerli normativ aktlarında, kollektiv və əmək müqavilələrində də nəzərdə tutulur. İşdənçıxma müavinətinin miqdarı ƏM-nin 77.3 maddəsi ilə müəyyən olunur.
Qanun işçinin öz xahişi və ya tərəflərin razılığı ilə əmək müqaviləsinin ləğvi zamanı işəgötürənin işdənçıxarma müavinətini ödəmək öhdəliyini nəzərdə tutmur.
Aşağıdakı hallarda işçiyə orta əməkhaqqının azı 2 misli qədər müavinətlər ödənilir (ƏM, maddə 77.7):
- əmək şəraitinin şərtləri dəyişdikdə;
- işçi hərbi xidmətə çağırıldıqda;
- əmək qabiliyyətini itirdikdə.
Müddətli əmək müqaviləsinə aşağıdakı hallardan biri üzrə xitam verildikdə müavinət orta əməkhaqqının azı 3 misli miqdarında ödənilir:
- işçinin vəfat etməsi;
- mülkiyyətçinin dəyişilməsi.
Əmək müqaviləsinin ləğvi səbəblərindən asılı olmayaraq hər bir işçiyə işlədiyi iş günlərinə görə əməkhaqqı və istifadə etmədiyi bütün məzuniyyət günlərinə görə pul əvəzi verilməlidir. İşçi işdən çıxarkən ödənilən bütün ödənişlər tam məbləğdə son iş günü verilməlidir.