302 saylı “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Nizamnamə kapitalına qoyuluşlar

Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi üzrə məbləğlər Hesablar Planının 30-cu maddəsinin “Ödənilmiş nizamnamə (nominal) kapitalı”) 302-ci hesabı üzrə uçota alınır. Nizamnamə kapitalı müəssisə təsis edilən zaman təsisçi (sahibkar) tərəfindən qoyulan ilkin kapitaldır, müəssisənin fəaliyyətinin sonrakı mərhələlərində qanunvericiliklə müəyyən edilmiş qaydada və mənbələrdən artırıla bilər. Nizamnamə kapitalına pul vəsaitləri, əşya, maliyyə aktivləri formasında edilə bilər. Qeyri-pul formasında edilən qoyuluşların qiymətləndirilməsi təsis yığıncağının qərarı əsasında həyata keçirilir.

Məhdud məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalı onun nizamnaməsinə uyğun paylara bölünür və kreditorlar qarşısında öhdəliklərin təminatı kimi çıxış edir. Səhmdar cəmiyyətində bu kapital səhmdarların səhmlərinin nominal dəyəridir. Nizamnamə kapitalına edilən qoyuluşlar, onların formaları AR Mülki Məcəllənun 90-cı maddəsi ilə tənzimlənir.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”–na uyğun olaraq ödənilmiş nizamnamə (nominal) kapitalı maddəsi üzrə aşağıdakı hesablar açıla bilər (Qaydalar/28.1).Ödənilmiş nizamnamə (nominal) kapitalı üzrə açılan hesablar: Nizamnamə (nominal) kapitalı və Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi

302 saylı hesab uçotun MUBS-a uyğun tənzimlənməsi

Nizamnamə kapitalına qoyuluşların uçotu zamanı səhmlər üzrə mənfəət müəyyən edilməsi, onların təqdimatı prinsipləri 33 saylı “Səhm üzrə mənfəət” MUBS (IAS 33)  əsasında tənzimlənir.

Mühasibat xidmətləri

Pay alətləri əsasında ödəmələr həyata keçirən müəssisələr tərəfindən maliyyə hesabatları üzrə əsas prinsiplərin müəyyən edilməsi 2 saylı “Pay alətləri əsasında ödəmə” MHBS (IFRS 2)  üzrə aparılır.

Mühasibat uçotu subyektlərinin digər müəssisələrdə olan iştirak paylarının xarakteri, bu paylarla bağlı risklər, maliyyə vəziyyəti, nəticələri, pul vəsaitlərinin hərəkətində sözügedən iştirak paylarının təsirləri müəyyən edilərkən 12 №-li “Digər müəssisələrdə iştirak paylarının açıqlanması” MHBS (IFRS 12) standartlarından istifadə edilir.

“Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabı üzrə tənzimləmələr

302 saylı “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabı kapital hesabıdır. Hesabda mühasibat uçotu subyekti tərəfindən nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi haqqında məlumatlar ümumiləşdirilmiş şəkildə uçota alınır.

Mühasibat uçotu subyektinin nizamnamə (nominal) kapitalının ümumi dəyəri müəyyən edildikdə həmin qaydaların 28.2.-ci bəndi nəzərə alınır.

Mühasibat uçotu subyektinin səhmlərinin nominal dəyərinin ödənişi həmin qaydaların 28.3.-cü bəndi ilə nizamlanır.

Uzunmüddətli, qısamüddətli konvertasiya olunan istiqrazlar nizamnamə kapitalına çevrildikdə həmin qaydaların 28.6.-cı bəndi, uzunmüddətli, qısamüddətli öhdəliklər nizamnamə kapitalına çevrildiyi zaman isə 28.7.-ci bəndi tətbiq edilir.

Məqsədli maliyyələşmələr, daxilolmalar nizamnamə kapitalına çevrildikdə həmin qaydaların 28.8.-ci bəndini tələbləri nəzərə alınır.

Nizamnamə kapitalı ilə bağlı müxabirləşmə nümunələri

Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində bank, kassa hesabına ödəniş edildikdə

Hüquqi şəxsi təsis etmək qərarına gələn Əliyev Əli və Vəliyev Vəli lazımi qurumlara müraciət edərək “A” MMC-nin dövlət qeydiyyatına alınması prosesini tamamlamışdır. 2 paya bölünən nizamnamə kapitalı cəmi 68000 manat təyin olunmuş, müvafiq olaraq, 45000 manatlıq hissəsi bank hesablaşma hesabına, 23000 manatlıq hissəsi isə kassaya mədaxil edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 68000.00
2 Nizamnamə kapitalı bank hesablaşma hesabına ödənildikdə 223 – Bank hesablaşma hesabları 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 45000.00
3 Nizamnamə kapitalı kassaya ödənildikdə 221 – Kassa 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 23000.00

Səhmlərin buraxılması nəticəsində nizamnamə kapitalı formalaşdıqda

“A” ASC hər birinin dəyəri 2000 manat olmaqla 15 ədəd səhm buraxmışdır. Həmin səhmlər buraxılış dəyərilə satılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 30000.00
2 Nizamnamə kapitalı bank hesablaşma hesabına ödənildikdə 223 – Bank hesablaşma hesabları 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 30000.00

Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda

“A” MMC-nin təsisçisi 6000 manat dəyərində proqram təminatını nizamnamə kapitalı şəklində qoymuşdur. Bu Qeyri-maddi aktivi quraşdıran zaman 500 manat xərc çəkmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 6000.00
2 Nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 6000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 500.00

Müəssisənin təsisçisi tərəfindən torpaq, tikili, avadanlıqlar nizamnamə kapitalı şəklində qoyulduqda

“A” MMC-nin təsisçisi 4000 manat dəyərində əsas vəsaiti nizamnamə kapitalı şəklində qoymuşdur. Bu əsas vəsait quraşdırılan zaman 700 manat xərc çəkmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 4000.00
2 Nizamnamə kapitalı şəklində torpaq, tikili və avadanlıq qoyulduqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 4000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 700.00

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?