Ödəmə mənbəyində vergi nədir?
Vergilər dövlətin hakimiyyətinin öz ehtiyaclarını ödəmək üçün zəruri olan ən ucuz vasitələrdən biridir. Verginin toplanması müxtəlif formalarda həyata keçirilir və ölkələrə görə fərqlənə bilər. Onlardan biri də ödəmə mənbəyində vergi (ÖMV) tutulmasıdır.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 5-ci maddəsi üç vergitutma forması müəyyən edir:
- mənbədən;
- bəyannaməyə görə;
- vergi qurumlarının bildirişi əsasında.
Bir sıra gəlirlər (yaxud mənfəət) bilavasitə mənbədə, yəni gəlir əldə edilənədək vergilənir. AR VM-ə görə ödəmə mənbəyində vergi ayrıca vergi növü deyil, müəyyən gəlir vergisi ödəyicilərinə xərclər nəzərə alınmadan tətbiq olunan vergitutma formasıdır.
ÖMV-nin ödəyiciləri
Ödəmə mənbəyində verginin ödəyicisi bilavasitə gəliri əldə edən deyil. Onun tutulması, bəyan edilməsi və ödənilməsi vəsait köçürülərkən gəliri ödəyən, Məcəlləyə əsasən üzərinə vergi agenti vəzifəsi qoyulan, qeydiyyata alınmış fərdi sahibkar və hüquqi şəxslər tərəfindən həyata keçirilir.
Vergitutma obyekti
AR VM-in 96.1-ci maddəsinə əsasən ÖMV üzrə “vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir”.
Ödəmə mənbəyində vergi tutulan gəlirləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- respublika daxilində ödəmə mənbəyində tutulan vergilər – vergi ödəyicisi olmayan şəxslərin gəlirlərinə rezident müəssisələr tərəfindən tətbiq olunur;
- qeyri-rezident şəxslər üzrə ödəmə mənbəyində tutulan vergilər – rezident vergi ödəyicisinin qeyri-rezident hüquqi şəxslərin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinə (belə gəlirlər haqqında bax: AR VM, maddə 13.2.16) tətbiq olunur.
ÖMV tətbiq edilən gəlirlərin növləri
Bəzi gəlirlərin bəyannamə, yaxud bildirişlə tutulması məqsədəuyğun olmur. Məsələn, muzdlu işə görə gəliri olan şəxslərin belə gəlirindən vergini ödəmə mənbəyindən tutmasaydılar, muzdlu işdən gəlir əldə edən hər bir şəxs:
- vergi uçotuna durmalı, yaxud;
- bəyannamə təqdim etməli idi.
Bu isə praktik olaraq mümkün deyil.
Sığorta ilə bağlı gəlirlər – üç ildən artıq müddətə bağlanan, amma müqavilə daha tez xitam verilmiş pensiya və həyatın yığım sığortası üzrə ödəmə mənbəyində verginin tutulması tətbiq edilir.
Qaytarılan sığorta haqları, qeyri-dövlət pensiyaları, VÖEN-siz şəxsə ödənilən iş və xidmətlərə görə haqq üzrə ödəmə mənbəyində tutulan vergi üzrə vergi dərəcələrinin tətbiqi oxşardır və burada şərh olunub.
Digər sığorta haqlarından ödəmə mənbəyində vergi tutulması haqqında buraya keçid etməklə tanış olmaq olar.
Digər nümunə kimi gəliri yalnız icarədən olan fiziki şəxsləri aid etmək olar. Tətbiq edilən vergi dərəcəsi 14%-dir. Eyni faiz dərəcəsi royaltidən ödəmə mənbəyində verginin tutulan daimi nümayəndəliyi olmayan qeyri-rezidentlər və fiziki şəxslərlə münasibətdə tətbiq olunur. ÖMV-nin tətbiqi royalti alıcısı olan fiziki şəxsin vergi öhdəliyini tam yerinə yetirməsi sayılır. Həmin şəxs bu gəlirini bəyan etmir.
Aşağıda qeyd edilən digər hallarda da ödəmə mənbəyində vergi tətbiq olunur:
Dividend gəliri – bəyan edilmədən ödəmə mənbəyində vergi tutulur, sonradan vergiyə cəlb olunmur;
Faiz gəlirləri, məsələn fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz məbləğləri. Faizlər üzrə gəlirlərin vergiyə cəlb edilməsi zamanı müəyyən məhdudlaşmalar tətbiq oluna bilər ki, onlar haqqında da buradan oxumaq olar;
Daşınmaz əmlakın təqdim edilməsi, idman mərc oyunları, lotereyalar, yarış və müsabiqələrdən əldə edilən uduşlar, habelə hüquqi şəxslərə və fərdi sahibkarların bank hesabından aldıqları nağd pul vəsaitlərindən də ödəmə mənbəyində vergi tutulur.
Qeyri-rezidentlərin ödəmə mənbəyində gəlirləri
Qeyri-rezident hüquqi şəxslərin və fərdi sahibkarların Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən rezident vergi ödəyiciləri tərəfindən müvafiq vergilər tutulur, bəyan edilir və büdcəyə ödənilir. Bu mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov vergiler.az saytına şərh edib. Həmin şərhi dıqqətinizə çatdırırıq:
“Vergi Məcəlləsinin 13.2.16.14-1 maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. Ona görə də bu cür əməliyyatlar ödəmə mənbəyindən tutulan vergi məqsədləri baxımından vergitutma obyekti kimi qəbul edilir.
Misal: Tutaq ki, “A” MMC-yə Çin şirkətindən təklif gəlir ki, digər ölkədəki şirkətdən aldığı malı Çində yerləşən bir şirkətdən daha ucuz qiymətə alsın. Bu halda, nəzərə almaq lazımdır ki, Çin şirkətlərinin əksəriyyəti bank hesablarını güzəştli vergi tutulan vergi ölkəsi siyahısına daxil edilmiş Honkonqdakı banklarda açırlar, bəzi şirkətlərin isə özləri Honkonqda təsis edilirlər. Bu o deməkdir ki, “A” şirkəti malın haradan alınması barədə qərar qəbul edərkən Çin şirkətinin təklif etdiyi qiymətə büdcəyə ödəyəcəyi 10 faizlik vergini də əlavə etməli olduğunu nəzərə almalıdır. Əks halda, vergi xidməti bu əməliyyat üzrə verginin ödənilməsini aşkar etdikdə həmin vergi öhdəliyi, üstəlik də 50 faizlik maliyyə sanksiyası hesablayacaq. Ölkədə fəaliyyət göstərən bankların hər ay güzəştli vergi tutulan ölkələrə edilən köçürmələr barədə Dövlət Vergi Xidmətinə məlumat verdiyini nəzərə alsaq, belə əməliyyatların gözdən yayınmağna ümid etmək böyük səhv olar.
Vergi Məcəlləsinin 128.2 maddəsinə əsasən, güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha az olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Həmin ölkələrin siyahısı hər il müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Hazırda qüvvədə olan siyahıya 40 ölkə, o cümlədən Honkonq, Lixtenşteyn, Monako, Panama kimi ölkələr daxildir. Siyahının tam variantı ilə Dövlət Vergi Xidmətinin internet saytında tanış olmaq mümkündür.”
Qeyri-rezidentlərə ödənilən gəlirlərə fərqli – 4, 6, 10 faiz dərəcələrlə ödəmə mənbəyində gəlir tətbiq edilə bilər. Bəs bunların hansı, nə vaxt tətbiq olunur? Bu bir az geniş mövzudur, onun şərhi bizim başqa məqaləmizdə verilib.
ÖMV-nin digər növləri
Sözün qısası, gəlirin əldə edildikdən sonra yaxud əldə edilməsi anınadək vergilənməsi:
- vergi inzibatçılığı, vergi strategiyasının bir hissəsidir;
- ümumi vergitutma məsələlərini optimallaşdırmaq üçün bu və ya digər formada tətbiq olunur.
Sadələşdirilmiş vergi də, bəzi hallarda, ödəmə mənbəyində tutula bilər. Bunu biz “Hansı hallarda sadələşdirilmiş vergi ödəmə mənbəyində tutulur?” adlı məqaləmizdə şərh etmişik.
Yuxarıda qeyd edilən ödəmə mənbəyində vergi tutulması (ÖMV) halları ilə saytımızın digər məqalələrində daha ətraflı məlumat verilib.