Nizamnamə kapitalına qoyuluşlar
301 saylı “Nizamnamə (nominal) kapitalı” Hesablar Planının 30-cu maddəsinin (ödənilmiş nizamnamə (nominal) kapitalı) maddəsinə daxildir.
Müəssisə təsis edilən zaman təsisçi (sahibkar) tərəfindən ilkin kapital qoyuluşu edilir ki, bu da nizamnamə kapitalı adlanır. Nizamnamə kapitalına qoyuluşlar aşağıdakı formada edilə bilər:
- pul vəsaitləri kimi;
- əşya şəklində;
- maliyyə aktivləri formasında.
Pul formasında olmayan qoyuluşlar təsis yığıncağına əsasən qiymətləndirilir.
Məhdud məsuliyyətli cəmiyyətdə nizamnaməyə əsasən müəyyənləşdirilərək paylara bölünən nizamnamə kapitalı kreditorlar qarşısında təminat rolunu oynayır. Səhmdar cəmiyyətində nizamnamə kapitalı səhmdarların əldə etdikləri səhmlərin nominal dəyəridir. Nizamnamə kapitalına edilən qoyuluşlar, onların formaları AR Mülki Məcəlləsi ilə (maddə 90) tənzimlənir.
301 saylı hesab üzrə uçot
301 saylı “Nizamnamə (nominal) kapitalı” hesabı üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır.
Bu aktiv hesab üzrə uçotun təşkili zamanı mühasibat uçotu üzrə bir neçə beynəlxalq standartı nəzərə almaq lazımdır.
- Səhmlər üzrə mənfəət müəyyənləşdirilərkən, onların təqdimatı prinsipləri təyin edilərkən 33 №-li “Səhm üzrə mənfəət” MUBS (IAS 33);
- Pay alətləri əsasında ödəmələr həyata keçirən müəssisələr tərəfindən maliyyə hesabat verməsi müəyyənləşdirilərkən 2 №-li “Pay alətləri əsasında ödəmə” MHBS (IFRS 2);
- digər müəssisələrdə olan iştirak paylarının xarakteri, bu paylarla bağlı risklər, maliyyə vəziyyəti, nəticələri, pul vəsaitlərinin hərəkətində sözügedən iştirak paylarının təsirləri müəyyən edilərkən 12 №-li “Digər müəssisələrdə iştirak paylarının açıqlanması” MHBS (IFRS 12) standartlarından istifadə edilir.
“Nizamnamə (nominal) kapitalı” hesabı üzrə tənzimləmələr
Yuxarıda qeyd edilən Qaydaların 28.1-ci maddəsinə görə ödənilməmiş maliyyə (nominal) kapitalı maddəsi üzrə aşağıdakı hesablar açılır:
301 saylı “Nizamnamə (nominal) kapitalı” hesabında mühasibat uçotu subyektinin nizamnamə (nominal) kapitalı barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Mühasibat uçotu subyektinin nizamnamə (nominal) kapitalının ümumi dəyəri üzrə uçot həmin qaydaların 28.2.-ci bəndilə tənzimlənir.
Geri alınmış kapital (səhmlər) ləğv edilən zaman həmin qaydaların 28.4.-cü bəndi tətbiq edilir.
Uzunmüddətli və qısamüddətli konvertasiya olunan istiqrazlar nizamnamə kapitalına çevrildikdə həmin qaydaların 28.6.-cı bəndi, uzunmüddətli və qısamüddətli öhdəliklər nizamnamə kapitalına çevrildikdə 28.7.-ci bəndinin tələbləri nəzərə alınır.
Məqsədli maliyyələşmələr, daxilolmalar nizamnamə kapitalına çevrildikdə həmin qaydaların 28.8.-ci bəndilə nizamlanır.
Nizamnamə kapitalı ilə bağlı müxabirləşmə nümunələri
Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində bank, kassa hesabına ödəniş edildikdə
Hüquqi şəxsi təsis etmək qərarına gələn Əliyev Əli və Vəliyev Vəli lazımi qurumlara müraciət edərək “A” MMC-nin dövlət qeydiyyatına alınması prosesini tamamlamışdır. 2 paya bölünən nizamnamə kapitalı cəmi 68000 manat təyin olunmuş, müvafiq olaraq, 45000 manatlıq hissəsi bank hesablaşma hesabına, 23000 manatlıq hissəsi isə kassaya mədaxil edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Nizamnamə kapitalının məbləği təyin olunduqda | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 301 – Nizamnamə (nominal) kapitalı | 68000.00 |
2 | Nizamnamə kapitalı bank hesablaşma hesabına ödənildikdə | 223 – Bank hesablaşma hesabları | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 45000.00 |
3 | Nizamnamə kapitalı kassaya ödənildikdə | 221 – Kassa | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 23000.00 |
Nizamnamə kapitalı xalis mənfəət hesabına artırıldıqda
Müəssisə ilin sonunda 250000 manat xalis mənfəət əldə etmişdir. Xalis mənfəətin 30%-lik hissəsi nizamnamə kapitalının artırılmasına yönəldilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Xalis mənfəət formalaşdıqda | 801 – Ümumi mənfəət (zərər) | 341 – Hesabat dövründə xalis mənfəət (zərər) | 250000.00 |
2 | Nizamnamə kapitalının məbləği təyin olunduqda | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 301 – Nizamnamə (nominal) kapitalı | 75000.00 |
3 | Nizamnamə kapitalı xalis mənfəət hesabına artırıldıqda | 341 – Hesabat dövründə xalis mənfəət (zərər) | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 75000.00 |
Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda
“A” MMC-nin təsisçisi 6000 manat dəyərində proqram təminatını nizamnamə kapitalı şəklində qoymuşdur. Proqram təminatının quraşdırılması zaman 500 manat xərc çəkmişdir (ƏDV-siz).
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Nizamnamə kapitalının məbləği təyin olunduqda | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 301 – Nizamnamə (nominal) kapitalı | 6000.00 |
2 | Nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 6000.00 |
3 | Quraşdırma xərcləri kapitallaşdırıldıqda | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 500.00 |
Müəssisənin təsisçisi tərəfindən torpaq, tikili, avadanlıqlar nizamnamə kapitalı şəklində qoyulduqda
“A” MMC-nin təsisçisi 4000 manat dəyərində əsas vəsaiti nizamnamə kapitalı şəklində qoymuşdur. Bu əsas vəsait quraşdırılan zaman 700 manat xərc çəkmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Nizamnamə kapitalının məbləği təyin olunduqda | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 301 – Nizamnamə (nominal) kapitalı | 4000.00 |
2 | Nizamnamə kapitalı şəklində torpaq, tikili və avadanlıq qoyulduqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi | 4000.00 |
3 | Quraşdırma xərcləri kapitallaşdırıldıqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 700.00 |