Mühasib kimdir?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Mühasib, mühasiblik, mühasibatlıq

Kökündə “mühasib” dayanan yuxarıdakı ifadələrlə tez-tez rastlaşırıq. Onlar nəyi ifadə edir? Gəlin Azərbaycan dilinin izahlı lüğətinə əsaslanıb, “Mühasib kimdir?” sualına qısa cavab verməyə çalışaq.

“Mühasib” sözü dilimizə ərəblərdən keçib, maliyyə işlərini aparan işçini bizə tanıdır. Həmin işçinin gördüyü iş, onun tutduğu vəzifə, peşə mühasiblikdir. Bu peşənin sahibi sahibkarın, idarə və ya müəssisənin maliyyə işlərini həyata keçirir. Mühasib təsərrüfat fəaliyyətində formalaşan müxtəlif iqtisadi məlumatları toplayır, uçotunu aparır, hesabat hazırlayır. Müəssisə və təşkilatlarda bu işlər mühasibatlıq (yaxud mühasibatlıq şöbəsi) adlanan struktur vahidində görülür, görülən iş isə mühasibat uçotu adlanır.

Mühasiblik peşəsi qədim sənətdir, həm də incəsənətdir. Rəssam rənglərlə, musiqiçi notlarla sənət əsəri yaradırsa, mühasibin rəngləri, notları rəqəmlərdir. O,  “rəqəmlərin lirikasını” duyaraq, xaosdan, qarışıq məlumatlardan sahibkara üçün onun pullarının hərəkətini əks etdirən vacib sənət əsəri yaradır. Yəni “Mühasib kimdir?” sualının cavabı kimi deyə bilərik ki, mühasib, biznes sahiblərinin maliyyə durumunu  “maliyyə hesabatı” adlandıran bir tabloda əks etdirən sənətkardır.

Uçot-hesabat işləri bir qayda olaraq ofisdə həyata keçirilir, bəzən mühasibat autsorsinqi təklif edən kənar mütəxəssislərə həvalə edilir.

Mühasiblərin sevgi obyektləri

Hər sahədə olduğu kimi, mühasibatlıqda da “sənət əsərinin” keyfiyyəti işçilərin peşəkarlığından asılıdır. Əgər uçot- hesabat işlərindən uzaqsınızsa, yaxud maliyyə sahəsi üzrə təhsil almağa hazırlaşırsınızsa, sizdə mühasibatlik haqqında doğru fikirlər olmaya bilər. Mühasibat uçotuna nabələd olanlar onu boz, sıxıcı, mühasibləri ciddi, qaraqabaq, ətrafında olanlara fikir verməyib gözünü kompüterə zilləmiş, yalnız rəqəmlərlə, sənədlərlə maraqlanan peşə sahibləri hesab edə bilər.

Sizin təsəvvürlər, “Mühasib kimdir?” sualına cavabınız ailə üzvlərinin, yaxın qohumun, dostların, müəllimlərin dediklərindən formalaşır. Əslində, təsəvvürlərinizdə müəyyən həqiqət var, həqiqətən onlar:

  • ciddidirlər, çünki biznesin şah damarı olan maliyyə münasibətlərinin idarəçiliyi onlara həvalə olunub;
  • dəqiqdirlər, çünki biznesin “damarlarda axan qanı” olan pulu (özlərinin olmasa da) saymaq, uçotunu aparmaq onlara etibar edilib;
  • gözlərini kompüterə zilləyiblər? Kompüteri, müasir tələbləri bilmədən uğurlu mütəxəssis olmaq çətindir.

Amma, mühasib laqeyd deyil, sadəcə ətrafla aralarında “divar çəkməyə” məcburdur, çünki iş prosesində beyninin çox hissəsinin eyni vaxtda fəaliyyəti vacibdir.

Mühasiblərin sevgi obyektləri təkcə rəqəmlər, sənədlər deyil. Kimisi dostlarla əylənməyi sevir, kimisi mütaliəni. Bəzisi detektiv oxuyur, bəzisi beynəlxalq standartları, digəri elmi tədqiqatları. Siyahını uzatmaq olar, zövqlər müxtəlifdir. Yaxşısı budur, nəyi sevdiyin mühasib özü sizə desin. “Mühasib kimdir?” suallarına cavab almaq üçün birbaşa onlara müraciət edin: narahat olmayın, onlar düşündüyünüz qədər qaraqabaq deyil, ünsiyyət qurmağı bacarırlar. Peşələrinin tələbi budur, belə ki, o:

  • rəhbərlə ünsiyyət qurmalı;
  • ilkin uçot sənədlərini sahmana salmaq üçün işçilərlə dil tapmalı;
  • yoxlayıcı orqanları razı salmalıdır.

Mühasibat işçisi, həmçinin:

  • nizam-intizamlı olmalı;
  • bu günün işini sabaha saxlamamalı;
  • gündəmlə ayaqlaşmağı bacarmalı;
  • mühasibat uçotunda olan yenilikləri izləmələdir.

Uçot – hesabat işçiləri müəssisədə təsərrüfat – maliyyə uçotunu aparır, hesabatlar hazırlayıb dövlət orqanlarına, digər şəxslərə verir. Bu zaman mühasib yaradıcı mühakiməyə əsaslanır, elmi metodlardan istifadə edir: unutmayaq, mühasibat, həm də elmdir. 

Mühasib peşəsi necə yaranıb?

“Mühasib kimdir?” sualının cavabından məntiqi digər sual meydana çıxır: bu peşə necə yaranıb. Əslində, peşənin nə vaxt meydana gəldiyini dəqiq söyləmək çətindir. Təbii ki, onun yaranması, mühasibat uçotunun tarixi ilə bağlıdır. Mühasibatın mənşəyi isə birbaşa insanın saymaq, hesablamaq tələbatını ödəyən uçotun yarandığı dövrlə bağlıdır. Bir çox elm adamları mühasibat uçotunun mənşəyinin qədim insanların saymağı icad etdiyi Paleolit ​​dövrünə aid edir. O dövrdən bizə üzərində mal-qara yaxud öldürülmüş mamont təsvirinin yanında cızıqlar çəkilmiş nəhəng daş lövhələr gəlib çatıb. Bu insan tərəfindən aparılan uçota ilk nümunəsidir. Təbii ki, “Mühasib kimdir?” sualının cavabı kimi qədim insanı nümunə göstərə bilmərik, amma o, müasir anlamda mühasibatla məşğul olmasa da:

  • müşahidə edir;
  • sayır, hesablayır;
  • qeydlər edir;
  • “anbar uçotu” aparırdı.

Digər elm adamlarına görə, mühasibat uçotu maliyyə bölməsi olduğundan, peşənin doğulması pulun meydana gəlməsi ilə üst-üstə düşməlidir. Dəqiq tərixi bu elm xadimlərindən heç biri qeyd etməsə də, təxminən deyə bilərik ki, bu, Makedoniyalı İskəndərin dövründə, eramızdan əvvəl 4-cü əsrdə baş verib.

Sonra ödəniş forması kimi qızıl sikkələr külçə və zinət əşyalarını əvəz etdi. Pulları (sikkələri) saymaq lazım idi, bunun üçün savadlı, dürüst və son dərəcə diqqətli insanlar lazım idi. Yalnız imperatora sədaqətini dəfələrlə sübut etmiş çox yaxın adam böyük fatehin maliyyə məsələlərinə rəhbərlik edə bilərdi. Hesab aparan şəxslər (hesabdarlar) müəyyən hakimiyyətə gücə və təsirə malik idilər.

Ancaq ümumilikdə dünya ictimaiyyəti sənədləşdirilmiş sübutları tanıyır – “kitab sahibi çalışqan mirzəni – mühasib” adlandırılması barədə 15-ci əsrdə I Maksimilianın fərmanı belə sübutdur.

“Kitab sahibi” yaxud “hesabdar”

Azərbaycan dilində bir müddət “buxqalter” sözündən də istifadə edilib. Bir çoxumuz indi də tez-tez “buxqalter“ sözündən istifadə edir. Mühasibat uçotu mütəxəssisi anlamında işlədilən “buxqalter” sözü alman  iqtisadi lüğətinə 1648-ci ildə daxil edilmişdir. Sonralar bu anlayış ruslara, onlardan da bizə keçib. 19-cu əsrin sonlarından başlayaraq Bakıda yerli və xarici  sahibkarlara məxsus müəssisələrin  uçot işçiləri  “buxqalter” adlandırılırdı. Bakıda mühasibat uçotu, “mühasib” sözləri ilk dəfə professor Ə.Fərəcovun nəşr etdirdiyi “Hesabdarlıq kursu” kitabında işlədilib.

“Buxqalter” sözü iki hissədən ibarətdir: alman dilində olan Buch – kitab və Halter – sahibi, saxlayan. Maraqlıdır ki, əksər Avropa dillərində mühasib özünün ilkin mənasında, “hesabdar” adlandırılır.

  • ingiliscə ” accountant ” – saymaq (“count”);
  • fransızca “comptable” – cəmləmək, yekun vurmaq (“compter”);
  • italyanca “contabile” – saymaq, hesablamalar aparmaq (“contare”).

Beləliklə, mühasib kimdir?

Mühasib bir şirkətdə mühasibat uçotunu aparan, sənəd dövriyyəsi, mühasibat və vergi hesabatlarının hazırlanması və tənzimləyici orqanlara təqdim edilməsi ilə məşğul olan mütəxəssisdir. Mühasibat uçotu üzrə mütəxəssis normativ baza ilə tanış olmalı, sənaye qanunvericiliyini bilməli və öz bacarıqlarını daim təkmilləşdirməlidir. “Mühasibat uçotu haqında” AR qanunu “Mühasib kimdir?” sualına birbaşa cavab verməsə də, baş mühasibin kimliyini şərh edir (maddə 2.1.17):

Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra – baş mühasib) – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.

Əlavə olaraq qeyd edək ki,”Mühasib kimdir?” sualına cavab verərkən, bu peşə sahibinin həm də elm işçi olduğunu qeyd etmək lazımdır. Elmi işçi kimi o, mühasibatla elmi müəssisələrində, kafedralarda məşğul olur.

Maliyyə dünyasından maraqlı faktlar toplusu

Print Friendly, PDF & Email