Mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri

posted in: Xəbər | 0

Mühasibat sənədlərinin tərkibi

Mühasibat uçotu məlumatları – təqdim edilmə tələblərinə uyğun formada mühasibatlıqdan alınan yekun maliyyə məlumatlarıdır. Məlumat istifadəçiləri aşağıdakılardır:

  • daxili istifadəçilər;
  • xarici (kənar) istifadəçilər.

Bunlar müəssisənin fəaliyyətində marağı olan tərəflərdir və müəssisənin ətraf mühitinin tərkib hissəsidir.

Bütün uçot məlumatları ayrılmaz aktuallıq və obyektivlik meyarlarına malik mühasibat sənədlərində əks olunur. Bu sənədlərin əsas komponentlərinə aşağıdakılar daxildir:

  • ilkin uçot sənədləri;
  • uçot registrləri, kitablar, jurnallar;
  • maliyyə hesabatları (balans hesabatı, mənfəət – zərər hesabatı, kapitalın hərəkəti haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, vergi bəyannamələri);
  • inventarizasiya materialları.

Maliyyə hesabatlarında təqdim olunan informasiyalar daxili və xarici məlumat istifadəçiləri üçün müəssisənin mövcud durumu, onun fəaliyyəti barədə ən dolğun, daha etibarlı məlumat mənbəyidir. Bununla peşəkarlar şirkətin istənilən resurslarını, onun biznes siyasətinin uğurunu, eləcə də müxtəlif ehtiyaclarına çəkilən xərclərini qiymətləndirmək imkanı əldə edirlər.

Biznes hesabi

Mühasibat uçotu məlumatlarının istifadəçiləri müəssisə haqqında məlumat əldə etməkdə maraqlı olan həm fiziki, həm də hüquqi şəxslərdir. Təbii ki, söhbət məlumat almaq, onları öyrənmək hüququna malik şəxslərdən – daxili və xarici istifadəçilərdən gedir.

Qeyd etmək lazımdır ki, mühasibat uçotu məlumatlarının istifadəçilərinin maraqları üst-üstə düşməyə, bəzən hətta bir-birinə zidd ola bilər.

Daxili istifadəçilər kimlərdir?

Mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri həmin məlumatlar əsasında idarəetmə, inzibati və digər qərarlar qəbul edən müəssisənin idarəetmə aparatında çalışan şəxslər, menecerlər, mülkiyyətçilər, həmçinin ondan şəxsi məqsədlər üçün istifadə edən istənilən işçilərdir.

Daxili istifadəçilərdən rəhbərlik mühasibat uçotu məlumatlarından daha çox istifadə edən qrupdur.

Rəhbərlik

Rəhbərlik dedikdə müəssisənin baş direktoru, digər direktorlar, müavinlər, menecerlər nəzərdə tutulur. Müəssisədə iş sisteminin düzgün, axarlı getməsi, işçilərin davamiyyəti, məsuliyyətli işləməsi, ümumi kadr hazırlığının lazımi səviyyədə olması, onun rentabelli, inkişaf yönümli fəaliyyəti, şirkət sahiblərinin idarəetmədən razılığı menecerlərin mühasibat uçotu məlumatlarına marağının əsas şərtlərindəndir.

Uçot məlumatları onlara yüksək əməkhaqqı, karyera imkanı, hətta gələcəkdə müəssisənin mənfəətinə payçılarla birgə ortaq olmaq fürsətini araşdırmaq imkanı da verir.

Müəssisənin rəhbərliyi səmərəli idarəetmə üçün aşağıdakı mühasibat uçotu məlumatlarında maraqlı ola bilər:

  • bank hesablarında, təşkilatın kassasındakı pul vəsaitlərinin məbləği;
  • mənfəətin məbləği;
  • debitor borcların dəyişilmə dinamikası;
  • işçilərə borclar;
  • digərləri.

İşçilərin müəssisənin fəaliyyətində əsas marağı

İş yerində maksimum komfortlu, təhlükəsiz əmək şəraiti ilə yanaşı, daim motivasiya imkanıdır. Yüksək, artmağa meyilli əməkhaqqı, karyera imkanı, sosial-tibbi müdafiə tipli məlumatlar onlardan ötrü əsas motivasiya mənbəyidir.

Müəssisənin istənilən işçisi:

  • ezamiyyətlər, nümayəndəlik xərcləri üçün avans hesabatları üzrə işəgötürənə borcu;
  • hesablanmış / tutulmuş əməkhaqqı, digər kompensasiyalar, ödənişlər;
  • ondan ötrü pensiya, həmçinin vergi orqanlarına köçürülmüş vəsaitlər haqqında məlumat ala bilər.

İşçilərin nümayəndələri də (məsələn, həmkarlar təşkilatı) mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri qrupuna aiddir.

Rəhbər işçilər idarəetmə prosesində müəssisənin maliyyə vəziyyəti barədə hesabatlarla yanaşı, istehsal prosesinin vəziyyətini əks etdirən məlumatlardan da istifadə edir. Başqa sözlə, məlumat istifadəçilərinin bu qrupu üçün təkcə mühasibat uçotunun deyil, operativ və vergi uçotunun məlumatları da əhəmiyyət kəsb edir.

Müəssisənin sahibləri (payçılar, səhmdarlar) onun fəaliyyətində ən çox maraq sahibi olan şəxslərdir. Çünki müəssisə onların zəhməti, əziyyəti, təşəbbüsü xərci hesabına qurulmuşdur. Onlar müəssisədən dividend əldə edirlər. Bu şəxslər, bir qayda olaraq, müəssisədə oturmurlar, fərqli sahədə çalışırlar. İşçilər işdən çıxa bilər, rəhbərlik dəyişər, onlar əmək müqaviləsi ilə müəyyən edilən muzdla işləyir. Sahibkarlar isə hər dəfə yeni biznes qura bilməzlər. Onlar qurduqları biznesin rentabelli, düzgün idarə edilən, çoxlu gəlir gətirən, təkmilləşən, böyüyən olmasını istəyirlər. Ona görə müəssisə sahiblərini ən çox maraqlı şəxslər hesab etmək olar.

Mühasibat sistemi modeli və məlumatların təqdimatı

Mühasibat uçotu məlumatlarının istifadəçilərinə verilən informasiyaların tərkibi, məzmunu, forması tətbiq edilən uçot sisteminin modelindən asılıdır. Daha çox aşağıdakı təsnifatdan istifadə edilir:

Anglo-Amerika-Hollandiya modeli:

  • investorlara, kreditorlara məlumatların açıqlanmasının maksimum dərəcəsi ilə seçilir;
  • standartlar peşəkar təşkilatların fəal iştirakı ilə hazırlanır.

Kontinental model (Avropa ölkələrinin əksəriyyəti, Yaponiya, müəyyən dərəcədə şərtiliklə Rusiya):

  • mühasibat uçotunun qanunvericiliklə tənzimlənməsinin mövcudluğu;
  • hesabatlılıq vergi və digər dövlət tənzimləyici orqanlarının məlumat ehtiyaclarını ödəməyə yönəlib.

Cənubi Amerika modeli:

  • yüksək inflyasiyanın səviyyəsinə yönəlib;
  • maliyyə sistemi dövlət ehtiyaclarına, ilk növbədə vergiyə yönəldilir, ciddi şəkildə tənzimlənir.

Hansı modeldən istifadə edilməyindən asılı olmayaraq mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri üçün əlçatan, şəffaf, biznesin durumunu obyektiv və aktual əks etdirən mühasibat uçotunun qurulması təmin edilməlidir.

Müavinətlər