Müraciətə nə vaxt baxılmalıdır??? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes
müraciətII hissə.
Müraciətlərin növləri və formaları hansılardır?
Qanunvericilik müraciətləri bir neçə növə ayırmışdır. Daha dəqiq desək müraciət anlayışına təklif, ərizəşikayət məzmununda sorğular təşkil edir. Bu növ müraciətlərin məzmunu barədə də ətraflı izah vermək zərurəti əmələ gəlmişdir.
Qanunvericiliyə görə təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciətdir. Anlayışdan da məlum olduğu kimi vətəndaş əgər müraciətə baxan subyektlərin hansısa faəliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürsə, bu halda həmin quruma təklif şəklində müraciət ünvanlaya bilər.
Ərizə dedikdə, hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Dəqiq desək, vətəndaşın hüququnun və ya azadlığının həyata keçirilməsini tələb etmək məqsədilə müraciətə baxan subyektə ünvanladığı müraciət ərizə şəklində olmalıdır, yəni vətəndaş müraciətə baxan subyektdən öz hüququnun və ya azadlığını tələb edirsə, bu halda ərizə şəklində müraciət ünvanlamalıdır.
Şikayət dedikdə isə pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Ətraflı qaydada demək mümkündür ki, vətəndaş müraciətə baxan subyektə öz hüquq və azadlıqlarının pozulduğunu bildirir və pozulmuş hüquq və azadlıqlarının bərpasını yaxud müdafiəsini tələb edirsə, bu müraciət şikayət hesab edilir.
Qanunvericiliyə görə müraciət yazılı (kağız daşıyıcıda, elektron sənəd qaydasında) və şifahi (telefon, həmin qurumda qəbul) formada ola bilər.
Bununla yanaşı xatırladaq ki, vətəndaşlar həm də iki və daha çox şəxsin birgə iştirakçılığı ilə kollektiv müraciət də edə bilər.
Müraciət hansı qaydada edilməldir ki, mütləq baxılsın?
Xatırladaq ki, heç də vətəndaşın bütün yazdıqlarına baxılmalıdır deyə məcburi bir şərt yoxdur. Qanunvericilik yalnız konkret tələblərə uyğun olan müraciətlərə mütləq baxılmalı olmasını tələb edir.
Vətəndaşın müraciətlərlə bağlı bilməli olduğu başlıca şərt odur ki, onun müraciəti anonim olduğu halda heç vaxt baxılmayacaqdır. Anonim müraciət dedikdə müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət başa düşülür.
Müraciətlərdə mütləq qaydada aşağıdakılar qeyd olunmalı və bu şərtlərə cavab verməlidir:
– vətəndaşın soyadı, adı, atasının adı,
– ünvanı, şəxsi və ya elektron imzası
– müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı
– nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti
– müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı
– müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməli, müraciətin mətnində təhqir və böhtana yol verilməməli
– müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı
– təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verilməmiş olmalı
– təkrar müraciətdə məsələnin həlli üçün yalnız yeni məlumatlar olmalı
Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının 1-ci hissəsi üçün linkə daxil olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email