Pay və səhmlərin satışında mənfəət vergisi necə hesablanır?

posted in: Xəbər | 0
birbank biznes

Mənfəət hesablanması, mənfəət vergisi, pay və səhmlərin satışı,Kapital nədir?

Vergi Məcəlləsi kapitalı aktivlərdən öhdəliklərin hamısını çıxdıqdan sonra yerdə qalan xalis aktivlərin dəyəri kimi müəyyən edir (maddə13.2.74). Kapitalın tərkibini isə aşağıdakı formada təsvir edə bilərik:

Kapital = nizamnamə kapitalı + bölüşdürülməmiş mənfəət

Təsərrüfat ortaqlıqları (cəmiyyətləri) onların nizamnaməsi ilə müəyyən edilmiş nizamnamə kapitalının olduğunu bilirik. Təsərrüfat cəmiyyətində nizamnamə kapitalı payların dəyəri formasında, səhmdar cəmiyyətində isə səhmlərin dəyəri formasında əks etdirilir. Belə cəmiyyətlərin iştirakçıları öz paylarını (səhmlərini) həmin cəmiyyətin digər iştirakçılarına və 3-cü şəxslərinə satmaq hüququna malikdir. Nizamnamə ilə müəyyən edilmiş bu payların satılması zamanı vergitutma obyektinin düzgün müəyyən edilməsi zəruridir.

Payların (səhmlərin) satışı zamanı vergidən yayınma hallarının qarşısını almaq məqsədilə vergi qanunvericiliyində xalis aktivlərin dəyəri, mütənasib dəyər anlayışı vasitəsi ilə təyin edilir. Belə ki, payların (səhmlərin) satışı zamanı vergitutma obyekti müəyyən edilərkən müəssisənin təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilmiş xalis mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilmiş, yaxud yönəldilməmiş olması faktı nəzərə alınmalıdır. Bu, vergi ödəmədən dividendlərin götürülməsi halının yaranmasının qarşısını alır.

Biz qısa olsun deyə, “paylar” ifadəsindən istifadə edəcəyik, yəni pay haqqında dediklərimiz səhmə də aiddir.

Payların (səhmlərin) satışı zamanı mənfəətin hesablanması

İştirak paylarının satışı zamanı vergitutma obyektini müəyyən etmək üçün yalnız satış qiymətinə deyil, xalis aktivlərin paya mütənasib dəyəri anlayışına da diqqət edilir (VM 104.6)

Verginin hansı məbləğdən hesablanacağını bilmək üçün ya payın satış qiymətindən öz dəyərini (bir növ maya dəyəri – buna nominal dəyər deyilir), ya da xalis aktivlərin dəyərindən nominal dəyərini çıxmalıyıq.

Müəssisənin bölüşdürülməmiş mənfəəti vardırsa, o da nəzərə alınmalıdır. Çünki mühasibat uçotunun 343-cü hesabında əks etdirilən bölüşdürülməmiş mənfəət, əslində, təsisçilər yığıncağının qərarı əsasında nizamnamə kapitalının artırılmasına, yəni elə payların dəyərinin artırılmasına yönəldilə bilərdi.

Məhz bu prizmadan yanaşaraq vergi qanunvericiliyi tələb edir ki, xalis aktivlərin mütənasib dəyəri satış qiymətindən yuxarı olarsa nominal dəyər həddi satış qiymətindən deyil, mütənasib dəyərdən azaldılsın. Əks olduqda isə satış qiyməti əsas götürülməlidir. Bunu aşağıdakı düsturla da ifadə edə bilərik:

Mütənasib dəyər / satış qiyməti – Nominal dəyər = Mənfəət

Bütün bunları sadə dildə necə ifadə etmək olur? Gəlin aşağıdakı nümunələrə baxaq.

Mütənasib dəyər necə tapılır?

Məsələn, sizin kapitalınız 10000 manatdır. Bunun 6000 manatı nizamnamə kapitalı, (6 pay, hər biri 1000 azn olmaqla), 4000 manatı isə bölüşdürülməmiş mənfəətdir.

Qeyd etdiyimiz kimi, VM kapitalı xalis aktivlərin dəyəri kimi xarakterizə edir, yəni bizim nümunədə xalis aktivlərin də dəyəri 10000 manatdır. Həmin məbləği payların sayına bölməklə mütənasib dəyəri tapmaq olar:

10000 / 6 = 1666.7

Bu, o deməkdir ki, əslində bölüşdürülməmiş mənfəət 4000 manat bölüşdürülsəydi payın birinin nominal dəyəri 1666.7 manat olacaqdı.


 Dividend gəlirlərinizin düzgünlüyünə əmin olmaq istəyirsiniz? Müraciət edin!


Payı həmin dəyərdən yuxarı satsanız aşağıdakı riyazi düsturun azalan yerində satış qiymətini, aşağı satsanız mütənasib dəyəri yazmalısınız. Çıxılan və fərq isə həmişə müvafiq olara nominal dəyər və mənfəətdir.

Mütənasib dəyər / satış qiyməti – Nominal dəyər = Mənfəət

Nümunəyə baxaq:

Nümunə 1: “A” MMC-nin nizamnamə kapitalı 3600 manat təşkil edir (3 pay hər biri 1200 manat). Əlavə olaraq ötən ildən 2100 manat bölüşdürülməmiş mənfəətə sahibdir. Payların 2-si bir şəxsə, digəri başqa bir şəxsə məxsusdur.

Birinci şəxs 2 payından birini 1500 manata satır. Digər iştirakçı isə öz payını başqa bir şəxsə 2200 manata satır. Hər ikisinin vergi tutulan mənfəətini hesablayaq.

Birinci şəxs üçün :

Xalis aktivlərin dəyəri = 3600 + 2100 = 5700 manat.

Xalis aktivlərin paylara mütənasib dəyəri : 5700 / 3 = 1900 manat.

Mənfəət  = 1900 – 1200 = 700 azn.

İkinci şəxs üçün :

Xalis aktivlərin dəyəri = 3600 + 2100 = 5700 manat.

Xalis aktivlərin paylara mütənasib dəyəri : 5700 / 3 = 1900 manat.

Mənfəət  = 2200 – 1200 = 1000 azn.

Birinci şəxs payların hər birini xalis aktivlərin paylara mütənasib dəyərindən aşağı qiymətə satdığından mənfəət mütənasib dəyərdən, ikinci şəxs, isə əksinə, yuxarı qiymətə satdığından satış qiymətindən çıxılmaqla hesablanır.


Print Friendly, PDF & Email