Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi

posted in: Xəbər | 1

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi

Mühasibat uçotu subyektləri (hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) Azərbaycan Respublikası ərazisində öz fəaliyyətlərini qurarkən mühasibat uçotunun məcburiliyini nəzərə almalıdırlar. Bu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit olunub. Qanun mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi qeyd olunan “Mühasibat uçotu haqqında” qanunun 4-cü maddəsinə uyğun aparılır. Belə tənzimləmənin əsas məqsədi ölkədə beynəlxalq standartları və uçot qaydaları ilə uzlaşan maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdir. Tənzimləmə prosesi aşağıdakı hüquqi normativ sənədlərə əsaslanır:

Uçot qaydalarının tərkibi “Mühasibat uçotu haqqında” qanunun 2.1.1 maddəsində şərh olunub.

“Uçot qaydaları – mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi üzrə hüquqi aktlardır”.

Mühasibat uçotunu tənzimləyən hüquqi aktlar

Ümumilikdə, hüquqi sənədləri iki böyük qrupa bölmək olar:

  • qanunvericilik aktları;
  • qanunaltı aktlar.

AR Konstitusiyası, Məcəllələr, Qanunlar və AR Prezidentinin fərman və sərəncamları qanunvericilik aktlarına nümunədir.

Qanunaltı aktlar nazirliklər tərəfindən hazırlanıb, dövlət qeydiyyatından keçdikdən sonra qüvvəyə minir.

Qeyd etdiyimiz kimi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikamızın ərazisində fəaliyyət göstərən müəssisələrdə (Ələt azad iqtisadi zonasında fəaliyyət göstərən müəssisələr istisna olunmaqla) mühasibat uçotunun təşkili və aparılması “Mühasibat uçotu haqqında” AR qanunu ilə tənzimlənir.

Mühasiblər öz işlərində bir sıra məcəllələrdən də istifadə edir. Təsərrüfat fəaliyyətinin aparılması qaydası, müəssisələrin yaradılması, ləğv edilməsi və müəssisələrarası, həmçinin, dövlət və ayrı-ayrı şəxslərlə qarşılıqlı münasibətlər “Mülki Məcəllə” ilə tənzimlənir. Əmək hüququ və muzdlu işçilərlə qarşılıqlı münasibətlər “Əmək Məcəlləsi” əsasında qurulur. “Vergi Məcəlləsi” vergilərin hesablanması və ödənilməsi qaydalarını müəyyən edir.

 Dövlət tənzimləməsini həyata keçirən qurumlar

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi, bu sahəyə ümumi hüquqi və metodiki rəhbərlik AR hökuməti və AR Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. AR Mərkəzi Bankının İdarə Heyəti bu qurumda mühasibat uçotunun aparılması qaydalarını müəyyən edir.

Maliyyə Nazirliyi:

  • Beynəlxalq Standartların Azərbaycan dilinə tərcüməsini təşkil edir və rəsmi sənəd kimi dərcini təmin edir;
  • uçot qaydalarını təsdiq edir;
  • digər icra hakimiyyəti orqanlarının səlahiyyətləri daxilində işlənib hazırlandığı normativ hüquqi aktların təsdiq edilməsinə razılıq verir;
  • peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir, peşəkar mühasib təşkilatının akkreditasiyasını, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin edir;
  • səlahiyyətləri çərçivəsində mühasibat uçotu sahəsində digər funksiyaları həyata keçirir.

Dövlət tənzimlənməsi sahəsində Maliyyə Nazirliyinin funksiyalarının tam siyahısı “Mühasibat uçotu haqqında” qanunun 4.3 bəndində şərh olunub.

Kredit təşkilatlarında mühasibat uçotunun aparılması, illik maliyyə hesabatlarının hazırlanması qaydalarını AR Mərkəzi Bankı müəyyən edir.

Mühasibat uçotu sahəsində dövlət nəzarəti

Mühasibat uçotu sahəsində dövlət nəzarəti dedikdə uçot subyektlərində mühasibat uçotunun aparılması üzrə Qanunla onlara təhkim edilmiş öhdəliklərə əməl edilməsinin yoxlanılması başa düşülür.

Dövlət nəzarətinin vəzifələri və funksiyaları “Mühasibat uçotu haqqında” qanunun 5-ci maddəsində şərh edilib.

Kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı uçot subyektlərində mühasibat uçotunun aparılmasına dövlət nəzarətini həyata keçirir:

  • kredit təşkilatlarında;
  • sığortaçılar, təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdə;
  • investisiya fondları və bu fondların idarəçiləri üzrə;
  • qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə.

Dövlət nəzarəti dövlət maliyyə nəzarəti tədbirləri və vergi yoxlamaları aparılarkən həyata keçirilir.

Tenderlər üçün ödənilən iştirak haqqı gəlirdən çıxılırmı?

  1. noname
    |

    Az?rbaycan Respublikas? Dovl?t T?hluk?sizliyi Xidm?tinin Heyd?r ?liyev ad?na Akademiyas?n?n Nizamnam?sinin t?sdiq olunmas? bar?d?