Mühasibat məlumatlarının xarici istifadəçiləri

posted in: Xəbər | 0

Maliyyə hesabatları mühasibat uçotu məlumatlarının istifadəçiləri üçün hazırlanır. Mövzularımızın birində mühasibat məlumatlarının daxili istifadəçiləri haqqında məlumat vermiş, onların tərkibini araşdırmışdıq. İndi növbə maliyyə hesabatlarının kənar istifadəçilərinindir. Bu məqalədə  mühasibat məlumatlarının xarici istifadəçiləri haqqında danışacağıq. Bu qrupa kimlər aiddir?

İlk növbədə potensial investorlar

Yatırım etmək istəyən potensial investor sizin biznes haqqında dəqiq rəqəmlərə malik olmalıdır. İnvestorlar sərmayə yatırmağa, müəssisələr isə onu cəlb etməyə maraqlıdır: investor üçün bu, gəlir mənbəyidir, müəssisə üçün isə böyümək, inkişaf etmək imkanı.

Bu prossesdə müəssisə investoru qoyacağı sərmayənin əlverişli olacağına inandırmalıdır. Çünki investorun pulu istənilən halda cari dəyərə sahibdir, müəssisənin təklif etdiyi isə gələcək gəlirdir. Biri nağddır, digəri vəd.

İnvestor biznesinizin mövcud olduğu dövrdə effektivlik dərəcəsini bilmək istəyəcək. O, bunu hazırladığınız mühasibat məlumatlarının (maliyyə hesabatları formasında) və onun suallarına verdiyiniz cavabların əsasında müəyyən edəcək. Zərərlə işləyərsinizsə, ruhdan düşməyin. Savadlı investor bunun səbəblərini araşdıracaq. Əgər zərərə səbəb maliyyə çatışmazlığıdırsa, hələ ümid yeriniz var. Amma səbəb:

Biznes hesabi
  • düzgün olmayan idarəçilik yaxud,
  • maliyyə resurslarından və digər aktivlərdən səmərəsiz istifadə də ola bilər.

Belə hallarda potensial investoru itirə bilərsiniz.

Kredit təşkilatları

Mühasibat məlumatlarının xarici istifadəçiləri qrupuna daxil olan bankları və digər kredit təşkilatlarını potensial investorlara bənzətmək olar, onların maraqları qismən investorların maraqları ilə üst-üstə düşür. Banklar müəssisələrdən maliyyə hesabatlarını kredit yaxud bank zəmanəti almaq istədikdə tələb edir. Bank kredit müraciətini, onun hədlərini müəyyən etmək üçün potensial müştərinin ödəniş qabiliyyətini araşdırmalıdır. Bunun üçün ona müəssisənin maliyyə hesabatları lazımdır.

Sadaladıqlarımız maliyyə hesabatları və onların düzgün tərtibinin müəssisənin maliyyə və idarəetmə fəaliyyəti üçün önəmini bir daha göstərir.

Malsatan, təhcizatçılar

Malsatan və təchizatçılar da mühasibat məlumatlarının xarici istifadəçiləri qrupuna aiddir. Onları almalı olduqları məbləğlərin vaxtında ödənilib-ödənilməyəcəyini müəyyən etməyə imkan verən və kommersiya sirri sayılmayan mühasibat məlumatları maraqlandırır.

Təsəvvür edin siz mebel istehsalıçısınız, şərti olaraq deyək ki, 2 ildir daxili bazarın tələbatını ödəyərək gəlir əldə edirsiniz. Bazar mövqeyinizi qaldırmaq istəyirsiz, bunun üçün iri həcimdə satışlar etməli və uyğun mal ehtiyatına malik olmalısınız. Lakin lazımi vəsaitiniz yoxdur. Mal satan sizin tələbatınızı nisyə qaydasında mal satmaqla təmin edə bilər. Lakin həmin müəssisə sizin borcları vaxtında ödəmək imkanınızı araşdırmaq istəyir. Təbii ki, o, maliyyə hesabatları ilə maraqlanacaq. Çünki nisyə satılacaq mallara görə ödənişi müəyyən edilmiş vaxtda alacaqlarına dair qismən də olsa əmin olmaq istəyirlər.

Debitorları mühasibat məlumatlarının xarici istifadəçiləri saymaq olarmı?

İlk baxışda “necə?” sualı yaratsa da maliyyə, mühasibat məlumatlarının kənar istifadəçilərinə debitorlar da aid edilə bilər.

Doğrudur, debitorlarımız, yəni bizdən mal (iş, xidmət) alan müştərilərimiz bizə pul borclu olurlar. Belə olan halda, bizim maliyyə durumumuz onların nəyinə gərəkdir? Məsələ ondadır ki, bəzən öz statusuna və maliyyə vəziyyətinə görə debitor müəssisə malı təqdim edən qarşı tərəfə münasibətdə daha dayanıqlı olur. Məsələn,  dövlət və ya dövlətdən dəstək alan müəssisə, hansısa beynəlxalq təşkilat, diplomatik nümayəndəlik və ya oturuşmuş maliyyə institutu və s. bu sıradandır.

Debitorunuza önəmlidir ki, siz onu lazım olan malla fasiləsiz təmin edə biləsiniz, çünki hər gün fərqli icraçı ilə əməkdaşlıq etmək istəmir. Onun üçün önəmlidir ki, əməkdaşlıq etdiyi, mal (iş, xidmət) alacağı müəssisə, kifayət qədər dayanıqlı və müqavilə üzrə vəd verdiyi malları (işləri, xidmətləri) razılaşdırılmış vaxtda, tam həcmdə və mütəmadi təqdim edə bilən olsun. Bu səbəbdən maliyyə durumunuz ilə tanış olmaq istəyə bilər.

Bunları nəzərə alaraq debitorları da mühasibat məlumatlarının xarici istifadəçiləri hesab etmək olar.

Dövlət qurumları və ictimaiyyətin maliyyə məlumatlarına tələbləri

Nəzarət, statistik məlumatların toplanması və s. məqsədlər üçün maliyyə, vergi, statistika və digər dövlət qurumları maliyyə hesabatlarını tələb edir və onların istifadəçiləri sayılırlar. Bu praktika əksər ölkələrdə tətbiq edilir.

Müəyyən kateqoriyaya aid olan müəssisələr qanunla tələb edildiyi hallarda yaxud kommersiya məqsədləri üçün audit rəyi ilə təsdiq edilmiş maliyyə hesabatlarını saytlarında, mətbuatda dərc etdirirlər. Belə müəssisələrə aşağıdakıları nümunə göstərmək olar:

  • publik hüquqi şəxslər;
  • bank, BOKT və s. kimi maliyyə institutları;
  • müxtəlif təbii inhisar subyektləri;
  • dövlət təşkilatları;
  • mobil operatorlar və s. kommersiya təşkilatları.

Bunun qanunla tələb edilmə məqsədi şəffaflığı, müştərilərdə etimad yaranması, bankların dayanıqlığının əhali tərəfindən düzgün dəyərləndirilməsi, ictimaiyyət qarşısında hesabatlılığın təmin edilməsidir.

Mühasibat məlumatlarının xarici istifadəçiləri sırasına ictimaiyyətin müəyyən kateqoriyasını – əmək müqaviləsi bağlamaq istəyən şəxsləri aid etmək olar. Onlar maliyyə hesabatlarından iş seçimi, karyera inkişafı üçün istifadə edə bilər. Mövcud maliyyə vəziyyəti ilə tanışlıq bu işdə onlara kömək ola bilər.