Mühasibatın tarixi: müasir dövr

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibatın inkişaf mərhələləri

Mühasibatın tarixi çox vacibdir. Mühasibat uçotunun inkişaf mərhələləri, onun yaşı mütəxəssisləri valeh edir. O, paleolit ​​dövründə, insanın cəmiyyətdə özünü tanımağa başladığı zamanda yaranmışdır. Cəmiyyət inkişaf etdikcə mühasibat uçotu da inkişaf edirdi. Bəzən bu inkişaf uğurlu, bəzən də uğursuz olurdu, insanlar səhvə yol verirdilər, lakin bunu anlayıb yenidən axtarışa başlayırdılar. Zaman-zaman mühasibat uçotuna müxtəlif yanaşmaları, uçotun metodologiyasında müxtəlif istiqamətləri təsvir edən fundamental kitablar nəşr olunurdu. Amma mühasiblər uçotun tarixi ilə maraqlanmırdı, çünki bunu çətin və lazımsız məsələ hesab edirdilər. Mühasibat uçotunun tarixinə elmi maraq yalnız 20-ci əsrin əvvəllərində yaranmışdır.

Tarix bizə imkan verir ki:

  • gedən proseslərin dinamikasını üzə çıxa raq və onların qanunauyğunluqlarını təsvir edək;
  • uçotda istifadə olunan metodların təkamülünü və kateqoriyaların formalaşmasını nəzərdən keçirək;
  • təcrübədə artıq həll edilmiş problemlər haqqında ümumi məlumata malik olaq, belə olmasa mühasib eyni problemləri təkrar-təkrar həll etməyə məcbur olur;
  • gələcək nəsillər üçün elmi irs ötürək və bununla da onların yeni ideyalar axtarışını asanlaşdıraq.

Müasir mühasibatın mənbəyi

Müasir mühasibat uçotunun kökü qədimlərə gedib çıxır: onun çoxsəviyyəli tarixi digər elmlərin tarixi kimi öz inkişafında bir sıra mərhələlərdən keçmişdir. Hər bir elm kimi mühasibat uçotunun da öz tarixi və ənənələri var. Mühasibatın tarixi ilə bağlı problemin həllinə çoxlu yanaşmalar mövcuddur. Eyni sözləri mühasibat uçotunun metodologiyası haqqında da demək olar. Y.V. Sokolov iqtisad elmləri doktoru, professor, Beynəlxalq Mühasibat Uçotu Tarixçiləri Akademiyasının həqiqi üzvü mühasibatın metodoloji inkişafının 6 texnoloji mərhələsini fərqləndirir. Bunlardan ilk üçünü praktik uçotun formalaşması, mühasibata elm kimi yanaşmanın əsasının qoyulduğu dövr kimi xarakterizə etmək olar. Mühasibat metodologiyasının inkişaf tarixində “cızıqlardan ikili yazılışa qədər” olan dövr kimi ümumiləşdirə biləcəyimiz bu dövrlər aşağıdakılardır:

  • natural uçot mərhələsi;
  • uçotun dəyər dövrü;
  • diaqrafik (ikili yazılış) mərhələsi.

Nəzəri-praktik mərhələdə artıq müxtəlif nəzəriyyələr yaranır, praktik mühasibatlıqla paralel inkişaf edirdi. Mühasibatın tarixi inkişafının bu mərhələsinin məntiqi davamı kimi formalaşan uçot metodologiyasının inkişafının elm mərhələsi, mühasibat uçotunda elmin yerini müəyyən etdi, bu sahədə geniş elmi araşdırmalar aparılmağa başlandı.

Mühasibatın tarixi inkişafının müasir dövrü

Mühasibatın tarixi inkişafında 1950-ci ildən başlayan altıncı, müasir mərhələ balansın dinamik və statik şərhlərinin inkişafına və onların qismən sintezi istiqamətində cəhdlərə səbəb oldu. Balansın dinamik şərhi və hesablama metodlarının təkamülü idarəetmə uçotunun, statik şərh isə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) və milli uçot sistemlərinin meydana gəlməsi ilə nəticələndi. Hər iki şərh vergi uçotunun formalaşmasına təsir etdi.

Bu mərhələ aşağıdakı proseslərlə xarakterikdir:

  • ümumilikdə hesabların xarakteri dəyişir, müəssisələr üzrə mühasibat uçotundan bütün xalq təsərrüfatı üzrə uçota keçid baş verir;
  • hesablar kifayət qədər dəqiq hüquqi hadisələri əks etdirməyi dayandırır və məlumatların hərəkətini toplamağa başlayır;
  • hər bir hesab girişi (debet) və çıxış (kredit) olan “qara qutu”-ya çevrilir.

Mühasibat uçotunun tarixi inkişafının müasir mərhələsində aydın oldu ki, uçot biznes proseslərində iştirak edən müxtəlif qrupların maraqları naminə aparılır və vahid uçot müxtəlif formalarda təqdim edilir:

  • vergi uçotu dövlətin;
  • maliyyə uçotu – cari və potensial mülkiyyətçilərin;
  • idarəetmə – menecerlərin ehtiyaclarını təmin etmək məqsədi ilə aparılır.

Müasir dövrdə mühasibat uçotunun inkişafı XX əsrin sonu, XXI əsrin başlanğıcında uçotda baş verən əsaslı dəyişikliklərə bağlıdır. Məhz bu dəyişikliklər nəticəsində hesabdarlığın geniş yayılmış formaları tədricən iqtisadi kibernetikanın özünəməxsus hissəsinə – vergi ödənişlərini optimallaşdırmaq və mümkün olan maksimum mənfəət əldə etmək üçün müəssisənin iqtisadi fəaliyyətinin idarə edilməsi elminə çevrildi.

Mühasibatın tarixi inkişafının əvvəlki mərhələlərində əsası qoyulmuş modelləşdirmə elementləri tədricən iqtisadi proseslərin öyrənilməsi üçün praktik alətə çevrildi.

Mühasibat uçotunun rolu və konsepsiyası Azərbaycan iqtisadiyyatının bazara keçidi ilə dramatik dəyişikliklərə məruz qaldı. Müasir mühasibat uçotu sisteminə keçid elan olundu.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il Q-01 saylı qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları” qəbul edildi, mühasibat uçotunda beynəlxalq standartlarına uyğunlaşdırılması məqsədi ilə islahatlara başlanıldı.

Mühasibatın tarixi inkişafının bu mərhələsi yeni informasiya texnologiyalarının, mühasibat uçotu proqramlarının (1C-Mühasibatlıq, Best, Galaxy və s.) və idarəetmə uçotu proqramlarının (SAP, AXART, ORACLE və s.) tətbiqi və inkişaf etdirilməsi ilə də xarakteridir.

Mühasibat uçotunun müasir tərkib strukturları

Yuxarıda qeyd etdiyimiz kimi, mühasibat uçotu metodologiyasının tarixi inkişafının 6 mərhələyə bölünməsi ideyası Y.V. Sokolova məxsusdur. Amma institusional nəzəriyyənin mühasibat elminə təsiri altında yeni – yeddinci, institusional mərhələnin mövcudluğu barədə də fikirlər mövcuddur.

Mühasibat uçotunun təşkilinin müasir istiqamətləri sosial-iqtisadi mühitin təsir riskləri və qeyri-sabitlik şəraitində təsərrüfat subyektinin davamlı gəlirli fəaliyyətini təmin etməyə yönəlib. İqtisadi təhlükəsizliyin təminat vasitəsi kimi mühasibat, öz struktur tərkibində aşağıdakı seqmentləri formalaşdırır:

  • maliyyə uçotu;
  • vergi uçotu;
  • idarəetmə uçotu;
  • strateji uçot;
  • statistik uçot.

Mühasibatın tarixi inkişafının və maliyyə hesabatlılığının təklif edilən institusional mərhələsi 2008-ci ildən başlayır və bu günə qədər davam edir. Bu mərhələ mühasibat uçotunun yuxarıda qeyd etdiyimiz beş seqmentə bölünməsini özündə ehtiva edir.

Print Friendly, PDF & Email