Ödənişsiz məzuniyyət hüququ və ondan istifadə

posted in: Xəbər | 0
birbank biznes

Ödənişsiz məzuniyyət nədir?

İstirahət vaxtının ən mühüm və əhəmiyyətli hissəsi olan məzuniyyətlərin təyinatına görə bir neçə növü var. İllik əsas əmək məzuniyyəti, habelə əlavə ödənişli məzuniyyətlə yanaşı, işçilərin ödənişsiz məzuniyyət hüququ da var. Onu həm də öz hesabına məzuniyyət də adlandırırlar.

Digər məzuniyyət növlərində olduğu ki, ödənişsiz məzuniyyətdə də işçinin müvəqqəti işdə olmadığı müddətdə iş yeri, vəzifəsi saxlanılır, lakin əməkhaqqı ödənilmir.

Məzuniyyətə çıxan işçi işəgötürənə öz hesabına məzuniyyət ərizəsi təqdim edir. AR Əmək Məcəlləsində ödənişsiz məzuniyyət üçün ərizə forması verilməyib, amma onu yazarkən məzuniyyətin səbəbi, başlanğıcı və müddəti göstərilməlidir.

Ödənişsiz məzuniyyət və Əmək Məcəlləsi

Ödənişsiz məzuniyyətlərin verilməsi qaydası AR Əmək Məcəlləsinin iyirminci fəsli ilə tənzimlənir. Məcəllənin 128-ci maddəsi  İşçinin öz hesabına məzuniyyətdən istifadənin aşağıdakı hallarını müəyyən edir:

  • ailə, məişət, digər sosial məsələlərin həlli zamanı;
  • təhsil, yaradıcı elmi işlə məşğul olduqda;
  • yaşından, fizioloji keyfiyyətlərindən asılı olaraq  işdən müvəqqəti uzaqlaşmaq məcburiyyəti  yarandıqda.

129-cu maddəyə görə ödənişsiz məzuniyyət işçinin istəyi yaxud tərəflərin qarşılıqlı razılığı əsasında verilə bilər. Hər iki halda işçi öz hesabına məzuniyyət ərizəsi təqdim etməlidir.

AR Əmək Məcəlləsinə əsasən ödenişsiz məzuniyyətin 3 növünü fərqləndirmək olar:

  • işçinin xahişi, tərəflərin razılığı ilə təyin edilən məzuniyyətlər;
  • kollektiv müqavilələrdə müəyyən olunan qaydalara uyğun verilən məzuniyyətlər;
  • əmək müqavilələrinin şərtlərinə uyğun və tərəflərin müəyyən etdiyi şərtlər əsasında verilən məzuniyyətlər.

İşçinin yazdığı ödənişsiz məzuniyyət üçün ərizə forması özündə məzuniyyətin səbəb və müddətlərini əks etdirməlidir. İşçinin istəyinə görə öz hesabına məzuniyyətin verilmə səbəbləri, ödənişsiz məzuniyyətin müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsi ilə tənzimlənir.

Ödənişsiz məzuniyyətlərin müddəti

Xroniki xəstəliyi  olan uşağın valideynlərinə, yaxud  uşağa qulluq edən digər ailə üzvünə həkim komissiyasının rəyinə əsasən 4 yaşına qədər verilən ödənişsiz məzuniyyət verilə bilər.

14 günlük müddətə ödənişsiz məzuniyyət hüquq olan şəxslərə aşağıdakılar aiddir:

  • həyat yoldaşı doğum  məzuniyyətində olanlar;
  • 16 yaşdan kiçik övladı olan qadınlar, ya da tək valideynlər, qəyyumlar;
  • müharibədə döyüşmüş  işçilər;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü zamanı xəsarət alan işçilər;
  • immunçatışmazlıq virusu olan uşaqları böyüdən, həmçinin 18 yaşdan kiçik sağlamlıq imkanları məhdud övladı olan valideynlər;
  • ali məktəblərdə qəbul imtahanlarına  buraxılan işçilər;
  • müəlliflərə, etdikləri ixtiranın, ya da səmərələşdirici təklifin tətbiqi zamanı;
  • xəstə ailə üzvünə qulluq edən qohumlardan biri – tibb müəssisəsinin rəyinə əsasən;
  • 18 yaşı tamam olmayan əlil övladı olanlar.

Aşağıdakı şəxslər 7 günlük müddətdə öz hesabına məzuniyyət götürə bilir:

  • orta ixtisas müəssisələrinə imtahanların verilməsi məqsədilə;
  • ailə, məişət, digər sosial məsələlərin həlli üçün.

Əlil işçilərin, habelə doktoranturada təhsili alanların 1 aylıq öz hesabına məzuniyyət hüququ var.

Əgər məzuniyyət üçün müraciət işəgötürən tərəfindən verilən ödənişsiz məzuniyyət üçün ərizə formasında edildikdə də müddət mütləq göstərilməlidir.

Ödənişsiz məzuniyyətin verilmə qaydası

AR-nın Seçki Məcəlləsinə uyğun olaraq qeydiyyatdan keçmiş namizədlərə həmin qeydiyyat tarixindən seçkilərin nəticələrinin rəsmi şəkildə bildirildiyi günədək ərizələrində göstərilən müddətdə məzuniyyətin verilməsi təmin edilməlidir. Bu zaman Seçki Komissiyasının verdiyi arayış əsas sənəd kimi nəzərə alınmalıdır.

İşçi  öz hesabına məzuniyyət ərizəsi yazdıqda, işəgötürən onun bu xahişini təmin etməyə borcludur. Məzuniyyət işçiyə cari iş ilində həm əmək məzuniyyətindən əvvəl, həm də sonra verilə bilər. Məzuniyyətdə olan işçilərin geri çağrılması yalnız onların razılığı olduqda həyata keçirilə bilər. İşçi  ödənişsiz məzuniyyət almaq istədikdə, lazım olan ərizə ilə birgə səbəbi təsdiq edən sənəd də təqdim etməlidir.  Məzuniyyətin maksimum müddəti ilə yanaşı icazə verilmiş dövriliyi də nizamlanır. Həmin dövrülük ƏM-nin 130-cu maddəsinə əsasən bir təqvim ili deyil,  bir iş ili kimi nəzərdə tutulur.

Nümunə 1: 2020-ci il 5 sentyabrda işə başlayan işçinin iş ili 5 sentyabr 2020 – 4 sentyabr 2021 müddətində təyin olunur. 2 iyun 2021 tarixdə 7 günlük ödənişsiz məzuniyyətə buraxılan işçi yenidən 15 oktyabr 2021 tarixində məzuniyyət götürmək istəyir. Bəzi hallarda işəgötürən həmin təqvim ilində olduğuna görə işçinin məzuniyyətdən istifadəsinə razılıq vermir. Lakin, ƏM-nin 130-cu maddəsində təqvim ili deyil, iş ili nəzərdə tutulduğu üçün işçinin növbəti ödənişsiz məzuniyyəti ikinci iş ilinə təsadüf etmiş olacaqdır.

İşçi  il ərzində bir neçə ödənişsiz məzuniyyətdən ayrı-arılıqda istifadə hüququna malikdir. Məzuniyyətlərin bir iş ilindən digərinə keçirilməsi mümkün deyildir. Ona görə də işçi əvvəlki  ilə görə olan məzuniyyəti tələb edə bilməz.

Bəzən işçinin daha uzun müddətə ödənişsiz məzuniyyət götürmək məcburiyyəti yaranır. Bu hər iki tərəfin razılığı əsasında təmin edilə bilər, bir şərtlə ki, müddət 6 aydan çox olmasın. Qeyd edək ki, Əmək Məcəlləsində belə uzun müddətli ödənişsiz məzuniyyətin sayına bir iş ili üçün məhdudiyyət yoxdur.

Ödənişsiz məzuniyyətin rəsmiləşdirilməsi

İşçinin məzuniyyət hüququ onun xahişi və tərəflərin qarşılıqlı razılığına əsasən təmin olunur. Rəsmiləşdirmə AR Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən aparılır. İşçi işəgötürənə öz hesabına məzuniyyət ərizəsi təqdim edir. İşəgötürən ərizə əsasında ödənişsiz məzuniyyət əmri hazırlayır. Məzuniyyətin təyini üçün işçilərin müvafiq əmək stajına malik olması tələb olunmur.

Ödənişsiz məzuniyyət üçün ərizə forması, əmr nümunəsi və onların doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz.  Unutmayın ki, bunlar bir nümunədir, onları sərbəst şəkildə də hazırlamaq olar, amma yazılış zamanı qanunvericiliyin tələblərinə əməl etmək, müəyyən göstəriciləri əks etdirmək vacibdir.

Ödənişsiz məzuniyyət verilərkən hesablamalar

Məzuniyyətin verildiyi zaman işəgötürən tərəfindən işçiyə heç bir ödəniş edilmir. Amma, müəyyən hallarda işçiyə ödəniş məzuniyyətə çıxdığı tarixədək işlədiyi iş günlərinə görə əməkhaqqı hesablanıb verilə bilər.

Nümunə 2: Əgər oktyabr ayının 22-24 tarixində 3 günlük məzuniyyət götürülüb və vəzifə maaşı 600 manat təşkil edərsə o zaman aparılan hesablamaya baxaq.

Nəzərə alaq ki, oktyabr ayında 23 iş günü vardır.

(600 manat / 23) x 20 = 521,72 manat

Əməkhaqqı toplam iş günlərinin sayına bölünərək alınan nəticə işlədiyimiz iş günlərinin sayına vurulur.

Print Friendly, PDF & Email