Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir: sahibkarlıq

posted in: Xəbər | 0
birbank biznes

Sahibkarlıq fəaliyyətindən gəlir

Biz muzdlu işlə əlaqədar gəlirlər haqqında danışmışıq. Bəs muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hansılardır? Belə gəlirlər 2 yerə ayrılır.

  • sahibkarlıqdan gəlirlər;
  • qeyri-sahibkarlıqdan gəlirlər.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir, sahibkarlıqdan gəlir, qeyri sahibkarlıq fəaliyyətindən gəlir

İlk öncə muzdlu işə aid olmayan fəaliyyətdən gəlirdən biri – sahibkarlıqdan gəlirlərdən danışaq.

Hər hansı sahədə davamlı çalışmaq fəaliyyət adlanır. Müstəqil həyata keçirilən, məqsədi gəlir əldə etmək, predmeti mal, iş və xidmətlərin satışı olan fəaliyyət sahibkarlıq fəaliyyəti sayılır. Bir az irəli gedib qeyd edə bilərik ki, hüquqi şəxslər üçün mənfəət anlayışından istifadə olunur (Vergi Məcəlləsi, maddə 13.2.37). Mənfəət vergisi haqqında burada daha geniş məlumat verilib.

Sahibkarlıq fəaliyyətinin tərifi Mülki Məcəllədə də (maddə 13) bu formatda verilib. Habelə, bəzən bir sıra digər gəlirləriniz də sahibkarlıqdan gəlir hesab edilə bilər.

Ümumi qaydada belə deyə bilərik: fəaliyyət məqsədləri çərçivəsində hansısa aktiv istifadə edilərək təqdim edilən zaman gəlir əldə edilirsə, bu sahibkarlıq fəaliyyətidir.

Nümunə 1: Fərdi sahibkar satış məqsədi ilə bir sıra mallar alır, onun eyni zamanda istehsal məqsədləri üçün aldığı bir sıra xammallar vardır. Sahibkarın həmin satış təyinatlı malları, istehsal edib satdığı mallardan əldə edilən gəlir sahibkarlıqdan gəlirə daxil edilir. Eyni zamanda pandemiya ilə əlaqədar fərdi sahibkar istehsal üçün almış olduğu bir sıra xammalları da “əlimyandı” şəklində satmalı olur. Həmin satılmış xammal da sahibkarlıq fəaliyyətindən gəlirə daxil edilir.  

Yuxarıda da qeyd etdiyimiz kimi, fəaliyyətinizlə əlaqədar ola bilər sizə gəlir gəlsin, lakin bunun qarşılığında mal, xidmət təqdim etmiş olmayasanız. Fikrimizi nümunəylə izah edək.

Nümunə 2: Fərdi sahibkar yaşadığı məhəllədə mağaza açıb ərzaq malları satmaqla gəlir əldə edir. Bundan narahat olan məhəllədə mövcud köhnə mağazalar ona dükanı bağlamaq əvəzində müəyyən miqdar ödəniş etməyi təklif edir. Yeni fərdi sahibkar 1 illik fəaliyyətdən sonra məhəllədəki mağazasını bağlayır. Müqavilə üzrə alınmış məbləğ sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə daxil edilir.  

Vergi tutulan gəlir nədir?

Sahibkarlıq fəaliyyətində istifadə edilən aşağıdakı maddi aktivləri əsas vəsaitlər adlandırırıq (VM, maddə 13.2.17):

  • dəyəri 500 manatdan artıqdır;
  • planlaşdırılan istifadə dövrü 1 ildən çoxdur;
  • onlara amortizasiya hesablanır.

Həmin əsas vəsaitə çəkilən xərc zamanla amortizasiya ayırmaları formasında gəlirdən çıxılır. İndi onun hələ istifadəyə yararlı olduğu halda satdığınızı təsəvvür edin. Bu halda halda da onun qalıq dəyərini xərc kimi çıxa bilərsiniz, lakin bir şərtlə – əldə etdiyiniz məbləği də, hətta satış nəticəsində əldə etdiyiniz vəsait onun qalıq dəyərindən yüksək olsa belə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir kimi tanınır.

Nümunə 3: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cəbrayılov Rauf sahibkarlıq fəaliyyətində istifadə etdiyi avadanlığı və nəqliyyat vasitəsini satır. Avadanlıq qalıq dəyəri üzrə, nəqliyyat vasitəsi isə qalıq dəyərindən 1000 manat yuxarı qiymətə satılır. Hər iki gəlir sahibkarlıq fəaliyyətindən gəlirə daxil edilir. Lakin onlardan vergi əsas vəsaitlərin satış qiyməti ilə qalıq dəyəri arasındakı fərqdən hesablanacaqdır.

Yuxarıda qeyd ediləndən aydın olur ki, gəlir və vergi tutulan gəlir ayrı-ayrı anlayışlardır. Vergi tutulan gəlir ( ing.-taxable income) – gəlirin birbaşa vergiyə cəlb olunan hissəsidir. Bir qayda olaraq, o, bütün növ gəlirləri yaxud onun bəzi növlərini ehtiva edir, xərclər və müxtəlif ayırmalar hesabına azaldılır. Gəlir, xərc və ayırmalara daxil edilən məbləğlər ölkə və ya vergi qanunvericiliyinə görə dəyişir.

Azərbaycan qanunvericiliyi vergi tutulan hissənin kəmiyyətcə ifadəsini vergitutma baxası kimi müəyyən edir (VM, maddə 12.4).


Print Friendly, PDF & Email