Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə müddətlər

posted in: Xəbər | 0
birbank biznes

Ödəmə mənbəyində tutulan vergi xərclər nəzərə almadan müəyyən gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasıdır. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə təqdim edilmə müddətləri Azərbaycan Respublikası  Vergi Məcəlləsinin 150-ci maddəsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə əsasən ödəmə mənbəyində vergitutma zamanı vergilər bilavasitə gəlir əldə edən şəxs tərəfindən deyil, bu gəliri ödəyən, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada üzərilərinə vergi agenti vəzifələri qoyulan,  vergi orqanlarında qeydiyyatda olan fərdi sahibkarlar, habelə hüquqi şəxslər tərəfindən tutulur, bəyan edilir, büdcəyə ödənilir.

Bəyannaməni rüb bitdikdən sonra təqdim edən şəxslər

Vergi Məcəlləsinin 150.3.3-cü maddəsinə görə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi aşağıdakı hallarda rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmamaqla təqdim edilir:

  • muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və xüsusi notariuslar;
  • dövlət təminatı əsasında verilən pensiyalar istisna olmaqla , digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər yaxud sahibkarlar;
  • hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər, faizlər ödəyən hüquqi şəxslər yaxud sahibkarlar;
  • vergi ödəyicisi kimi uçotda olmayan, VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətlərə (işlərə) görə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər və ya fərdi sahibkarlar.
  • “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununa uyğun olaraq vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu.

Aşağıdakı hallarda da ödəmə mənbəyində tutulan vergi bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq qaydada verilməlidir:

  • ödəmə mənbəyində icarə haqlarından və royaltidən tutulan məbləğlər üzrə;
  • qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində verginin tutulduğu halda;
  • qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulduqda;
  • sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar (Məcəllənin 2 maddəsi nəzərə alınmaqla).

Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən mallara görə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən edilən ödənişdən ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamə də yuxarıda qeyd edilən müddətdə təqdim edilir.

VM-in 150.3-6 maddəsi ilə müəyyən edilən şəxslər də rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim etməyə börcludurlar.

Bəyannamənin hesabat ayından sonrakı ayın 20-dən gec olmamaqla verilməsi

Aşağıdakı şəxslər tərəfindən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş formada və qaydada  təqdim edilir:

  • notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları (hesablanmış sadələşdirilmiş vergi məbləği haqqında);
  • idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan, müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər;
  • idman mərc oyunlarından, lotereyalardan, digər yarışlardan, müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər,
  • yuxarıda qeyd edilən gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı yaxud poçt rabitəsinin milli operatoru;
  • hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı yaxud poçt rabitəsinin milli operatoru;

Habelə, Məcəllənin 150.3-5 maddəsində qeyd edilən şəxslər də (ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlak ipoteka saxlayan tərəfindən əldə edildikdə) hesabladıqlari vergi məbləğinə görə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini hesabat ayından sonrakı ayın 20-dən gec olmamaqla təqdim edirlər.


Print Friendly, PDF & Email