birbank biznes

Mühasibat uçotu insan sivilizasiyası ilə bərabər təxminən 6000 il əvvəl yaranıb. İnsanın təsərrüfat fəaliyyəti ehtiyacları uçotun inkişafını zəruri etdi. Bu isə sivilizasiyanın, xüsusilə də onun yazı və hesab kimi hissələrinin inkişafını sürətləndirdi.

İbtidai icmada ictimai istehsalın məhdud formaları əsas təsərrüfat əməliyyatlarının primitiv uçotunu meydana çıxardı. Ticarət sövdələşmələri haqqında daşlar üzərində qədim Şümerdə aparılmış ilk qeydlər təxminən b.e.ə 3600-cü illərə təsadüf edir. Qədim Misirdə istifadə edilən papiruslar (b.e.ə. 3400-2980-ci illər) kifayət qədər böyük hesabat dövrünü əhatə edən xronoloji qeydlərin aparılmasını inkişaf etdirdi. Hər iki ildən bir bütün daşınar və daşınmaz əmlakın inventarizasiyası aparılmağa başlandı.

Amerika alimlərinin qədim hindu qəbilələrinin mədəniyyəti üzrə araşdırmaları, onların uçot yaxud say məqsədi ilə düyünlərdən istifadə etdiyini sübut edir. Qədim hindu icmalarında kənd təsərrüfatı məhsullarının mühasibat uçotunu aparan hesabdar var idi. Onun yaşam tələbatı icma tərəfindən ödənilirdi.

Quldarlıq cəmiyyətində istehsal resurslarının inkişafı ticarətin, sələmçiliyin genişlənməsinə səbəb oldu. İri təsərrüfatlar yarandı, məbədlərdə, hərbi rəislərin, yuxarı idarəedici təbəqənin əlində böyük var-dövlət toplandı. Bütün bunlar mükəmməl təsərrüfat uçotu tələb edirdi. B.e.ə. V əsrdə pulun funksiyalarını həyata keçirən sikkələr hazırlandı. Düzdür, başlanğıcda pul əmlakın bir növü sayılırdı, amma tədricən digər mübadilə vasitələrini sıradan çıxararaq dəyər ölçüsü funksiyasını qazanmağa başladı. Nəhayət, elə an gəlib çatdı ki, bu funksiya uçota daimi istifadə edildi. Həmin andan natural və pul ölçüsü vahidləri paralel işlənməyə başlandı.

İqtisadi inkişafla yanaşı nizamlanmış təsərrüfat registrləri, “gəlir”, “xərc”, “inventar” anlayışları meydana çıxır, bu gün fiksal mühasibat uçotu kimi tanınan uçotun (məsələn, vergi uçotu) ilk “cücərtiləri” yaranırdı. Malların istehsalının çoxalması və bankların formalaşması təsərrüfat uçotunun:

  • ikili yazılış;
  • balans ümumiləşdirilməsi;
  • ssuda kapitalı ilə əməliyyatlar yeni spesifik metodların istifadəsini zəruri etdi.

Bu metodlar kapital qoyuluşunun hərəkətinə nəzarət etməyə, mənfəəti müəyyən etməyə imkan verdi.

Mühasibat uçotuna sistemli və elmi yanaşma ilk dəfə Benedetto Kotruli (1458) və Luka Paçolinin (1494) əsərlərində rast gəlinir. İtaliya riyaziyyatçısı Luka Paçoli 1445-1515-ci ildə yaşamış və ikili sistem üzrə uçot yazılışlarının aparılması qaydasını şərh etmişdir. Onun ”Hesab, həndəsə məbləği, bərabərlik və münasibətlər elmi haqqında“ adlı əsəri elmi kəşf kimi qəbul olunmuş və uçotun əsasını müəyyən etmişdir. Əslində böyük riyaziyyata açılış kimi nəzərdə tutulan bu elmi iş Luka Paçolini mühasibat üzrə ilk əsərin müəllifi kimi tanıtmışdır. O, yazırdı ki, “Kim düzgün ticarət aparmaq istəyirsə, 3 şərtə mütləq əməl etməlidir:

  • birincisi və ən əsası, nağd pul və digər qiymətliləri olmalıdır;
  • ikincisi, kitab tutmaq və sürətli hesablamağı bacarmalıdır;
  • üçüncüsü isə, işini elə qurmalıdır ki, gecikmədən borclar, əmlak və öhdəlikləri barədə məlumat ala bilsin”.

Paçoli həm də uçotun məqsədini formalaşdırmağa cəhd etdi:

  • işlərin vəziyyəti haqqında məlumat almaq – uçot elə aparılmadır ki, “tacir istənilən anda həm borcları, həm də öhdəlikləri haqqında məlumat ala bilsin”.
  • fəaliyyətin maliyyə nəticəsini hesablama istəyi – çünki “tacirin məqsədi, öz təminatı üçün qanuni müvafiq faydanı əldə etməkdir”.

Beləliklə, uçot kapitalın hərəkətini qeydə alan sistemə çevrilir, idarəetmənin zəruri funksiyasına çevrilirdi.

Primitiv qeydlərdən başlayan uçot müasir dövrümüzdə bir elm sahibəsinə çevrilib. Amma bu birdən birə olmadı. Aşağıdakı linklərdə mühasibat uçotunun inkişafı mərhələləri haqqında məlumatlar əks olunub.

 

 

Print Friendly, PDF & Email