İşçiyə müəssisə ləğvi zamanı ödənişlər

posted in: Xəbər | 0

Müəssisənin ləğv edilməsi

Ləğvetmə – şirkətin bağlanması və ya fərdi sahibkarın vərəsəlik yolu ilə hüquq və vəzifələrin başqa şəxslərə keçmədən fəaliyyətinin dayandırılmasıdır. İşçilərə müəssisənin ləğvi zamanı ödənişlər qanunvericiliklə müəyyən edilib.

Ləğvetmənin iki növü var:

  • könüllü;
  • məcburi.

Könüllü ləğv etmə zamanı müəssisənin bağlanması haqqında qərar şirkətin təsisçiləri və ya fərdi sahibkarın özü tərəfindən qəbul edilir. Səbəb müxtəlif ola bilər, məsələn:

  • biznes gəlirsizdir; yaxud
  • fərdi sahibkar biznesi genişləndirərək MMC kimi qeydiyyatdan keçmək qərarına gəlib.

Hüquqi şəxsin ləğvi haqqında qərarı onun təsisçiləri, həm də nizamnamə ilə vəkil edilmiş orqan qəbul edə bilər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs-işəgötürənin fəaliyyətinə onun özü tərəfindən qəbul etdiyi qərara əsasən xitam verilə bilər.

Biznes hesabi

Müəssisənin ləğvi üçün məcburi bağlanma qərarı səlahiyyətli orqan, məsələn məhkəmə tərəfindən verilə bilər.

Müəssisənin ləğv edilməsi işəgötürən tərəfindən işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir (Əmək Məcəlləsi, 70-ci maddənin “a” bəndi)

İşçilərə müəssisə ləğv edildikdə ödənişlər Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənir.

Müəssisənin ləğvi zamanı ödənişlər

Müəssisənin ləğv edilməsi zamanı bütün işçilər, o cümlədən:

  • əlil işçilər;
  • məzuniyyətdə olanlar;
  • yetkinlik yaşına çatmayanlar;
  • hamilə qadınlar işdən kənarlaşdırılır və müəssisənin ləğv edilməsi ilə bağlı onlarla bağlanmış əmək müqaviləsinə xitam verilir.

Əmək qanunvericiliyində ləğvetmə həm də təşkilatın filial və ya nümayəndəliyinin, digər ayrıca struktur bölmələrinin fəaliyyətinə xitam verilməsi hesab edilir. Odur ki, müəssisənin ləğvi zamanı əmək müqaviləsinin ləğvi bütün əməkdaşlara şamil edilir və bu Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə əsaslandırılır. Bir təşkilatın ləğvi (o cümlədən müflis olması) və ya fərdi sahibkarın fəaliyyətinə xitam verilməsi ilə əlaqədar işçinin işdən çıxarılması bildirişdə göstərilən gündə həyata keçirilir. Fərdi sahibkarın fəaliyyətinə xitam verilən zaman ödənilən ödənişlərin növləri və məbləğləri işçi ilə bağlanmış əmək müqaviləsində müəyyən edilir.

İşəgötürən işin son günündə işçi ilə aşağıda göstərilən qaydada tam hesablaşma aparmalıdır:

  • işin son günü işçiyə işdən çıxarıldığı günə qədər əməkhaqqı və istifadə olunmamış bütün məzuniyyətlər üçün kompensasiya ödənilməlidir;
  • müəssisə tərəfindən ödənilməli olan əlavə məbləğlərin (vurulmuş zərərə görə kompensasiya, ödənilməmiş ezamiyyə haqqı və s.) verilməsi təmin edilməlidir.
  • AR ƏM 70-ci maddəsinin 3-cü hissəsinə uyğun müavinət ödənişi həyata keçirilir.

İşdənçıxarılma müavinəti

Qanunvericiliyə müvafiq olaraq işçiyə əmək stajından asılı olaraq müəssisənin ləğvi zamanı aşağıdakı qaydada işdənçıxarma müavinəti ödənilir:

  • bir ilədək iş stajı – orta aylıq qazanc məbləğində;
  • bir ildən 5 ilədək iş stajı – orta aylıq əməkhaqqının 1,4 mislindən az olmayaraq;
  • iş stajı 5 ildən 10 ilədək – orta aylıq əməkhaqqının 1,7 mislindən az olmayaraq;
  • 10 ildən artıq iş stajı – orta aylıq əməkhaqqının azı iki misli.

Müavinətlər hesablanan zaman işçinin ümumi əmək stajı deyil, çalışdığı müəssisədə işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun müəyyən olunan stajı nəzərə alınır. Nümunəyə baxaq.

İşçinin müəssisəyə işə qəbul edilənədək başqa müəssisə 10 il əmək stajı olub. Yeni iş yerində stajı 5 ildir. Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsi ləğv edilərsə, hansı staj nəzərə alınacaq?
Sualın cavabı Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü hissəsində verilib. Həmin maddəyə görə işçiyə orta aylıq əməkhaqqının 1,7 mislindən az olmayan işdənçıxarma müavinəti ödənilir.

Kollektiv müqavilələrdə, əmək müqaviləsində yuxarıda qeyd edilən işdənçıxarılma müavinətlərindən daha çox ödənişlər verilməsi nəzərdə tutula bilər.

Orta aylıq əməkhaqqının müəyyən edilməsi

Müəssisə ləğv edildikdə işçinin əmək müqaviləsinə xitam verilərkən işdənçıxarılma müavinəti Əmək Məcəlləsinin 177-ci maddəsi müəyyən edilən orta əməkhaqqına əsasən hesablanır.

Tutaq ki, yuxarıdakı nümunədə qeyd edilən müəssisənin ləğvi dekabr ayında həyata keçirilib və ona bu ayda işdənçıxarılma müavinəti ödənilir. 177.2 maddəsinə görə ödənişdən əvvəlki 2 təqvim ayındakı (oktyabr və noyabr) qazandığı əməkhaqqının cəmini həmin aylardakı iş günlərinin sayına bölməklə işçinin bir günlük əməkhaqqısı hesablanır. Şərti olaraq bu aylardakı qazanılmış əməkhaqqının cəmini 3451 manat, iş günlərinin sayını 43 gün qəbul etsək, orta günlük əməkhaqqı 80,26 manat olacaq.

Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi zamanı əməkhaqqı saxlanılan iş günləri olmadığından alınan rəqəmi orta aylıq iş günlərinin sayına vurmaq məntiqlidir, tutaq ki, istehsalat təqviminə əsasən, orta aylıq iş günlərinin sayı 20,1-dir.

Orta aylıq əməkhaqqı:

 20,1 x 80,26 = 1.613,22 manat

İş­dən­çı­xar­ma müa­vi­nə­ti:

1.613,22 x 1.7 = 2.742,45 manat.

Orta əməkhaqqı hesablanan zaman nəzərə alınan və alınmayan ödənclərin siyahısı AR NK-nın 15.2000-ci il 126 saylı qərarı ilə  təsdiq edilmiş qərarı ilə tənzimlənir.

Müəssisənin ləğvi ilə bağlı əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətlər gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Müəssisə ləğv edildikdə işəgötürən tələb olunmamış əmək kitabçalarını və digər sənədləri dövlət arxivinə təhvil verməyə borcludur. Sənədlər arxivə təqdim edildikdən sonra əmək fəaliyyəti ilə bağlı sənədlərin işçilərə verilməsi arxiv müəssisəsi tərəfindən həyata keçirilir.